12px14px16px18px

Millət vəkili AŞPA-nı Ermənistana təzyiqləri artırmağa çağırdı

05:38 / 28.04.2012
“Biz Şimali Qafqazdakı məcburi köçkünlərin çəkdiyi əziyyətləri, yaşadığı acıları ən yaxşı anlayan insanlardanıq. Mən hər 9 nəfər vətəndaşından biri qaçqın və məcburi köçkün olan, qaçqın və məcburi köçkünlərinin sayına görə, Avropada və dünyada analoqu olmayan bir ölkənin-Azərbaycanın nümayəndəsi olaraq Şimali Qafqazdakı məcburi köçkün insanların hansı çətinliklər çəkdiyini bir çoxlarından daha yaxşı anlayıram”. Bu fikirləri millət vəkili Qənirə Paşayeva Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası çərçivəsində qaçqınlarla bağlı məruzənin müzakirəsi zamanı çıxışında dilə gətirib. Millət vəkili bildirib ki, o, məruzədə Şimalı Qafqazdakı məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılmasına çağıran bütün tövsiyələri dəstəkləyir: “Amma o insanlar bizdən çox şey gözləyirlər. Sadəcə, müzakirələr aparmaq və sənədlər qəbul etməklə əsas işimizi bitmiş hesab edə bilmərik. O, insanlar bizdən qəbul etdiyimiz qətnamələrin, sənədlərin həyata keçməsi üçün daha təsirli mexanizmlərə əl atmamızı, qəbul etdiyimiz sənədlərin necə yerinə yetirilməsinə ciddi nəzarət etməyi və bu istiqamətdə tez-tez müzakirələrin açılmasını gözləyirlər. Biz bü gün Şimalı Qafqazdan danışırıq. Amma Cənubi Qafqazda qaçqınlar və məcburi köçkünlərlə bağlı vəziyyət daha dəhşətli, daha faciəvidir”.
Millət vəkili qeyd edib ki, bütün Avropadakı qaçqın və məcburi köçkünlərin üçdə birindən çoxu Azərbaycanın payına düşür. Çünki onun sözlərinə görə, Azərbaycanın torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunması və bu işğalın hələ də davam etməsi səbəbindən 100 minlərlə azərbaycanlı məcburi köçkünlər 20 ildir ki, öz evlərinə dönə bilmirlər: “Bir neçə gün sonra may ayında Azərbaycanın Şuşa şəhərinin və Laçın rayonunun Ermənistan tərəfindən işğalının 20-ci ili tamam olur. 20 ildir şuşalılar, laçınlılar və digər məcburi köçkünlər öz evlərinə qayıda bilmirlər və bu Avropa məkanında davam edən ən böyük insan haqları pozuntusudur. Amma gəlin xatırlayaq sonuncu dəfə bununla bağlı müzakirələri nə vaxt aparmışıq. Artıq uzun bir zaman keçib. Gəlin xatırlayaq. Bununla bağlı qəbul etdiyimiz sənədlər nə qədər həyata keçirilib. Nəticə yoxdur. Bizim bu assambleyada qəbul etdiyimiz 14-16 saylı qətnamədə deyilirdi ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməlidir və azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz evlərinə dönməsinə imkan verilməlidir. Qəntamənin qəbulundan 9 il keçsə də, Ermənistan bu günə qədər onu yerinə yetirməkdən imtina edir. Sizcə, artıq 100 minlərlə insanın taleyinə laqeyd qalmayıb, daha sərt addımlara əl atmaq vaxtı deyilmi? Hər il 100-lərlə insan öz evinə dönmək həsrəti ilə dünyadan köçür. Bundan artıq faciə ola bilərmi? Mən Assambleyamızı Cənubi Qafqazda da məcbiri köçkünlərin vəziyyəti ilə bağlı yaxın zamanlarda müzakirələr aparmağa çağırıram. Çünki harada olmasından asılı olmayaraq biz qaçqın və məcburi köçkünlərin məsələsini daha çox diqqətdə saxlamalı və onlara öz kömək əlimizi uzatmalıyıq”.
KAMİL




Bu yazı ( 155 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar