12px14px16px18px

İçəri Şəhər “Eurovision” qonaqlarını qarşılamağa hazırlaşır

12:10 / 18.04.2012
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi “Eurovision 2012” Mahnı Müsabiqəsinə gələcək xarici turistlərin və paytaxtımızın qonaqlarının İçəri Şəhər və Qala qoruqlarına gəlişini stimullaşdırmaq, onları yüksək səviyyədə qarşılamaq üçün aktiv hazırlıqlar görür. Qurumun mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, hazırda İçəri Şəhərdə və Qala qoruqlarında mövcud olan turist infrastrukturu mükəmməlləşdirilir, qonaqlara xidmət göstərilməsi üçün ictimai iaşə obyektlərinin sayının artırılması və mövcud olan məkanların isə genişləndirilməsi və xidmət səviyyəsinin artırılması üzərində iş aparılır.

Bildirilir ki, müsabiqə ərəfəsində insanların vaxtlarını xoş və səmərəli keçirmələri üçün İçəri Şəhər və Qala qoruqlarında mədəni-kütləvi tədbirlər təşkil ediləcək, bölgələrdən cəlb olunacaq sənətkarlar öz əl işlərini nümayiş etdirəcək və müxtəlif sənətkarlıq məhsullarının hazırlanma prosesi ilə qonaqları tanış edəcəklər. Mədəniyyət və tariximizin tanıdılması üçün xarici dillərdə olan çap məhsulları - broşurlar, açıqcalar, kitabçalar qonaqlara təqdim olunacaqdır. Eyni zamanda hər iki qoruğun ərazisindəki muzeylər may ayı ərzində saat 09:00-dan 21:00-a qədər fəaliyyət göstərəcəklər.

Qonaqların hər iki tarixi məkanla tanış olmaları üçün İçəri Şəhərdən Qala qoruğuna və geriyə istiqamətində müntəzəm olaraq turist avtobusları xidmət göstəriləcək.



Bu yazı ( 124 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar