12px14px16px18px

Eldar İbrahimov: “Azərbaycanın hərbi gücü və müasir standartlara cavab verən güclü ordusu torpaqlarımızı geri qaytara bilmək üçün kifayətdir”

10:22 / 20.04.2012
“Azərbaycan prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin I rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə dövlət başçısı ölkənin bütün sahələrdə əldə etdiyi uğurlar haqda ətraflı məlumat verdi. Pensiyaların artırılması, sosial rifahın yaxşılaşdırılması baxımından bu çıxış xüsusi önəm daşıyırdı. Ölkə rəhbəri çıxışı zamanı böyük təsərrüfatların yaradılması ilə bağlı göstəriş verdi. Bu isə bir çox sahələrdə əldə olunacaq uğurlardan xəbər verir”. Bu fikirləri mətbuata açıqlamasında millət vəkili Eldar İbrahimov deyib. O deyib ki, bu gün özümüzü bütün kənd təsərrüfatı məhsulları ilə təmin etmək, hətta xarici bazarlara da çıxmaq imkanımız var: “Ümumiyyətlə, Azərbaycanda kənd təsərrüfatı sahəsinə ciddi qayğı göstərilir. Subsidiyaların verilməsi, keçən illə müqayisədə bu il büdcədən 450 milyondan çox vəsait ayrılması da sözügedən qayğının bariz nümunəsidir. Müşavirədə toxunulan əsas məsələlərdən biri də melorasiya ilə bağlı idi. Yeni torpaqların suvarılması və taxılçılıq, üzümçülük təsərrüfatları üçün yeni torpaqların ayrılması kimi məsələlər də dövlət başçısının çıxışında öz əksini tapdı. Düzdür, əvvəlki illərlə müqayisədə Azərbaycan müstəqilliyinin 20-ci ilində olan bir ölkə kimi bütün sahələrdə bir sıra uğurlar əldə edib. Lakin hesab edirəm ki, bu uğurları daha da inkişaf etdirmək üçün iri təsərrüfatlara keçmək və yeni torpaqların istifadəyə verilməsi ciddi töhyə olacaq”. O deyib ki, bu gün Azərbaycan sürətli inkişaf tempi ilə Avropaya inteqrasiya olunmağı qarşısına məqsəd qoyub. Əgər yolumuz Avropa yoludursa, biz onlarda olan bütün müsbət halları özümüzdə tətbiq etməliyik. Ümumilikdə müşavirədə prezidentimizin sosial, iqtisadi məsələlərin həlli Azərbaycanın Avropaya inteqrasiyası və digər sahələrlə bağlı çıxışlarını yüksək qiymətləndirirəm. Xüsusilə qeyd etmək istəyirəm ki, dövlət başçısının bütün sahələrdə bir mütəxəssisdən daha ətraflı məlumat verməsi qürurverici haldır. “Xalq ölkə prezidentinin siyasətini dəstəkləyir və alqışlayır. Çünki insanlar onların uğrunda görülən işləri də, atılan addımları da yaxından izləmə şansına sahibdirlər. Ümumiyyətlə, iqtisadiyyatı güclü olmayan ölkənin siyasəti də güclü ola bilməz. Əgər diqqət etsək görərik ki, qısa müddət ərzində dövlət büdcəmiz kifayət qədər artıb. 1996-cı ildə dövlət büdcəmiz 500 milyon manat təşkil edirdi. Bu gün Bakı-Tibilisi-Ceyhan, Bakı-Tibilisi-Ərzurum neft qaz kəmərləri bütün dünyaya çıxır. Çexiya, Bolqarıstan, Rumıniya kimi bir sıra ölkələrə bu gün neft satmağımız Avropanın yanacağımıza görə bizdən asılı hala düşdüyünü göstərir. Artıq Ukrayna Rusiyadan imtina edərək Azərbaycandan neft almağa hazırlaşır. Bütün bunlar isə Azərbaycanın güclü, dinamik inkişafından xəbər verir. Heç şübhəsiz ki, bu inkişafın arxasında Azərbaycanın Davos İqtisadi Forumunda, Münhendəki Təhlükəsizlik Konfransında, Koreyada keçirilən Nüvə Təhlükəsizliyi Sammitində iştirakı durur. Yəni, bütün bunlar Azərbaycanın gücünün dünyaya bəyan edilməsində önəmli meydanlardır. Azərbaycanın 193 ölkədən 155-nin səsini alaraq BMT Təhlükəsizlik Şurasının qeyri daimi üzvü seçilməsi isə tariximizdə qeyd oluna biləcək ən önəmli hadisələrdən biridir. Ona görə də, bu uğurlara gətirib çıxaran siyasətlə hər şeydən əvvəl bir vətəndaş kimi fəxr etmək lazımdır”. Müşavirədə dövlət başçısının Dağlıq Qarabağ məsələsinə də toxunduğunu xatırladan millət vəkili deyib ki, ümumiyyətlə bütün müşavirələrdə, görüşlərdə, beynəlxalq konfranslarda, həm dövlət başçımız, həm xarici işlər naziri, həm millət vəkilləri bütün məqamlarda Dağlıq Qarabağ məsələsi ilə bağlı mövqeyimizi və həqiqətlərimizi dünyaya çatdırmaq üçün əllərindən gələni edirlər: “1993-cü ildən bəri ATƏT PA-nın üzvü olaraq keçirilən iclaslarda da yaxından iştirak edirəm. Erməni deputatlarla görüşlərdə biz daima fikirlərimizi bildirir, onları tənqid edirdik. Bu gün də bu proses davam edir. Çox təəssüflər olsun ki, mən bu günə qədər həmişə ATƏT-in Minsk qrupunun fəaliyyətindən narazı olmuşam və bunu bu gün də gizlətmirəm. Düzdür, son zamanlar nə qədər hərəkətdə olduqlarını göstərməyə çalışsalar da nəticə eynidir. Bir yerdə isə əgər nəticə yoxdursa, deməli görülən işdən danışmaq mənasızdır. Onlar özləri də, bütün dünya da bilir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu məsələnin həll olunması üçün böyük səbr göstərir və sülh yoluna üstünlük verir. Təəssüflər olsun ki, siyasi iradəsizliyi ilə seçilən Serj Sarkisyan daima bu məsələnin həllindən qaçıb və gecikdirməyə çalışıb. Lakin onlar bilməlidirlər ki, cənab prezidentimizin də müşavirədə ifadə etdiyi kimi, bu məsələnin həllinin uzanması Ermənistanın ziyanına, Azərbaycanın isə xeyrinədir. Biz bu məsələnin sülh yolu ilə qansız, savaşsız həll olunması üçün əlimizdən gələni edirik. Azərbaycan müharibəyə meylli ölkə deyil və biz hər zaman sülhsevərliyimizlə seçilmişik. Lakin Ermənistan bu mövqeyinə davam etsə, Azərbaycanın verəcəyi cavabın nə olduğunu da, buna nə dərəcədə hazırlıqlı olduğumuzu da bilir. Bu gün Azərbaycanın hərbi gücü və müasir standartlara cavab verən güclü ordusu torpaqlarımızı geri qaytara bilmək üçün kifayətdir”. PƏRVANƏ   


Bu yazı ( 67 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar