12px14px16px18px

Rəsmi Bakıdan Gürcüstana növbəti siyasi dəstək

AZƏRBAYCAN ABXAZİYADA KEÇİRİLMİŞ QONDARMA PARLAMENT SEÇKİSİNİ TANIMADIĞINI BƏYAN ETDİ

02:03 / 14.03.2012
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini qəti şəkildə dəstəklədiyini bir daha bildirib. XİN-in mətbuat xidmətindən ANS PRESS-ə daxil olan məlumatda bildirilir ki, rəsmi Bakı Gürcüstanın Abxaziya regionunda 10 mart 2012-ci il tarixində keçirilmiş qondarma “parlament seçkisi”ni tanımadığını bəyan edir. “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi münaqişənin öz mümkün həllini tapması üçün hazırkı danışıqlar prosesinin konstruktiv şəkildə davam etdirilməsinin vacibliyinə qətiyyətlə inanır”, deyə məlumatda qeyd edilib. Bu arada Gürcüstan parlamentində ölkənin ərazi bütövlüyünün bərpası məsələləri ilə bağlı müvəqqəti komissiyanın iclası keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri komissiyanın rəhbəri Şota Malaşxiya açaraq bildirib ki, Cənubi Qafqazda həm Azərbaycanın, həm də Gürcüstanın ərazi bütövlüyü pozulub və hər iki dövlətin torpaqları işğal olunub. Sonra Gürcüstan reinteqrasiya məsələləri üzrə dövlət naziri Eka Tkeşelaşvili “İşğal olunan torpaqlarda dövlət strategiyası və bu strategiyanın yerinə yetirilməsində görülən işlər” adlı məruzə ilə çıxış edib. Jurnalistlər iclas zalına buraxılmayıb. E. Tkeşelaşvili APA-nın Gürcüstan bürosuna açıqlamasında Gürcüstan və Azərbaycan torpaqlarının işğal edilməsi faktına münasibət bildirib: “Çox kədərlidir ki, bütün bu münaqişələr Sovet İttifaqının liderləri tərəfindən törədilib. Mən ümidvaram ki, biz bu çətinliklərin öhdəsindən gələcəyik və Qafqaz yenə sülh regionu olacaq. Biz elə etməliyik ki, ölkələrimizin suveren hüququ pozulmasın, eyni zamanda ərazi bütövlüyümüz bərpa edilsin. Ərazi bütövlüyünün təmin olunması beynəlxalq hüququn əsas prinsiplərindəndir və o, yerinə yetirilməlidir”.


Bu yazı ( 171 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar