Peşə təhsilinə təşviq məqsədilə kurslar həyata keçirilir
01:15 / 09.05.2012
“Bizim Nəsil” Gənclərin regional İnkişaf Assosiasiyası İctimai Birliyi tərəfindən Yasamal rayonunda yerləşən 21 saylı tam orta məktəbdə “Gənclər arasında peşə-ixtisas təhsilinin təşviq edilməsi, peşə təhsilinin ictimai statusunun yüksəldilməsinə töhfə verilməsi” adlı layihə həyata keçirilir. Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən layihənin məqsədi gənclər arasında peşə təhsilinin təşviq edilməsi, gənclərdə peşə təhsilinə həvəs oyatmaq, qeyri-formal peşə təhsili sisteminin inkişaf etdirilməsinə, peşə təhsilinin ictimai statusunun yüksəldilməsinə töhfə verilməsidir. Layihə rəhbəri Nurəddin Mehdiyev bildirib ki, bu layihələr gənclərə peşə seçimində düzgün istiqamət vermək baxımından əhəmiyyətlidir: “Xarici ölkələrin təcrübəsi göstərir ki, orta məktəb məzunlarının 40-60 faizi texniki peşə təhsili ilə əhatə olunur. Bizdə isə bu göstərici 10-11 faizə bərabərdir. Texniki peşə təhsili ümumi təhsilin tərkib hissəsi olmaqla, ölkənin sosial-iqtisadi inkişafına təkan verən aparıcı qüvvələrindən biri hesab olunur. Keyfiyyətli texniki peşə təhsili fərdin peşəkar sahədə elmi-texnoloji biliklərini genişləndirir. Bununla əlaqədar, dövlət səviyyəsində peşə təhsilinin inkişafına istiqamətlənmiş tədbirlər əhalinin fəal hissəsinin yerli və beynəlxalq əmək bazarındakı dəyişikliklərə müvafiq reaksiya verməsinə imkan yaradar”. Qeyd edək ki, layihə 3 ay müddətində davam edəcək. Layihə çərçivəsində Bakı şəhərində 21 saylı tam orta məktəbdə peşə kursları keçirilir. Kurslar zamanı gənclərə kino-video nümayişçisi, video çəkilişi üzrə operator, peşəkar fotoqrafiya, dərzilik peşələri əsaslı şəkildə öyrədilir. Kurslar peşəkar mütəxəssislər tərəfindən keçirilir və müxtəlif yaş qrupundan peşə həvəsli 40 gənc iştirak edir. BƏXTİYARBu yazı ( 131 ) - dəfə oxunmuşdur