12px14px16px18px

Fikrət Sadıxov: “Rusiya Cənubi Qafqazdakı maraqları naminə xarici siyasətinə düzəliş etməlidir”

02:00 / 19.04.2012


“Azərbaycan-Rusiya münasibətləri son vaxtlar strateji əhəmiyyətliliyin kifayət qədər yüksək səviyyəsinə yüksəlib. Lakin Dağlıq Qarabağ problemi məsələsində Rusiya tərəfinin mövqeyi kifayət qədər qəti və dəqiq deyil. Və mən Rusiyanın münaqişə tərəflərinə eyni cür yanaşdığını da düşünmürəm. Rusiya Ermənistanın müttəfiqi qismində çıxış etməkdədir”.
Politoloq Fikrət Sadıxov belə düşünür. O deyib ki, Ermənistan əsrlərdir ki, Rusiya imperiyasının Cənubi Qafqazda dayağıdır: “Lakin vəziyyət dəyişib, geosiyasi vəziyyət ümumilikdə başqadır. Buna görə də, Rusiyanın Ermənistanla bağlı etdiyi gediş artıq düzgün deyil. Məlum olduğu kimi, BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının işğalının dayandırılması ilə bağlı qətnamələri mövcuddur, Azərbaycan tərəfi danışıqlar prosesinin sülh yolu ilə həll olunmasının tərəfdarıdır. Rusiya Ermənistanla müttəfiqlik münasibətlərini qoruyub saxlamaqla yanaşı, bölgədə yaranan həqiqi vəziyyəti qiymətləndirməyi bacarmalıdır. Azərbaycanı Ermənistanla eyniləşdirmək olmaz. Çünki bu iki ölkənin eyniləşdirilməsi yaranmış həqiqi vəziyyətə tamamilə uyğun deyil. Məhz bu baxımdan, Rusiyaya münasibətdə bir sıra narazılıqlar meydana çıxmaqdadır”.
Politoloq Qarabağ məsələsində Rusiya ilə bağlı mövqeyinin dəyişmədiyini deyib: “ Bu məsələdə mənim fikirlərim heç də nikbin deyil. Rusiyanın siyasi elitası lap çoxdan və dərin şəkildə erməni maraqları ilə əlaqəlidir. Rusiya siyasi elitasının bu psixoloji ehkamını və mühafizəkar dayağını sındırmaq çox çətindir. Buna görə də, Azərbaycan təkcə Rusiyaya belə müraciətlər ünvanlamaqla, heç nəyə nail olmayacaq. Rəsmi Bakı Azərbaycanın Ermənistandan daha faydalı, sərfəli tərəfdaş olduğunu Rusiyanın diqqətinə çatdırmaq üçün əlindən gələn hər bir şeyi etməlidir. Məncə, yaranmış geosiyasi vəziyyətdə Ermənistan özünün əvvəlki cəlbediciliyini itirib. Və Rusiyanın Ermənistana öz platsdarmı, forpostu, Cənubi Qafqazdakı müttəfiqi qismində kor-koranə yanaşması artıq inersiya üzrə baş verməkdədir. Azərbaycan bu stereotipləri qırmalı, daha məqsədli mövqedən çıxış etməli, daha doğrusu, Rusiya ilə ikitərəfli münasibətləri möhkəmkəndirməklə, onu maraq obyektini dəyişməyə inandırmalıdır. Azərbaycan Ermənistanla dostluq münasibətlərinin saxlanmasının əleyhinə deyil. Lakin Ermənistanın Azərbaycanın əleyhinə kor-koranə şəkildə dəstəklənməsi Rusiyanın öz nüfuzuna birbaşa xələl gətirir”.
F.Sadıxov deyib ki, Azərbaycan Şimali Qafqazı əməli olaraq qazla təmin etməklə neft-qaz layihələrində Rusiya ilə kifayət qədər fəal əməkdaşlıq edir. Bu ciddi amildir. Eyni zamanda, Qəbələ RLS-i də problemin həllində əsas kart qismində istifadə edilə bilər.
“Bununla yanaşı, Azərbaycan milli prioritetlərini saxlamaq şərti ilə beynəlxalq arenada Rusiya ilə bir alyansda çıxış edə bilər. Azərbaycan Rusiya ilə hərbi-texniki əməkdaşlığı da gücləndirə bilər. Lakin bütün bunlar hansısa ritorikalar, birtərəfli razılaşma, Rusiya tərəfə reverans əsasında deyil, müəyyən məsələlərin icrası, demokratik tədbirlər şərti ilə baş verməlidir. Əlbəttə ki, bu, Rusiyanın özündə şəraitin çətinliyi nəzərə alınmaqla mürəkkəb prosesdir. Lap əgər Kreml Cənubi Qafqazda prioritetləri dəyişməyə qalxarsa, Rusiyada olan millətçi dairələr buna mane olacaqlar. Lakin, Rusiyanı bir sıra birgə strateji layihələrdə maraqlandırmaqla bu stereotipi sındırmaq olar”,-deyə o bildirib.
F.Sadıxov Dağlıq Qarabağ ərazisində hərbi bazanın yerləşdirilməsinin tərəfdarı olmadığını, əksinə, Qarabağın demilitarizasiya edilmiş zona elan edilməsinin tərfdarı olduğunu deyib: “Dağlıq Qarabağa bitişik ərazilər, həmçinin Azərbaycan-Ermənistan sərhədinə müxtəlif dövlətlərin sülhməramlıları yerləşdirilə bilər. Bu məsələdə sözügedən zonada lap Rusiya müşahidəçiləri və ya sülhməramlılarının yerləşdirilməsinə də razılıq vermək olar. Lakin Azərbaycan Dağlıq Qarabağa bitişik yeddi rayon azad olunacağı təqdirdə buna razı ola bilər, ardınca isə Azərbaycanın tərkibində Qarabağın özünün statusunun müəyyən edilməsi üzrə danışıqları davam etdirmək olar. Əgər Ermənistana olan hazırki subyektiv münasibəti şəraitində Rusiyaya Azərbaycanda hərbi baza verilərsə, o zaman bu Dağlıq Qarabağın itirilməsi anlamına gələ bilər”.
Politoloq düşünür ki, Rusiya əvvəlki stereotiplərindən imtina etməli və Cənubi Qafqazdakı maraqları naminə xarici siyasətinə düzəliş etməlidir.
PƏRVANƏ



Bu yazı ( 108 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar