12px14px16px18px

PKK terror təşkilatının rabitə qrupu çökdürüldü

13:09 / 15.03.2012
27 əsgərin öldürülməsi ilə bağlı şifrəli təlimatı çatdıran 5 terrorçu İraqda keçirilən xüsusi əməliyyat nəticəsində yaxalanıb.
Türkiyə xüsusi təyinatlılarının martın 11-də gecə saatlarında Şimali İraqda, sərhəddən 10 kilometr uzaqda yerləşən bir mağarada 5 PKK terrorçusunu yaxaladıqları üzə çıxıb. Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, əməliyyatdan 6 ay əvvəl məhz bu 5 nəfərlik qrupun PKK terror təşkilatının rəhbərliyinin təlimatlarını şifrəli şəkildə Türkiyədəki terrorçulara çatdırdığı üzə çıxıb.
Keçən il Diyarbəkrin Silvan rayonunda 13 türk əsgərinin şəhid edilməsi və avqustun 17-də Çukurcada 14 əsgərin şəhid edilməsi ilə nəticələnən terror əməliyyatı ilə bağlı təlimatı da məhz bu qrup ötürüb. Əməliyyata ilk dəfə hərbçilərlə bərabər xüsusi təyinatlı polislər də qatılıb. Martın 11-də gecə termal kameralarla təchiz edilmiş xüsusi təyinatlılar mağaranı mühasirəyə alıblar. Öncə atəş açan terrorçular - Azat E., Adil E., Ayhan E., Neçirvan B. ve Rojbin T. qaça bilməyəcəklərini anladıqdan sonra təslim olublar. Terrorçular vertolyotla Türkiyəyə gətiriliblər.
Mağarada terror olayları ilə bağlı təlimatların şifrələndiyi noutbuklar, rabitə cihazları, xüsusi şifrələmə metodlarının yazıldığı kitab, SD və DVD-lər, çoxlu sayda silah və partlayıcı maddələr aşkarlanıb.
Terrorçulardan Neçirvan B. deyib ki, PKK terror təşkilatının Qəndil dağlarında gizlənən rəhbərliyindən verilən təlimatları şifrəli şəkildə ötürməyi bacaran 10 nəfər olublar, onlardan başqa terror təşkilatında təlimatları şifrəli şəkildə ötürməyi bacaranlar yoxdur. Noutbuklarda əldə edilən məlumatlar əsasında PKK-nın bir sıra yeni terror aktlarına hazırlaşdığı da üzə çıxıb.



Bu yazı ( 251 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar