12px14px16px18px

Berlində Avropa Azərbaycanlıları Konqresinin IV qurultayı keçirilib

SAMİRA PATZER-İSMAYILOVA AVROPA AZƏRBAYCANLILARI KONQRESİNİN PREZİDENTİ SEÇİLİB

00:27 / 01.05.2012
Berlində Avropa Azərbaycanlıları Konqresinin(AAK) IV Qurultayı keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən “525”ə verilən məlumata görə, qurultaydan əvvəl Azərbaycanın Dövlət himni səsləndirilib. Sonra dünyada Azərbaycanın diaspor quruculuğundan bəhs edən “Gücümüz birliyimizdədir” sənədli filmi nümayiş etdirilib. Filmin nümayişindən və qurultayın rəyasət heyəti seçildikdən sonra AAK prezidenti Başar Kömür hesabat məruzəsi ilə çıxış edib. O, Azərbaycan dövlətinə və Prezident İlham Əliyevə Azərbaycan diasporuna və onun işinə verdiyi dəstəyə görə minnətdarlığını ifadə edib. B.Kömür bildirib ki, qurultayın işində Avropanın müxtəlif ölkələrindən 61 Azərbaycan diaspor təşkilatı iştirak edir. O, Diasporla İş üzrə Dövlət Komitəsinin AAK fəaliyyətinə daim dəstək verdiyini deyib, B.Kömür AAK-ın yarandığı gündən bəri sürətlə böyüdüyünü, həm öz sıralarını, həm də təsir imkanlarını genişləndirdiyini vurğulayıb. Xüsusi ilə erməni lobbisinin anti Azərbaycan fəaliyyətinin neytrallaşdırılmasında Avropa Azərbaycanlıları Konqresinin ciddi işlər gördüyünü, Azərbaycan həqiqətlərinin, o cümlədən Qarabağla bağlı gerçəkliklərin dünyaya çatdırılmasında da əhəmiyyətli addımlar atdığını söyləyib.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan dövlətinin AAK-ın fəaliyyətini yaxından izlədiyini, təşkilatın yarandığı 2004-cü ildən bəri 4 dəfə qurultayının keçirdiyini, bu illər ərzində təşkilatın 3 prezidentinin seçildiyini və onların müvəffəqiyyətlə fəaliyyət göstərdiklərini vurğulayıb.
Milli lider Heydər Əliyev 1993-ci ildən başlayaraq diaspor quruculuğu işinə “Azərbaycançılıq” ideologiyasını əsas amal elan edərək başladığına diqqət çəkən PA rəsmisi hazırda o illərlə müqayisədə hədəflərin daha da böyüdüyünü deyib, diaspor təşkilatlarına, o cümlədən AAK-a işlərində nailiyyətlər arzulayıb.
Ə. Həsənov Prezidenti İlham Əliyevin bütün dünyada yaşayan azərbaycanlılara həm güvəndiyini, həm də onların dayağı olduğunu vurğulayıb.
O, son illərdə ölkəmizin artan qüdrətinin, qazandığı beynəlxalq əhəmiyyətli nailiyyətlərin Azərbaycan dövlətinin düşmənlərini qıcıqlandırdığını, həmin qüvvələri anti Azərbaycan fəaliyyətinə sövq etdiyini deyib. Azərbaycanın BMT Təhlükəsizlik Şurasını qeyri-daimi üzvü və həmin quruma sədrlik etdiyini xatırladan Ə. Həsənov həmin qüvvələrin, o cümlədən bəzi mətbu orqanlarının anti Azərbaycan fəaliyyətini neytrallaşdırmaq, ölkəmiz barədə həqiqətlərin olduğu kimi dünya və Avropa ictimaiyyətinə çatdırılmasında diaspor təşkilatlarımızın üzərinə böyük məsuliyyət düşdüyünü söyləyib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov çıxışında AAK-ın 8 illik mövcudluğu dövründə çox önəmli işlər gördüyünü bildirib. Komitə sədri bu illərdə AAK tam mənası ilə diaspor təşkilatı kimi formalaşdığını deyib. Seçiləcək yeni rəhbər heyətə Dövlət Komitəsinin dəstəyini davam etdirəcəyini bildirib.
Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov, Belarus Azərbaycanlıları Konqresinin prezidenti Natiq Bağırov, Almaniya Azərbaycanlılarının Koordinasiya mərkəzinin rəhbəri Samira Patzer-İsmayılova, Gürcüstan Azərbaycanlıları Mədəniyyət Mərkəzinin sədri Fazil Həsənov, Benilüks Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov, TADEF sədri Bilal Dündar, Azərbaycan Almaniya Dostluq Cəmiyyətinin sədri Haqqı Kəskin, Milli Məclisinin deputatı, Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlı, Danimarkanın “Vətən” Cəmiyyətinin sədri Səfər Sadiqi, AAK-ın birinci prezidenti Bahəddin Kaya, çıxışlar edərək AAK-ın bundan sonrakı hədəflərindən bəhs edib, Azərbaycan naminə fəaliyyət istiqamətində daha peşəkar və konsolidə olunmuş şəraitdə iş görməyin vacibliyini vurğulayıblar.
Sonra Avropa Azərbaycanlıları Konqresinin Qətnaməsi, qurultay nümayəndələrinin prezidentə müraciəti və digər sənədlər qəbul edilib.
AAK-ın İcraiyyə Komitəsi və Nəzarət-Təftiş Komissiyasının tərkibi seçildikdən sonra AAK-ın I vitse prezidentləri və vitse prezidentləri seçilib. AAK iki nəfər I vitse prezidenti olaraq Benilüks Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımov və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bulal Dündar və 5 nəfər vitse prezidenti – Belarus-Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırov, Azərbaycan Federasiyası İsveçin sədri Səttar Sevgin, Estoniya parlamentinin deputatı, “Bakı” klubunun həmsədri Eldar Əfəndiyev, ÜAK-nin Moskva şəhər Təşkilatının sədri İlqar Hacıyev seçiliblər.
Samira Patzer-İsmayılova AA Konqresinin prezidenti seçilib.
Qeyd edək ki, qurultayın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamədə Ermənistanın təcavüzkarlığı nəticəsində Azərbaycan ərazisinin 20 faizinin işğal edildiyi, 1 milyona yaxın insanın öz doğma torpaqlarından didərgin salındığı vurğulanıb.
AAK üzvləri və Avropada yaşayan azərbaycanlılar adından bu münaqişənin həll edilməmiş qalmasından dərin narahatlıq keçirdiyini bəyan edib.
“AAK bütün dünya azərbaycanlılarına müraciət edərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında obyektiv beynəlxalq ictimai rəyin formalaşdırılması üçün öz səylərini səfərbər etməyə çağırır”,-deyə sənəddə bildirilir.
AAK IV qurultayının iştirakçıları beynəlxalq təşkilatların rəhbərlərinə, ayrı-ayrı ölkələrin parlamentlərinə, dövlət və hökumət başçılarına, bütün tərəqqipərvər insanlara müraciət edərək, Azərbaycan xalqının üzləşdiyi tarixi ədalətsizliyin aradan qaldırılması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, beynəlxalq hüquq prinsiplərinə uyğun həll edilməsi üçün ardıcıl səylər göstərməyə çağırıb.
PƏRVANƏ



Bu yazı ( 108 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar