12px14px16px18px

Vəfa Quluzadə: “Parlament seçkiləri Ermənistanın daxili və xarici siyasətində hansısa dəyişikliklərə gətirməyəcək”

00:40 / 01.05.2012
“Mayın 6-da Ermənistanda keçiriləcək parlament seçkiləri bu ölkənin daxili və xarici siyasətində hansısa dəyişikliklərə gətirməyəcək. Çünki Ermənistan prinsip etibarilə, Moskvadan idarə olunur. Ermənistanın bütün siyasi həyatı Moskvanın onun qarşısına qoyduğu tapşırıqların dəqiqliklə yerinə yetirilməsinə yönəlib. Bununla belə, Ermənistanın siyasi strukturu da həmçinin Rusiya tərəfindən formalaşdırılıb”. Belə bir açıqlama ilə politoloq Vəfa Quluzadə çıxış edib. O bildirib ki, bütün erməni nazirləri, o cümlədən, prezidentlər, baş nazirlər, spikerlər Moskvanın icazəsi ilə təyin edilir. Əks halda müstəqil siyasət həyata keçirməyə cəhd edən Ermənistan siyasətçisini kənarlaşdırırlar: “Yadınıza salın, Levon Ter-Petrosyan Ermənistanın prezidenti olduğu zaman Azərbaycanla qismən sülhə gedərək, erməni qoşunlarını Dağlıq Qarabağa bitişik olan yeddi rayondan çıxarmağa razılıq vermişdi, onu dərhal kənarlaşdırdılar.
Erməni siyasətçiləri arasında mövcud vəziyyəti dəyişməyə cəhd göstərən adamlar olub. Məsələn, Moskvanın ən yaxın dostları, xüsusilə, Vazgen Sarkisyan, Karen Dəmirçiyan, Robert Köçəryan ATƏT-in 1999-cu ildə İstanbulda keçirilən sammitindən əvvəl Azərbaycan prezidenti Heydər Əliyevlə razılığa gəlmişdilər. O vaxt onlar, ABŞ-ın dəstəyinə güvənərək, Moskvadan yan ötməyə qərar vermişdilər. Lakin bunun cavabında Ermənistan parlamenti güllələnməyə məruz qaldı. Buna görə də, nə qədər ki, erməni-rus münasibətləri indiki kimi qalmaqda davam edəcək, daha doğrusu Ermənistan de-yure müstəqil dövlət, de-fakto isə Rusiyanın müstəmləkəsi olacaq, Ermənistandan heç bir yenilik gözləməyə dəyməz”.
Bununla yanaşı, politoloq hesab edir ki, hal-hazırda Ermənistanda çoxlu ağıllı insanlar da var. “Ermənistanda kifayət qədər insanlar var ki, Moskva ilə əlaqələri məmnuniyyətlə kəsməyə razı olar və Qərbə meyllənərək, Avropa İttifaqına daxil olmaq, NATO-ya üzv olmaq istəyərdilər. Lakin Ermənistanda bu addımı kütləvi şəkildə ata biləcək cəsarətli siyasətçi yoxdur”.
V.Quluzadəyə görə, Ermənistanda demoqrafik vəziyyət get-gedə pisləşməkdədir, iqtisadiyyat yox səviyyəsindədir: “Lakin Ermənistan Rusiyanın satelliti olaraq qalmaqda davam edir, bu ölkədən Azərbaycana və Gürcüstana qarşı istifadə etmək mümkündür. Ermənistan özünün bu rolu ilə barışıb və rolunun öhdəsindən gəlməyə davam edir. Buna görə də hesab edirəm ki, Ermənistanın iqtisadi və demoqrafik vəziyyətinin pisləşməsi bu ölkənin hakimiyyət orqanlarının öz xarici siyasətlərini dəyişmələrinə heç cür təsir göstərə bilməz. Çünki Rusiya üçün Ermənistanda nə qədər erməninin qalacağının heç bir fərqi yoxdur. Bu ölkədə ancaq bədbəxt insanlar qalıb yaşamağa davam edəcək, varlılar, bacarıqlı və istedadlı insanlar isə çoxdan Qərb ölkələrinə köçüblər”.
Politoloqun fikrincə, erməni lobbisi Qarabağ münaqişəsi ətrafında hal-hazırkı gərgin vəziyyətin qorunub-saxlanmasında maraqlıdır: “Başqa sözlə desək, erməni lobbisinin mövqeyi rəsmi Moskvanın mövqeyi ilə tamamilə üst-üstə düşür. Lakin Qarabağ münaqişəsi ətrafında hazırkı gərgin vəziyyətin saxlanmasının yenə də əsas səbəbkarı Moskvadır. Əgər Moskvanın Ermənistandan imtina edəcəyini virtual da olsa, təsəvvür etsək, o zaman erməni lobbisi Azərbaycanla Ermənistan arasında sülhə mane olmaq üçün heç bir şey edə bilməyəcək”.
PƏrvanƏ




Bu yazı ( 103 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar