12px14px16px18px

Misir Mərdanov: “Əsl müəllim tarix boyu xalqın milli sərvəti kimi dəyərləndirilib”

Sevinc QARAYEVA
00:54 / 10.03.2012
İnsanın şəxsiyyət kimi formalaşmasında, onun təhsil və inkişafında müəllimin rolu danılmazdı. Bütün dövrlərdə müəllim peşəsinin əhəmiyyəti, şərəfliliyi, yüksəkliyi barədə müdrik kəlamlar söylənmişdi. Müqəddəs “Qurani-Kərim” biliyə yiyələnməyin ilk yolunu oxuyub yazmaqda, öyrənməkdə görür. Məhəmməd Peyğəmbər buyururdu ki, elm çöldə dostumuz, tənhalıqda munisimiz, köməksizlikdə yoldaşımız, xoşbəxtlik yolunu göstərənimiz, dostlar arasında zinətimiz, düşmənlər arasında silahımızdır. Elmi biliklərə yiyələnmək Allahın yanında oruc tutmaqdan, namaz qılmaqdan, Həccə getməkdən də üstündür. Başqa bir hədisində Məhəmməd Peyğəmbər alimləri yer üzünün çırağı, nuru adlandırır, biliyi bilməyənlər arasında yaymağı ən böyük sədəqə hesab edir, bilikli adamın üzünə baxmağı, onunla oturub – durmağı ibadət sayır, bilik öyrədən və bilik öyrənən arasında xoş münasibəti vacib hesab edirdi: “Kimdən bilik öyrənirsinizsə, ona hörmət edin, ona qarşı mehriban olun. Kimə bilik öyrədirsinizsə, ona qarşı da mehriban olun”. Dünyanın fatehi Makedoniyalı İsgəndər öz müəllimi Aristotel haqqında demişdir: “Valideynlərim məni göydən yerə endirdi, müəllimim isə yerdən göyə qaldırdı”. Təhsil naziri Misir Mərdanovun sözlərinə görə, müxtəlif dövrlərdə yaşamış müdriklərin müəllim haqqında deyimləri göstərir ki, tarix boyu əsl müəllim xalqın milli sərvəti kimi dəyərləndirilib. Cəmiyyətin gələcək inkişaf mərhələlərində hansı dəyərlərin əsas kimi qəbul ediləcəyini, hansı yeni dəyərlərin yaranacağını indidən demək çətindir. Lakin bir şey aydındır ki, müəllim və şagirdlər həmişə olub və qətiyyətlə demək olar ki, yeganə dəyərdir ki, zamandan asılı olmayaraq, daim olacaqdır. Çünki insan bilik və təcrübənin yeni nəsillərə ötürürülməsi ilə sivilizasiyanın yüksək zirvəsinə çata bilər. Həmin təcrübəni nəsillərə ötürmək missiyası isə müəllimin üzərinə düşür, müəllim gələcəyə yol açır. Müəllim peşəsini digərlərindən fərqləndirən daha bir cəhət ondan ibarətdir ki, bütün insanlar müəllimdən öyrənir. Elə bir insan tapılmaz ki, onun müəllimi olmasın. Dünyanı dəyişən, idarə edən, tarixi yaradan dahi şəxsiyyətləri də müəllim yetişdirmişdir: “Müəllimlik yeganə peşədir ki, həyatda onun heç bir alternativi yoxdur. Düşünürəm ki, zaman keçəcək, on illər, yüz illər ötəcək, cəmiyyət və həyat daha yüksək inkişaf mərhələsinə çatacaq, lakin müəllim peşəsi yenə də bütün peşələrin zirvəsində dayanacaqdır. İnsanlar nə üçün çox çətin olan müəllim peşəsini seçirlər? Fikrimcə, bu sualın əsl müəllimlərin sayı qədər cavabı vardır. Lakin aydın olan odur ki, həmin insanlar müəllim kimi doğulurlar, sonradan onu arzu edirlər və talelərini bu peşəyə bağlayırlar. Təsadüfi deyildir ki, əsl müəllimlər üçün başqa peşə olmur, onlar heç bir zaman öz peşələrini dəyişə bilmirlər. Uzun müddət təhsil sistemində çalışan bir şəxs kimi müəllimlərlə tez-tez ünsiyyətdə oluram, müxtəlif tədbirlərdə onları dinləyirəm, müxtəlif məsələləri müzakirə edirəm, müəyyən problemlərlə bağlı rəylərini öyrənirəm. Məktəbdə müəyyən müddət işləmiş və təcrübə əldə etmiş müəllimlər qeyd edirlər ki, pedaqoji fəaliyyətin əsasını təşkil edən həlledici amil şagirdləri və öz işini sevməkdir. Kimin ki, ürəyində uşaqlara məhəbbət hissi yoxdur, o, müəllim işləməməlidir. Düşünürəm ki, uşaqlara böyük məhəbbətlə yanaşı, daim yeni biliklər əldə etmək həvəsi, öyrənmək və özünü təkmilləşdirmək səyləri, mənəvi inkişaf müəllimin əsas xüsusiyyətləri olmalıdır. Bu baxımdan rus pedaqoqu Anton Rubinşteynin fikirləri çox maraqlıdır: “Əgər bircə gün öyrənmirəmsə – bunu özüm hiss edirəm, əgər iki gün öyrənmirəmsə, bunu mənə yaxın olanlar hiss edirlər, əgər üç gün öyrənmirəmsə – bunu hamı hiss edir”. Müəllimin əlində digər peşə sahiblərindən heç birində olmayan bir imkan vardır, həyatın dərk edilməsi və biliklərin əldə olunması yolunda öz şagirdi ilə yanaşı getmək, onunla bərabər öyrənmək və kamilləşmək. Müəllim unutmamalıdır ki, onun qarşısında ətrafdakı hadisələri öyrənməyə çalışan və bütün bunları öz prizmasından keçirib dərk etmək istəyən, geniş açılmış, alışıb – yanan gözlərini müəllimə dikən balaca bir varlıq dayanmışdır. Onun gələcək həyatı, fəaliyyəti, uğurları, hətta taleyi də birbaşa müəllimdən asılıdır. Məlumdur ki, pedaqoji konsepsiyada bütün dövrlərdə “kimi öyrətmək”, “nəyi öyrətmək” və “necə öyrətmək” suallarına cavab axtarılmışdır və bu gün də axtarılmaqdadır. Mənə elə gəlir ki, hər şeydən əvvəl “kim öyrədir” sualına cavab tapmaq lazımdır. Müəllim hansı keyfiyyətlərə malik olmalıdır ki, onun şagirdləri öz ölkəsinə və millətinə layiqli vətəndaşlar kimi yetişsinlər. Zənnimcə, müasir müəllim şagirdi potensial imkanlarını nəzərə almaqla onu istiqamətləndirməyi bacarmalı, yaradıcı olmalıdır. Bu cəhətdən obrazlı şəkildə desək, müəllimlik yaradıcılıqdır, müəllim əməyindəki yaradıcılıq yazıçının, bəstəkarın və rəssamın əməyindəki yaradıcılıqdan heç də az deyil, bəlkə də ondan daha ağır və məsuliyyətlidir. Müəllim insan ruhuna bəstəkar kimi musiqi, rəssam kimi boyalar vasitəsilə deyil, birbaşa müraciət edir. Müəllimin sənət əsəri onun yetişdirdiyi şagirdlər-tələbələrdir. Öz zəhmətinin bəhrəsini görəndə, biləndə ki, biliklər verməklə yanaşı, şagirdlərinin yaradıcılıq potensialını aşkar edib, onlarda özünə inam yaradıb, müəllim iftixar hissi keçirir ki, taleyi ona misilsiz bir hədiyyə edib və o, Müəllim olubdur. Tarixə nəzər yetirdikdə, öz həyatı, fəaliyyəti və nümunəsi ilə insanların qəlbində iz qoymuş müəllimləri yad etdikcə bir daha bu peşə sahiblərinə qibtə edirsən, insanın formalaşmasında, ümumilikdə cəmiyyətin inkişafında müəllimin necə böyük rol oynadığını duyaraq heyrət edirsən”. Nazir deyir ki, bu gün də məktəblərdə müəllim adını şərəflə daşıyan, öz peşəsinin vurğunu olan, həqiqətən şagirdlərinin qəlbində özünə əbədi abidə ucaldan, əsl vətəndaş və şəxsiyyət yetişdirən, bacarıqlı, səriştəli müəllimlər az deyildir, onlar indi də fədakarlıqla çalışırlar. Təhsilin keyfiyyəti, aparılan islahatların uğuru da məhz belə müəllimlərlə bağlıdır. Doğrudan da uzun müddət ərzində müəllim ideallaşdırılmış, həm şagirdlərdə, həm valideynlərdə, həm də ümumilikdə cəmiyyətdə müəllimə böyük hörmət olub. Müəllim sözü, onun söylədiyi fikirlər, verdiyi məsləhətlər birmənalı şəkildə qəbul edilib. Cəmiyyətdə, ailə və məişətdə bir çox çətin məsələlərin, konfliktlərin həll edilməsi məqsədilə müəllimə müraciət edilmiş, onun sözü həlledici olub. Təsadüfi deyildir ki, hətta küçədə müəllimlə rastlaşanda şagirdlər hörmət əlaməti olaraq onun qarşısında təzim ediblər: “Müəllim şəxsiyyətinə o qədər hörmət olub ki, onun adi insanlardan fərqi olduğu barədə rəylər də yaranmışdır. Əlbəttə, müəllim vəzifəsini belə nüfuza, hörmətə çatdıran, zirvəyə ucaldan müəllimlər özləri olub. Cəmi bir əsr əvvəl Azərbaycanda ana dilində yazılmış bir məktubu oxumaq üçün bütöv bir kənddə savadlı insan tapılmırdı, indi ölkəmizdə yazıb oxumağı bacarmayan yoxdur. Hamı bilməlidir ki, xalqımızı bu səviyyəyə çatdıranlar müəllimlər olmuşdur və biz hər zaman fədakar əməklərinə görə onlara borcluyuq. Bu gün dünyanın aparıcı universitetlərində təhsil alan 10 mindən çox azərbaycanlı tələbə, dünyanın aparıcı şirkətlərində yüksək peşəkarlıqla fəaliyyət göstərən mütəxəssislər də Azərbaycan müəlliminin yetirmələridir. Məlumdur ki, müəllim hər bir millətin, xalqın inkişafında həlledici simadır. Bütün bunlarla yanaşı, indi cəmiyyətdə keçmiş dövrlərə nisbətən müəllim nüfuzunun aşağı düşməsi barədə fikir və mülahizələr səslənir. Hesab edirəm ki, bu fikirlərin müəyyən əsası var”. Təhsil naziri vurğulayıb ki, ənənəvi olaraq uzun müddət ölkəmizdə, eləcə də, postsovet məkanında müəllimin rolu biliklərin şagirdlərə ötürülməsi kimi başa düşülüb. O müəllim yaxşı müəllim adlandırılıb ki, şagirdlərinə daha çox məlumat aşılasın. İndi isə müəllim daha çox bələdçi rolunu oynayır, şagirdləri müxtəlif mənbələrdən müstəqil şəkildə biliklər əldə etməyə istiqamətləndirir, başqa sözlə onlara öyrənməyi öyrədir. Belə şəraitdə isə şagird şəxsiyyəti inkişaf edir, onun hər bir hadisəyə öz baxışı və yanaşması olur, qərar verməkdə çətinlik çəkmir. Uzun müddət ərzində müəllimlər pedaqoji prosesi ənənəvi təlim metodları üzərində qurub və müəyyən uğurlar da qazanıblar. Lakin inkişafetdirici aspektə, nəticəyönümlü təlimə, bacarıqların formalaşdırılmasına diqqət yetirilməyib. İndi isə müasir dərsi yeni təlim strategiyaları olmadan təsəvvür etmək mümkün deyil: “Məlumdur ki, müasir təlim strategiyaları, fəal-interaktiv təlim metodları şagirdlərin təlim prosesində daha fəal iştirakına, həyati və tətbiqi bacarıqlar əldə etməsinə, məntiqi və tənqidi təfəkkürünün inkişafına yönəlmişdir. Məhz bu amil nəzərə alınaraq, Təhsil Nazirliyinin səyləri nəticəsində beynəlxalq təşkilatlarla və yerli QHT-lərlə əməkdaşlıq çərçivəsində ölkənin ümumtəhsil məktəblərində çalışan 22 minədək müəllim müasir təlim texnologiyaları üzrə treninqlərdən keçirilib. Daha 18 min müəllim isə yeni kurikulumun tətbiqi ilə əlaqədar treninqlərdən keçərək müvafiq bacarıqlara yiyələnibdir. Lakin aparılan monitorinqlər göstərir ki, müvafiq treninqlərdən keçən bir sıra müəllimlər yeni məzmunun tədrisində və yeni dərsliklərin tətbiqində çətinlik çəkirlər. Bir çox hallarda məzmun islahatlarını forma dəyişiklikləri ilə eyniləşdirir, müasir təlim texnologiyalarının tətbiqini sinifdə dərs prosesində şagirdlərin qruplara bölünməsi və şagird masalarının düzülüşünün dəyişdirilməsi kimi başa düşürlər, mahiyyətcə isə ənənəvi yolla fəaliyyət göstərməyə cəhd göstərirlər. Bəs müvafiq treninqlərdən keçməyən çoxsaylı müəllimlər nə etməlidir? Məlumdur ki, onların əksəriyyəti müasir təlim metodlarını ya tətbiq edə bilmirlər, ya da ki, etmək istəmirlər. Birinci halda müəllimlərə bu sahədə bacarıqlar aşılanmayıb, ikinci halda isə onlar yaradıcılığa və təşəbbüskarlığa meyil göstərmirlər. Müasir təlim metodlarının tətbiqi nəzərdə tutulan dərslərə xüsusi hazırlaşmaq, əlavə mənbələr axtarmaq, təlim materialları hazırlamaq, fərdi tapşırıqlar müəyyənləşdirmək, müasir qiymətləndirmə üsullarından istifadə etmək tələb etdiyindən, bir çox hallarda çətinlikdən qaçır və daha asan yolla getmək istəyirlər. Belə halların olmaması üçün müəllimlərlə sistemli işin aparılması, metodkabinetlərin bu prosesə fəal cəlb olunması vacib məsələlərdəndir.
 Sevinc QARAYEVA


Bu yazı ( 220 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar