12px14px16px18px

Səfər Əbiyev: “Biz torpaqlarımızı işğaldan azad etməyə məcburuq”

“ORDUMUZU ONA GÖRƏ GÜCLƏNDİRİRİK Kİ, SÜLHÜN TÜKƏNDİYİ ZAMAN İŞĞALÇI İLƏ ONUN ÖZ DİLİNDƏ DANIŞA BİLƏK”

01:59 / 14.03.2012
Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev İrana səfəri çərçivəsində bu ölkənin prezidenti Mahmud Əhmədinejadla görüşüb. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev məlumat verib. Görüşdə Azərbaycan-İran münasibətləri, regiondakı mövcud vəziyyət, Dağlıq Qarabağ münaqişəsinə dair fikir mübadiləsi aparılıb. Tərəflər mediada gedən məlumatların süni gərginlik yaratdığını və bunun aradan qaldırılması üçün çalışmaların vacibliyini vurğulayıblar.“Dağlıq Qarabağ münaqişəsi artıq neçə illərdir ki, regionu gərgin vəziyyətdə saxlayır, təcavüzkar siyasət yürüdən Ermənistan bölgəyə sülhün gəlməsini istəmir. İran xalqı özü də yaxın tarixində işğalın və müharibənin nə demək olduğunu yaxşı bilir. Ona görə də inanırıq ki, Azərbaycana qarşı həyata keçirilən haqsızlığın, ədalətsizliyin aradan qaldırılmasında və Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasında İran dövləti və xalqı öz mövqeyini daha kəskin şəkildə nümayiş etdirəcək”. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu fikirləri müdafiə naziri general-polkovnik Səfər Əbiyev Tehranda keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, bir milyondan artıq qaçqının, təcavüzkar tərəfindən dağıdılan kəndlərin, qəsəbə və şəhərlərin, maddi, mədəniyyət və mənəvi abidələrin taleyi bu gün ikili standartların girovuna çevrilib: “Bu cür halda biz məcburuq ki, Silahlı Qüvvələrimizi möhkəmləndirərək torpaqlarımızı işğaldan azad edək. Bunun yolları bizim üçün aydındır. Azərbaycanın 20 faiz torpağı işğal altındadır. Biz öz ordumuzu ona görə gücləndiririk ki, sülhün tükəndiyi zaman işğalçı ilə onun öz dilində danışa bilək”. O həmçinin deyib ki, Azərbaycan və İran dövlətləri arasında əməkdaşlığın daha da möhkəmlənməsi hər iki ölkənin maraqlarına cavab verir: “Biz İran xalqının dinc yaşayışının, siyasi və iqtisadi inkişafının tərəfdarıyıq. Çalışmalıyıq ki, bizi bağlayan mənəvi tellərə zərər dəyməsin”. Müdafiə naziri Azərbaycan ərazisindən İrana qarşı istifadənin mümkünsüz olduğunu deyib: “Bəzi beynəlxalq təşkilatlar və ölkələrlə əməkdaşlığımıza gəlincə deməliyəm ki, bu, beynəlxalq qanunlara söykənməklə heç bir digər ölkənin əleyhinə yönəlmir. Bu mənada da heç bir ölkə Azərbaycanı İrana qarşı çevirə bilməz və bizim ərazimizdən İrana qarşı istifadə edə bilməz. Bu, Azərbaycanın birmənalı mövqeyidir. Bu mövqe cari ilin 7 mart tarixində Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin Naxçıvanda keçirilən üçtərəfli görüşündə qəbul edilmiş Bəyanatda bir daha əksini tapıb və tərəflər öz ərazilərinin düşmənçiliyə gətirib çıxara bilən hər hansı bir təhdid və ya fəaliyyət üçün istifadə edilməsinə heç bir halda icazə verməyəcəkləri barədə qətiyyətli olduqlarını ifadə ediblər”.


Bu yazı ( 117 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar