12px14px16px18px

“Eurovision”un boykot edilməsi çağırışlarının tərəfdarı deyiləm”

AVROPA ŞURASININ BAŞ KATİBİ: “BU CÜR TƏDBİRLƏRİ SİYASİLƏŞDİRMƏKDƏN ÇƏKİNMƏK LAZIMDIR”

12:25 / 27.04.2012 Avropa Şurasının baş katibi Torbyörn Yaqlandın APA-ya müsahibəsi

– Ötən il Azərbaycan Avropa Şurasına üzv qəbul edilməsinin 10 illiyini qeyd etdi. Bu 10 il ərzində Azərbaycanla əməkdaşlığı necə qiymətləndirirsiniz?
– Azərbaycanın Avropa Şurasına üzv olması çox əhəmiyyətli hadisədir. Azərbaycan təşkilatımızın tam hüquqlu üzv olaraq Avropa İnsan Hüquqları Konvensiyasına qoşulub və üzərinə bu konvensiyadan irəli gələn öhdəliklər götürüb. Azərbaycanın da bir sıra normalara hörmətlə yanaşması çox vacibdir. Azərbaycanın və Ermənistanın Avropa Şurasına üzv olduqları vaxt Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə imkan yaradılması üçün bizim çox böyük gözləntilərimiz vardı. Çox təəssüf ki, 10 il ərzində bu baş vermədi. Təəssüf ki, Azərbaycanda mənfi tendensiyaların baş verməsi də hiss olunmaqdadır. Xüsusən də mətbuat və sərbəst toplaşma azadlıqları kimi bəzi mühüm dəyərlərimiz olan məsələlərlə bağlı problemlər var, bu da bizim narahatlığımıza səbəb olur. Bundan başqa, Avropa Şurası Parlament Assambleyası tərəfindən Azərbaycandakı siyasi məhbuslar üzrə hesabat hazırlanmasının mümkünlüyünə dair də fikir ayrılığı mövcuddur.
– Azərbaycanla Avropa Şurası arasında Fəaliyyət Planı və Anlaşma Memorandumu ilə bağlı aparılan işlər nə yerdədir, bu sənəd nə vaxt imzalanacaq?
– Ümid edirəm ki, Fəaliyyət Planı və Anlaşma Memorandumu məsələlərini bacardığımız qədər tez bir zamanda yekunlaşdıra biləcəyik. Biz bu məsələlərlə bağlı hazırda Azərbaycan rəsmiləri ilə danışıqlar aparırıq və yaxın zamanda yekun qərarın qəbul ediləcəyinə ümid bəsləyirəm. Əslində, Memorandumun yekunlaşdırılması və imzalanması üçün mənim Bakıya səfər etməyim yaxşı bir fikirdir. Lakin bunun nə vaxt baş verəcəyini indidən demək çox tez olardı. Məncə, bu səfərin yaydan əvvəl baş tutacağını söyləmək real deyil.
– Ötən həftə Azərbaycanda jurnalistlərin vəziyyəti ilə bağlı bəyanat vermişdiniz, ölkədə keçiriləcək “Eurovision” yarışmasına da toxunmuşdunuz. Amma Avropada bu musiqi bayramını boykot etməyə çağıranlar da var. Sizcə, bu mədəni tədbiri bu qədər siyasiləşdirmək nə dərəcədə düzgün addımdır?
– Təbii ki, mən belə mədəni tədbirlərin boykot edilməsi istiqamətindəki çağırışların tərəfdarı deyiləm və bu cür tədbirləri siyasiləşdirməkdən çəkinmək lazımdır. Amma Azərbaycan belə tədbiri təşkil edəcəyini öz üzərinə götürdüyü andan ölkədəki daxili vəziyyətlə bağlı müzakirələrin olacağına hazır olmalı, bunu gözləməli idi. Yəni bilməli idi ki, media və müəyyən QHT-lər mətbuat və sərbəst toplaşma azadlıqları kimi məsələləri qaldıracaqlar və əslində, elə bu da bir növ tədbirin tərkib hissəsidir.
Tədbiri keçirməyə qərar verdikdə, gərək bu tədbirin ətrafında baş verəcək məsələlərin olacağı da qəbul edilsin. Bu, elə futbol yarışı kimidir. Futbol üzrə çempionatda yalnız futbol oynamırsan, ortaya çıxan başqa məsələlər də az olmur.
– Son vaxtlar bir çox beynəlxalq təşkilat, o cümlədən Avropa Birliyi ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki işinə fəal şəkildə dəstək verir. Bəs, Avropa Şurası bu mənada hansı təşəbbüslərlə çıxış edə bilər?
– Əlbəttə ki, biz Avropa Şurası olaraq ATƏT-in Minsk Qrupunda deyilik, aparılan bu danışıqlarda iştirak etmirik və müzakirələr aparmaq üçün dəvət də almamışıq. Amma Azərbaycan və Ermənistanın təşkilatımızın üzvü olmalarını nəzərə alaraq deməliyəm ki, hər iki dövlət bu istiqamətdə vəziyyətin yaxşılaşması üçün öz töhfələrini verməlidir. Məsələn, Avropa Şurası Nazirlər Komitəsində hər iki ölkə səfirlərinin bir yerdə oturması və yaxud AŞPA-da parlament nümayəndə heyətlərinin bir araya gələ bilməsi özü elə bu istiqamətdə atılmış müsbət addımlardandır.
– AŞPA-dakı Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin bir araya gəlməsindən danışdınız. Məlum olduğu kimi, AŞPA-nın Dağlıq Qarabağ üzrə yaratdığı alt komitə Ermənistan nümayəndə heyətinin bu komitənin işlərində iştirak etməməsi üzündən tam şəkildə fəaliyyət göstərə bilmir. Təşkilatınızın bu komitənin fəaliyyətinin bərpa edilməsi istiqamətində hansısa addım atmaq niyyəti varmı?
– Bu məsələ daha çox AŞPA-ya aiddir, ona görə də bu məsələ ilə bağlı şərh vermək istəməzdim. Bununla belə, hesab edirəm ki, belə məsələlər münaqişənin çətinliklərindən irəli gəlir. Avropa Şurası bu münaqişənin siyasi həlli variantını tapmaq sahəsində hansısa rol oynamır. Lakin yenə də ümid edirəm ki, təşkilatımız daxilində iki ölkənin səfirlərinin bir yerdə oturması, parlament nümayəndə heyətlərinin bir araya gəlmələri bu münaqişənin həlli istiqamətindəki ümumi prosesə müsbət təsir göstərə biləcək.




Bu yazı ( 80 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar