12px14px16px18px

Bəkir Nəbiyev vəfat edib

12:03 / 15.03.2012
Tanınmış ədəbiyyatşünas, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi Bəkir Nəbiyev vəfat edib.
AMEA-dan Lent.az-a verilən məlumata görə, Bəkir Nəbiyev bu gün səhər saatlarında ömrünün 82-ci ilində dünyasını dəyişib. Mərhumla vida mərasimi sabah AMEA-nın binasında olacaq. Elm xadimi II Fəxri Xiyabanda dəfn olunacaq.
Bəkir Nəbiyev 1930-cu il avqustun 21-də Ağdaş rayonu Üçqovaq kəndində ziyalı ailəsində doğulub. Ağdaşda 1 saylı orta məktəbi bitirib. Əmək fəaliyyətinə müharibə illərində başlayıb. Ağdaş radio şəbəkəsinin diktoru işləyib. Sonra Ağdaş şəhərində və Yeniarx kəndində müəllimlik edib. ADU-nun filologiya fakültəsində təhsil alıb, eyni zamanda Bayıldakı 55 saylı orta məktəbdə ədəbiyyat müəllimi olub. Tələbəlik illərində ilk tənqidi qeydləri "Lenin tərbiyəsi uğrunda" qəzetində dərc edilib.
Ədəbi fəaliyyətə "Ədəbiyyat qəzeti"nin 4 noyabr 1951-ci il tarixli sayında çap edilən "Dama-dama göl olar" rəyi ilə başlayıb. Universiteti bitirdikdən sonra "Azərbaycan gəncləri", "İnşaatçı" qəzetlərində məsul katib müavini, ədəbi işçi vəzifələrində, "Kommunist" qəzeti redaksiyasında mədəniyyət şöbəsinin müdiri işləyib. Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun sovet ədəbiyyatı şöbəsində kiçik elmi işçi, şöbə müdiri və institutun elmi katibi (1961-1971), Azərbaycan EA Nizami adına Azərbaycan Dövlət Ədəbiyyat Tarixi Muzeyinin direktoru (1971-1986), Azərbaycan Ədəbiyyat Fondunun sədri olub.
AMEA Rəyasət Heyətinin üzvü və 2003-cü ildən Nizami adına Ədəbiyyat İnstitutunun direktoru idi.
Ədəbiyyatşünaslıq elminin və ədəbi fikrin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu, SSRİ – nin "Xalqlar dostluğu" (1986) və Azərbaycanın "Şöhrət" (2000) ordenləri ilə təltif edilib. Müxtəlif illərdə "Hacı Zeynalabdin Tağıyev", "Məmməd Araz" mükafatlarına, "Ustad" Ali mükafatına, Beynəlxalq TİKA mükafatına layiq görülüb. Azərbaycan Dövlət Mükafatı laureatı, "Qızıl qələm" mükafatı laureatıdır.
Allah rəhmət eləsin!


Bu yazı ( 141 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar