12px14px16px18px

Elmira Süleymanova: “Avropada Azərbaycan Ombudsmanının müstəqilliyi heç zaman şübhə altına alınmayıb”

11:59 / 27.04.2012
“Azərbaycanda media hüquqlarının təmin olunmasında mühüm addımlar atılır. Ancaq mətbuat indeksi reytinqini açıqlayan təşkilatlar cavab verə bilər ki, onlar nəyin əsasında bu cədvəli tərtib edirlər”. APA məlumatına görə, bunu Ombudsman Elmira Süleymanova Azərbaycanın Beynəlxalq mətbuat indeksi reytinqdə bu il 10 pillə geriləməsi, 179 ölkə arasında 162-ci yeri tutması barədə suallara cavabında bildirib. Ombudsman bildirib ki, belə reytinqləri müəyyənləşdirən zaman subyektiv fikirlər də nəzərə alınır: “Məsələn, qeyd olunur ki, Azərbaycanda ombudsman o qədər də müstəqil deyil. Mən birmənalı deyirəm ki, Avropa məkanında Azərbaycan ombudsmanının müstəqilliyi heç zaman şübhə altına alınmayıb”. “Eurovision – 2012” mahnı müsabiqəsinin ərəfəsində beynəlxalq mediada Azərbaycana qarşı kampaniya başladılması barədə suala cavabında E. Süleymanova bunu “qərəzlı hərəkətlər” adlandırıb. E.Süleymanova Sulutəpə qəsəbəsində söküntü işləri aparılan zaman jurnalist İdrak Abbasova qarşı zorakılığa yol verilməsi faktına münasibət bildirərkən deyib: “Söküntü işləri aparılanda mütləq şəkildə bunu aparan insanlar hansısa təlimat keçməli, məhkəmə qərarını necə icra etməyi bilməlidirlər. Təsadüfi insanlar o işə cəlb olunmamalıdırlar”. Bu məsələ ilə bağlı obyektiv və hərtərəfli araşdırma aparılması üçün baş prokurora və daxili işlər nazirinə müraciət etdiyini xatırladan Ombudsman günahkarların üzə çıxarılaraq, cəzalandırılacağına ümidvar olduğunu bildirib. “Xəyal” televiziyasının redaktoru, hazırda həbsdə olan Zaur Quliyevin işgəncələrə məruz qalması ilə bağlı suala cavabında E. Süleymanova bildirib ki, bu məsələnin də araşdırılması üçün baş prokuror və daxili işlər nazirinə müraciət edib: “Biz o redaktorla neçə dəfə görüşmüşük, işgəncəyə məruz qalması barədə bir dəfə də şikayəti olmayıb. Bununla belə, faktın araşdırılması üçün baş prokurora və daxili işlər orqanlarına müraciət etmişik”. E. Süleymanova Azərbaycanda ümumiyyətlə işgəncə faktı aşkar etmədiklərini deyib: “Bununla belə, bəzi müəyyən kobud rəftar halları olur. Ona görə də biz aidiyyəti orqanlara müraciət etmişik ki, bunlar beynəlxalq normalara uyğunlaşdırılsın”.



Bu yazı ( 67 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar