12px14px16px18px

“Müəllim özünü cəmiyyətin ən dəyərli üzvlərindən biri kimi hiss etməlidir”

BAKIDAKI 220 SAYLI MƏKTƏBİN DİREKTORU ALMAZ ƏSGƏROVA12 İLLİK SİSTEMİN QƏBUL EDİLMƏSİNİN AZƏRBAYCANDA TƏHSİLSAHƏSİNDƏ ATILAN ÇOX UĞURLU ADDIM OLA BİLƏCƏYİ FİKRİNDƏDİR

00:53 / 10.03.2012
 
Məktəb insan həyatının ikinci dünyasıdır. Həm də elə bir dünyadır ki, hər kəsin taleyində, həyatında mühüm rol oynayır, əvəzsiz xidmətləri ilə yaddaşlarda iz qoyur. Şagirdlərin taleyində, həyatında mühüm rol oynayan, əvəzsiz xidmətləri ilə onların yaddaşlarında iz qoyan təhsil müəssisələrindən biri də 220 saylı orta məktəbdir . Paytaxtın qabaqcıl təhsil ocaqlarından sayılan bu məktəb 1967-ci ildən fəaliyyətdədir. 2009-cu ildə Təhsil Nazirliyi tərəfindən təmir olunub və müasir avadanlıqlarla təchiz edilib. Məktəbdə müasir tələblərə cavab verən sinif otaqları, maraqlı kitablarla zəngin kitabxanası, müxtəlif fənn otaqları, idman zalı mövcuddur. Şagirdlərin yüksək səviyyədə təhsil alması üçün lazımi şəraitin yaradıldığı məktəbdə elektron tədris kabinetləri fəaliyyət göstərir. Kabinetlərdə kimya, fizika, biologiya, ana dili, Azərbaycan tarixi və sair fənlər elektron resurslar vasitəsilə tədris edilir. Məktəbdə həmçinin kimya, fizika, biologiya laboratoriyaları da var. “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması” üzrə Dövlət Proqramı çərçivəsində məktəbdə “Elektron məktəb” layihəsinin tətbiqinə başlanılıb.
Məktəbə Almaz Əsgərova rəhbərlik edir. A.Əsgərova 1952-ci ildə Cəbrayıl rayonunda anadan olub. Orta təhsilini Cəbrayıl rayonundakı Maksim Qorki adına (indiki M.Mehdizadə) məktəbdə alıb. 1968-ci ildə BDU-nun filologiya fakültəsinə qəbul olunub. 1974-cü ildə Cəbrayıl rayon Təhsil Şöbəsində əmək fəaliyyətinə başlayıb. 1974-78-də Cəbrayıl rayon komsomol komitəsində bölmə müdiri, daha sonra Cəbrayıl rayon Cəbrayıl qəsəbə sovetinin katibi işləyib. 1979-88-ci illərdə ailə vəziyyəti ilə əlaqədar işləməyib. 1988-ci ilin martında Bakının Nizami rayonu 220 saylı məktəbdə günüuzadılmış qrup tərbiyəçisi, müəllim kimi fəaliyyətə başlayıb. 1994-cü ildən direktordur. 1999-cu ildən Azərbaycan dili və ədəbiyyatı fənni üzrə proqramların hazırlanmasında, dərsliklərin sadələşdirilməsində və təkmilləşdirilməsində fəal iştirak edir. Bir çox beynəlxalq konfranslara qatılıb, 2005-ci ildə “Qabaqcıl təhsil işçisi” döş nişanı, 2007-də Əməkdar müəllim adına layiq görülüb.

– Almaz xanım, 60 illik yubileyinizi təbrik edirik. 60 yaş və təxminən 30 illik pedaqoji fəaliyyət sizi yormayıb ki?
– Çox sağ olun. Əslində, çoxdan yorulardım bəlkə də. Amma təhsil elə bir sahədir ki, yorulmağa, daha doğrusu yorğunluğu yada salmağa imkan vermir.
– Əmək fəaliyyətinizin böyük bir hissəsi 220 saylı məktəblə bağlıdır. 18 ildir ki, direktor vəzifəsində çalışırsınız. Bu illərdə qarşınıza qoyduğunuz məqsədlərə çata bilibsinizmi?
– 1988-ci ilin mart ayından 220 saylı orta məktəbə günüuzadılmış qrup tərbiyəçisi kimi işə düzəlmişəm. Sonra bir müddət müəllim kimi fəaliyyətimi davam etdirmişəm. 1994-cü ildə seçki yolu ilə direktor vəzifəsinə seçilmişəm. 18 ildə çox şeylərə dəyişiklik gətirmək istəmişik. Eləsi var nail olmuşuq, eləsi var ki, hələ qismət olmayıb. Amma hər halda, bugünkü məktəb 1994-cü ildəki məktəbdən çox fərqlənir. İstəklərimizə tam nail olmaq üçün şərtlər var ki, onlar da nə məndən, nə də məktəbdən – cəmiyyətdən, valideynlərdən, təhsilin strukturundan asılıdır. Buna baxmayaraq, şagirdlərin yüksək səviyyəli təhsil, tərbiyə almaları üçün əlimizdən gələni edirik.
– Hazırda məktəbdə nə qədər şagird təhsil alır?
– 2 minə yaxın. Amma əslində məktəbimiz 960 nəfər şagird üçün nəzərdə tutulub. Bunun da ən böyük səbəbi valideynlərin övladlarının məhz bizim məktəbdə təhsil almalarını istəməsidir. Nə qədər çalışsaq da, onların heç də hamısının istəyini yerinə yetirə bilmirik. Hazırda hörmətli Prezidentimiz İlham Əliyevin sərəncamı ilə məktəbin yeni korpusu tikilir və ümid edirəm ki, hazır olandan sonra həm tədrisin keyfiyyətinə, həm şəraitin daha da yaxşılaşmasına və sair səbəb olacaq.
– Məzunlarınızın neçə faizi ali məktəblərə daxil ola bilib?
– Ali məktəblərə qəbul olan məzunlarımızın sayı ilə yanaşı orta qiymət balı da ildən-ilə yüksələn xətt üzrə davam edir. Bu artıq ənənə halını alıb. Məktəbin nailiyyəti tələbə adını qazanan məzunların sayı ilə ölçülür. Bu, düzgün yanaşma olmasa da, başqa bir ölçü forması da mövcud deyil. Ötən il 65,5 faiz məzunumuz tələbə adını qazanıb. Onlardan 8-i 600-dən artıq bal yığıb, 1 nəfəri Prezident təqaüdçüsüdür. Qeyd edim ki, onların əksəriyyəti yüksək bal tələb edən və ödənişsiz ixtisaslar üzrə ali təhsil alacaqlar. Hesab edirəm ki, mövcud şəraiti nəzərə alsaq, bu nəticələr bizim məktəb üçün pis sayılmamalıdır. Bir faktı qeyd edim – bir neçə il əvvəl 523 bal toplayan şagirdimiz ali məktəbə qəbul ola bilməmişdi. Səbəb isə həm ödənişsiz və yüksək bal tələb edən ixtisasları seçməsi idi. Buna baxmayaraq, həmin şagird növbəti il qətiyyət göstərərək istəyinə çatdı. Başqa bir məzunumuz iki il ardıcıl ali məktəbə qəbul olsa da, düşdüyü ixtisasdan imtina etmiş, ötən il 620 balla öz seçdiyi ixtisas üzrə tələbə adını qazanmışdı.
Təbii ki, bu nailiyyətlərin qazanılmasında müəllimlərimizin də əməyi böyükdür. Onlardan bir neçəsi müxtəlif müsabiqələrin qalibidir. Nahidə Hüseynova “əməkdar müəllim” fəxri adına layiq görülüb. Digər “əməkdar müəllim”imiz Məmməd Əfəndiyev hazırda təqaüddədir. Müəllim-şagird əməyinin nəticəsi kimi 220 saylı orta məktəb 2008-ci ildə keçiriliş “Ən yaxşı məktəb” müsabiqəsinin qalibi olub.
– Fəxr elədiyiniz şagirdləriniz varmı?
– Çoxdur. Müxtəlif vəzifələrdə, peşə sahələrində çalışanları var. Onlardan biri – Rövşən Rzayev hazırda Harvard Universitetində təhsilini başa vurmaq üzrədir. Azərbaycanın Kaliforniyadakı konsulluğunda çalışıb. Digər məzunumuz Ərəstun Mahmudov Qarabağ döyüşlərində göstərdiyi şücaətə görə Milli Qəhrəman adına layiq görülüb. Hazırda məktəbimiz onun adını daşıyır. Yeri gəlmişkən, 9 məzunumuz Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olublar. Ümumiyyətlə, indiyə kimi bizim məktəbdə orta təhsil alan bütün şagirdlər mənim üçün əzizdir, eynidir. Dünyanın bir bəzəyi var – insan. Əgər insan yetişdirə bilmişiksə, deməli nəyəsə nail olmuşuq. Kiminsə vəzifəsi, nailiyyəti ilə fəxr eləmək düzgün olmaz. Məktəb şagirdə təhsillə yanaşı, tərbiyə də verir. Onun bir insan, şəxsiyyət kimi formalaşmasında önəmli rol oynayır. Həmişə çalışmışıq ki, cəmiyyətimizə layiqli, tərbiyəli, savadlı övladlar yetişdirək.
– Bir çox valideynlər belə düşünürlər ki, ali məktəbə qəbul olmaq üçün övladlarının müəllim yanına hazırlığa getmələri vacibdir.
– Təəssüflər olsun ki, indi elə valideynlər var, övladlarını 1-ci sinifdən müəllim yanına hazırlığa qoyurlar. Fikrimcə, bu düzgün yanaşma deyil. Hər bir valideyn övladının təhsili ilə fərdi məşğul olmalıdır. Uşaq müəllimdən ancaq bilik alır. Bəs ona gələcəkdə şəxsiyyətin formalaşmasında vacib olan olan qayğı, isti münasibət, ünsiyyət, məsuliyyətin dərk edilməsi və s. kimi duyğular? Hazırlıq bunu uşağa verə bilməz. Doğrudur, valideynlər səbəb kimi vaxt azlığını, savadsızlığı, işlərinin çox olmasını və s. göstərirlər. Məncə bunlar hamısı bəhanədir, məsuliyyəti üzərlərindən atmaqdır. Hazırlığa gedən və daim əla qiymət alan uşaqlar var ki, məktəbdə bu nəticəni vermir. Cəmiyyətdə gedən söhbətlərdən asılı olmayaraq bu gün 500-dən çox yığılan bal məktəb balı hesab olunur. Təcrübəli pedaqoq kimi bunu əminliklə söyləyə bilərəm. Hazırlığa gedən uşaqlara bilik öyrədilmir, sadəcə gündəlik məşğələlər keçirilir. Valideyn uşaq ilə şəxsən özü məşğul olduqda, onlar arasında mehribançılıq daha da artır, övlad-valideyn münasibətləri daha da dərinləşir, uşaqda istək yaranır, bir sözlə gələcəkdə bir şəxsiyyət kimi formalaşmasına birbaşa təsir edir. Mən həmişə valideynlərə məsləhət görmüşəm ki, uşaq özü öyrənməlidir. Həftədə iki dəfə hazırlıq müəlliminin yanında keçdiyi dərsi məktəbdə 5 dəfə keçir. Qeyd edim ki, bu gün uşaqlara qarşı həm məktəb, həm də valideyn tərəfindən olan tələbkarlıq zəifdir. Bu da biliyə, təhsilə birbaşa təsir edir. Uşaq hər iki tərəfdən eyni zamanda tələbkarlıq görərsə, yüksək nəticəyə ümid etmək olar.
– SSRİ dövründə hər bir məktəbdə günüuzadılmış qruplar var idi. Hazırda belə qrupları təşkil etmək olarmı?
– Pedaqoji fəaliyyətimin bir neçə ili günüuzadılmış qrup tərbiyəçisi kimi fəaliyyət göstərmişəm. Belə qrupların uşaqlara çox xeyri vardı. Uşağın səhərdən axşama kimi eyni vəziyyətdə qalması onun psixologiyasına təsir göstərə bilər. Belə qrupları təşkil edərkən uşağın eyni zamanda istirahət etməsi, ev tapşırıqlarını yerinə yetirməsi və s. nəzərə alınmalıdır. Təəssüf ki, hazırda məktəbimizdə belə qrupları təşkil etmək üçün heç bir şərait yoxdur. Amma gələcəkdə bunun planlı şəkildə işə salınması məqsədəuyğun olardı.
– Dövlətin təhsilimizə göstərdiyi qayğı sizi qane edirmi?
– Dövlətin diqqət və qayğısı, Təhsil Nazirliyinin təhsillə bağlı apardığı işlər yüksək səviyyədədir. Yeni təhsil ocaqlarının tikilməsi, köhnələrin təmir olunması, təhsil sahəsində verilən qərarlar, müxtəlif layihələrin həyata keçirilməsi və s. dövlətimizin təhsilə göstərdiyi qayğıya sübutdur. Amma gəlin görək, cəmiyyət buna cavab verə bilirmi? Bu gün cəmiyyətin təhsilə münasibəti dövlətin göstərdiyi münasibətdən xeyli aşağıdır. Bunu danmaq qeyri-mümkündür. Gileylənmək, tənqid eləmək çox asandır. Hörmətli nazirimiz Misir Mərdanovun belə bir sözü var ki, cəmiyyət nədirsə, məktəb də odur. Hazırda 12 illik təhsilə keçiddən söhbət gedir. Cəmiyyətimizdə buna münasibət birmənalı deyil. Dünyanın bir çox qabaqcıl dövlətlərində 12 illik təhsil sistemi fəaliyyət göstərir. Xeyli müddətdir bu sistem tədqiq olunub və səmərəli olduğu sübuta yetirilib. 12 illik təhsilə keçmək üçün təhsilin strukturu kökündən dəyişməlidir. Məsələn, 11-12 siniflərdə tədrisdə sırf elmi yanaşmalar olmalıdır ki, bu da şagirdlərin ali məktəblərə hazırlıq məqsədini güdməlidir. Belə olarsa, hazırlığa maraq azalacaq, təhsilə sovet dövründən qalma münasibət kökündən dəyişəcək. Əgər 12 illik təhsil sistemi qəbul olunarsa, bu, Azərbaycanda təhsil sahəsində atılan çox uğurlu addım sayıla bilər. İndiki sistemdə imkan yaradılır ki, şagirdlər 9-cu sinifi bitirdikdən sonra – 14-15 yaşlarında təhsildən uzaqlaşırlar. Bu yaşda şagirdi cəmiyyətə “təhvil vermək” nə dərəcədə düzgündür? Ən azından onun 9 illik həyatını puç eləməkdir. Fikrimcə, 12 illik təhsilə keçid çox vacibdir və bu təhsilimizin xeyrinə olacaq.
Bir məsələyə də toxunmaq istərdim. Bildiyiniz kimi, hazırda müəllimlərin maaşı aşağıdır. Müəllimin aldığı əməkhaqqı onun gündəlik problemlərini belə həll eləməyə çatmır. Bu da təhsilin səviyyəsinin artmasına mane olan amillərdən biridir. Müəllim özünü cəmiyyətin ən dəyərli üzvlərindən biri kimi hiss etməlidir. Müəllimin əməkhaqqı faizlərlə yox, dəfələrlə artırılmalıdır. Belə olarsa, onlarda məsuliyyət də, dərs keçmək istəyə də artacaq, bütün fikrini peşəsinə yönəldəcək. Hazırlıq keçməyə az meylli olacaq. Bu da təhsilimizin xeyrinədir. Cəmiyyətin, onun fikrinin formalaşmasında müəllimin əməyi danılmazdır. Odur ki, müəllimə mümkün qədər yüksək qiymət verilməlidir. Ümid edirəm ki, tezliklə bu məsələ öz həllini tapacaq.
Sevinc QARAYEVA
 



Bu yazı ( 264 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar