12px14px16px18px

Fəzail Ağamalı: “Azərbaycanın silahlanmasının başlıca günahkarı Ermənistanın təcavüzü və onu himayə edən ölkələrdir”

05:36 / 28.04.2012
“Kimin nə deməsindən asılı olmayaraq, Azərbaycan təcavüzə məruz qalan ölkədir . 20 ildən yuxarıdır ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş əraziləri məhz beynəlxalq qüvvələrin, beynəlxalq güclərin, ayrı-ayrı dövlətlərin himayəsi ilə Ermənistan tərəfindən azad edilmir”. Bu fikirləri mətbuata açıqlamasında millət vəkili, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı bəzi beynəlxalq qurumlar tərəfindən Azərbaycanın regionda ən çox silahlanmaya üstünlük verən ölkə olması barədə səsləndirilən bəyanatlara münasibətini bildirərkən dilə gətirib. Millət vəkilinin dediyinə görə, hazırda münaqişənin tənzimlənməsi ilə bağlı sülh danışıqları gedir və dəfələrlə ölkə prezidentinin də söylədiyi kimi, biz müharibə yolu ilə problemimizi, işğal olunmuş torpaqlarımızı azad etmək gücünə malikik: “Lakin eyni zamanda, biz istəmirik qan tökülsün, istəyirik ki, məsələlər sülh yolu ilə həll olunsun. Bununla belə, təəssüflər olsun ki, “məsələlər sülh yolu ilə həll edilsin” kimi xoşməramlı fikirlərimizə də beynəlxalq qüvvələr, beynəlxalq təşkilatlar yetərincə əhəmiyyət vermirlər. Belə olan təqdirdə, bunun müqabilində Azərbaycan, əlbəttə, məhz özünün ərazi bütövlüyünü, suverenliyini təmin etmək müharibəyə hazırlaşmalıdır. Əgər problem sülh yolu ilə həll olunmursa, onun alternativ yolu müharibədir”.
F. Ağamalı indi də bu fikirdədir ki, nəticə etibarilə biz həmin torpaqlarımızı, işğal olunmuş ərazilərimizi silah gücü həll etməli olacağıq. Çünki onun sözlərinə görə, Ermənistan hələ də işğal edilmiş torpaqlardan əl çəkmək niyyətində deyil: “Əgər onun Konstitusiyasında, əgər onun bayrağında, ayrı-ayrı rəmzlərində “böyük Ermənistan” elementləri varsa, o elementlərin içərisinə Türkiyə ilə bərabər Azərbaycan torpaqları da daxil edilirsə, deməli, bu onların ideologiyasıdır. Bu onların qarşıya qoyduğu strateji məqsəddir və onların strateji məqsədləri, bu ideologiyası da beynəlxalq güclər tərəfindən müdafiə olunur. Əgər müdafiə olunursa, biz də o zaman müharibəyə hazırlaşmalıyıq. Ona görə də beynəlxalq güclərin, ayrı-ayrı dövlətlərin, ayrı-ayrı beynəlxalq təşkilatların bu tip bəyanatlarının əsası yoxdur. Əgər istəmirlər ki, Azərbaycan bu cür silahlanmaya getməsin, bundan imtina etsin, – əlbəttə, biz də bunu istəyərdik – , çünki o silahlanmaya ayrılan vəsait ölkəmizin digər sahələrinə, əhalnin həyat səviyyəsinin yüksəldilməsinə, sosial-iqtisadi inkişafına və sairə sərf oluna bilər, o zaman haqqın-ədalətin yanında olsunlar. Əgər onlar silahlanmanı istəmirlərsə, onda Ermənistana – işğalçı dövlətə sanksiya tətbiq etsinlər, onu məcbur etsinlər ki, işğal olunmuş torpaqları azad etsin. Onda Azərbaycanın, əlbəttə, bu cür silahlanmaya bu dərəcədə vəsait ayırmasına ehtiyac yoxdur. Azərbaycanın bu gün silahlanmasının başlıca günahkarı Ermənistanın təcavüzü və onu himayə edən ölkələr, beynəlxalq təşkilatlardır”.
KAMİL



Bu yazı ( 41 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar