12px14px16px18px

Eldar İbrahimov: “Bu sənədin qəbulunda əsas məqsəd ölkə əhalisinin ərzaq təhlükəsizliyini təmin etməkdir”

05:34 / 28.04.2012
Aprelin 27-də Milli Məclisdə Aqrar siyasət və İqtisadi siyasət komitələrinin birgə iclası keçirilib. Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov gündəlikdəki “ Kənd təsərrüfatı kooperasiyası haqqında ” qanun layihəsi barədə ətraflı məlumat verib və qeyd edib ki, parlamentə ikinci oxunuş üçün təqdim ediləcək qanun layihəsində bir sıra düzəlişlər edilib. Onun dediyinə görə, VII fəsil, 32 maddədən ibarət olan layihədə kənd təsərrüfatı kooperativlərinin təşkili, fəaliyyəti, onların inkişafının dövlət tənzimlənməsinin hüquqi, iqtisadi əsasları öz əksini tapıb. O, sənədin qəbulunda əsas məqsədin ölkə əhalisinin ərzaq təhlükəsizliyini təmin etmək olduğunu vurğulayıb. Komitə sədri həmçinin deyib ki, sənəddə kooperativlərin fəaliyyəti çox geniş şəkildə şərh edilib, burada həmçinin bu sahənin dövlət tənzimlənməsi, himayəsi və maliyyə-kredit dəstəyi, onların inkişafında bələdiyyələrin vəzifələri, eləcə də istehsal olunacaq məhsulların satışı, bunun üçün ticarət yerlərinin ayrılması, qanunvericiliyin pozulmasına görə məsuliyyət, mübahisələrin həlli məsələləri ətraflı şəkildə verilib.
İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə isə bildirib ki, qanun layihəsinin qəbulu Azərbaycanda kənd təsərrüfatının inkişafına böyük dəstək olacaq. Onun qeyd etdiyinə görə, bu proses yalnız könüllü şəkildə aparılacaq və məhsuldarlığın artırılmasına, kənd əhalisinin vəziyyətinin yaxşılaşdırılmasına xidmət edəcək. Sonra qanun layihəsi ilə bağlı çıxış edən deputatlar lahiyənin hazırlanmasında ekspert və mütəxəssis rəylərinin nəzərə alındığını və ölkəmizdə fəaliyyət göstərən bir çox beynəlxalq təşkilatlarda müzakirə olunduğunu xüsusi vurğulayaraq, qanunun qəbul olunmasının vacibliyini qeyd ediblər. İclasda iştirak edən müvafiq orqanların nümayəndələri də öz növbələrində qanun layihəsinin qəbulunun əhəmiyyəti barədə fikirlərini açıqlayıblar.
Sonda sənəd yekdilliklə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Kamil HƏMZƏOĞLU



Bu yazı ( 32 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar