12px14px16px18px

Elman Abdullayev: “Riçard Morninqstarın namizədliyinin irəli sürülməsi ABŞ-ın Azərbaycana diqqətinin göstəricisidir”

05:34 / 28.04.2012
“Azərbaycana səfir vəzifəsinə namizəd irəli sürmək və ya təyin etmək ABŞ prezidentinin səlahiyyətlərinə daxil olan bir məsələdir və bu Amerika qanunvericiliyi çərçivəsində tənzimlənən prosesdir”. Bu barədə XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev prezident Barak Obamanın Konqresə Azərbaycanda səfir postuna Dövlət Departamentinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstarın namizədliyini təklif etməsini şərh edərkən deyib.O bildirib ki, Morninqstar ABŞ-ın bir neçə prezidenti ilə çalışıb, təcrübəli diplomat və güclü alimdir, regionu da yaxşı tanıyır. “Azərbaycan regionda xüsusi əhəmiyyətə malik ölkədir. Bunu nəzərə alaraq demək olar ki, Morninqstar kimi təcrübəli diplomatın namizədliyinin irəli sürülməsi ABŞ-ın Azərbaycana olan diqqətinin göstəricisidir”.
Politoloq, millət vəkili Rasim Musabəyov da Morninqstarın səfir postuna namizədliyinin irəli sürülməsini çox gözəl bir təklif adlandırıb. O, deyib ki, Morninqstar təcrübəli diplomat olmaqla yanaşı, həm də bölgəni yaxşı tanıyır, Azərbaycanda geniş əlaqələrə malikdir: “Morninqstar ABŞ-da böyük nüfuza malik olan şəxsdir. Onu Azərbaycan üçün məqbul hesab edirəm. Mənfi olan budur ki, onun yaşı çoxdur, amma ağlı yerindədir. Ona görə də yaşın onun işinə mənfi təsiri olacağını düşünmürəm”.
Politoloq deyib ki, adətən ABŞ səfirləri 2-3 il müddətinə təyin edilirlər. “Hesab edirəm ki, Morninqstar səfir kimi təsdiqlənərsə, bu, iki ölkənin münasibətləri baxımından çox əhəmiyyətli olacaq”.
Millət vəkili Konqres üzvlərindən kimlərinsə Morninqstarın namizədliyinə qarşı çıxacağını düşünmür. “Buna cəsarət etməzlər. Çünki dediyim kimi Morninqstar böyük nüfuzu olan şəxsdir. Buna kimsə cəhd edərsə, özü biabır olacaq”.
Qeyd edək ki, bundan əvvəl ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza olub. Obamanın səfir təyin etdiyi Brayzanın namizədliyi Senat tərəfindən dəstəklənmədiyindən o, bir illik diplomatik fəaliyyətindən sonra Azərbaycandakı missiyasını başa vurub.
PƏRVANƏ



Bu yazı ( 39 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar