12px14px16px18px

Millət vəkili ABŞ-ın Luiziana ştatının qubernatoru ilə görüşüb

11:56 / 27.04.2012
Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə Vaşinqtonda “Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 20 illiyi: nailiyyətlər və perspektivlər” konfransı çərçivəsində keçirilən görüşlərdə iştirak edib. O, Azərbaycan nümayəndə heyəti ilə birlikdə ABŞ-ın Luiziana ştatının qubernatoru Bobbi Cindalla görüşüb. Görüşdə qubernator Cindal Azərbaycan və Amerika xalqlarını bu əlamətdar hadisə münasibəti ilə təbrik edib. O, ötən müddətdə iki ölkə arasında çoxşaxəli əlaqələrin inkişaf etdiyini bildirib, enerji sahəsində Azərbaycanın əldə etdiyi nailiyyətləri müsbət qiymətləndirib. Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulduğunu və inkişaf etdiyini söyləyən qubernator Cindal iki ölkə arasında beynəlxalq təhlükəsizlik sahəsində yüksək səviyyəli münasibətlərin olduğuna diqqət çəkib. Enerji sektoruna qoyulan sərmayələrin əhəmiyyətini qeyd edən B. Cindal bunun yeni iş yerlərinin açılmasında, iqtisadiyyatın yüksəlişində böyük rol oynadığını deyib. Rəhbərlik etdiyi ştatda bu sahədə həyata keçirilən işlərdən danışan qubernator Azərbaycan kimi Luiziana ştatının da enerji təhlükəsizliyinə xüsusi önəm verdiyini bildirib. O, Luiziana ilə Azərbaycanın oxşarlığına diqqət çəkərək, digər ştat və dövlətlərin dünyada enerji təchizatına verdiyi töhfələrin də əhəmiyyətini vurğulayıb. Tədbirdə Azərbaycanın müstəqilliyi bərpa ediləndən sonra ABŞ-la strateji münasibətlərin qurulduğu və durmadan inkişaf etdiyi söylənilib, bu əməkdaşlığın gələcək illərdə daha da genişlənəcəyinə və dərinləşəcəyinə əminlik ifadə olunub. Görüşdə ABŞ-ın federal, ştat və yerli idarəçilik orqanlarının təmsilçiləri, müxtəlif ştatlardan gələn qonaqlar, həmçinin ABŞ-da fəaliyyət göstərən Azərbaycan və Türkiyə ictimai təşkilatlarının təmsilçiləri də iştirak ediblər. Diplomatik münasibətlərə həsr olunmuş konfrans bu gün Vaşinqtonun tarixi “Willard Intercontinental” otelində keçiriləcək. Tədbir Amerikalı və Avrasiyalıların “Turkaz” Şurası, USAN Amerika Azərbaycanlıları Şəbəkəsi, “Caspian” Strateji İnstitutu, ABŞ-ın Cons Hopkins Universiteti tərəfindən təşkil edilib. VAHAB



Bu yazı ( 68 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar