12px14px16px18px

Nizami Cəfərov: “Mədəniyyət haqqında” yeni qanun layihəsində yeniliklər çoxdur”

01:52 / 19.04.2012
“Mədəniyyət haqqında” yeni qanun layihəsi Milli Məclisin iclasında birinci oxunuşda müzakirə edilib. Bu qanun layihəsində yeniliklər həddindən artıq çoxdur və daha çox mahiyyət məsələsi ilə bağlıdır”. Bu açıqlama ilə Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, professor Nizami Cəfərov çıxış edib. O deyib ki, 1998-ci ildə qəbul olunmuş “Mədəniyyət haqqında” qanun postsovet qanunu idi. “Yəni sovet dövründən qalan xeyli xüsusiyyətlər burada öz əksini tapıb. Bu xüsusiyyətlərdən biri də o idi ki, mədəniyyətin, incəsənətin dövlətin inhisarında olmasına çox fikir verilirdi. Bundan başqa, bir sıra anlayışlar dəqiqləşməmişdi. Azərbaycan mədəniyyətinin dünyaya təqdim olunması, təbliği ilə bağlı müəyyən müddəalar dəqiqləşdirilməmişdi. Mədəniyyətin, incəsənətin strukturu, tərkib hissələri ilə bağlı təsəvvürlər aydın deyildi. İncəsənət bu gün prodüsersiz yaşaya, istehlak oluna bilməz. Bu məsələ barədə, demək olar ki, qanunda heç nə yox idi. Bir sözlə, çoxlu belə çatışmazlıqlar var. Məsələn, bu gün şou-biznes çox geniş bir miqyas alıb. Son belə böyük musiqi tədbirimiz “Eurovision” müsabiqəsidir. Onun kifayət qədər özünəməxsus biznes tərkibi var. Bu məsələlər də qanunda artıq öz əksini tapıb. Güman edirik ki, müzakirələrin gedişində daha bir sıra məsələlər ortaya çıxacaq. Həm də bir məqamı xüsusi qeyd etmək istəyirəm. Son illərdə Azərbaycan mədəniyyəti, incəsənəti, onun ən müxtəlif sahələri sürətlə inkişaf edib, çox böyük təşkilati, praktiki işlər görülüb və gələcək üçün çox böyük inkişaf potensialı yaradılıb. Bunun qarşısında bizim qanunvericiliyimiz xeyli geri qalmışdı. İndi güman etmirəm ki, bu qanunu yeni, mükəmməl bir şəkildə qəbul etməklə irəli gedəcəyik. Təki biz həmişə qanunvericilikdə geri qalaq, amma mədəniyyətdə qabağa gedək”.
Komitə sədri deyib ki, bu, ölkə üçün mühüm bir imicdir: “Prezidentin dediyi sözlər bizim üçün prioritet təşkil edir. Dövlət başçısı deyib ki, “Bizim siyasətimiz, bizim işimizdir”. Biz həqiqətən çox mükəmməl qanunlar yarada bilərik. Amma o qanunlar işləməyəcəksə, onun əhəmiyyəti yoxdur. Lakin işin özü varsa və bu iş gedirsə, onu qanunlarla tənzimləmək daha asandır”.
N.Cəfərov deyib ki, Azərbaycan mədəniyyətinin təbiəti elədir ki, o həmişə dünya mədəniyyətinə açıq olub: “Bu bir tərəfdən Şərq mədəniyyəti ilə çox bağlıdır, digər tərəfdən isə Qərb mədəni dəyərlərini özündə ehtiva edir. Xüsusilə son əsrlərdə Azərbaycan mədəniyyəti çox mükəmməl bir şəkildə Avropa mədəniyyətini özündə əks etdirə bilib. Ona görə də Azərbaycanın dünya mədəniyyətinə inteqrasiyasında kifayət qədər güclü tarixi təcrübəsi var. Amma respublikamız müstəqillik qazandıqdan sonra bu məsələlər həm elmi-nəzəri baxımdan təhlil olunur, həm də bizim dövlətin siyasətində xüsusi bir yer tutur. Bu, mədəniyyətlə bağlı qanunlarda da öz əksini tapır. Biz dövlət olaraq milli mədəniyyətimizin dünya mədəniyyəti ilə sıx əlaqəsinin olduğunu etiraf edirik. Bu, sadəcə, deklorativ bir müddəa şəkildə bəyan edilmir, biz bunu beynəlxalq təşkilatlarla – UNESCO, Avropa İttifaqı, Avropa Şurası ilə əməkdaşlıq şəraitində, həyata keçirdiyimiz, ev sahibliyi etdiyimiz beynəlxalq layihələr, tədbirlərlə sübut edirik.
Ölkəmiz eyni zamanda həm Qərb, həm də Şərq dünyasının mədəniyyət məsələlərinin aparıcı rol oynadığı beynəlxalq qurumlarda fəal iştirak edir. Bu sahədə demək olar ki, hər il hər hansı bir beynəlxalq mədəni konvensiyaya, sənədə, təşəbbüsə qoşulur, onun icrasına dəstək veririk. Təsadüfi deyil ki, ölkənin birinci xanımı Mehriban Əliyeva UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiridir. Bu mənada mədəniyyət sahəsində onun xidmətləri əvəzsizdir. Bir məsələni də xüsusi vurğulamaq istərdim ki, biz daxil olduğumuz beynəlxalq mədəniyyət qurumlarında təkcə öz mədəniyyətimizi təbliğ etməklə, yaxud dünya mədəniyyətinin Azərbaycanda təbliği ilə məşğul olmuruq”.
Millət vəkili deyib ki, xüsusilə son zamanlar həm maddi, həm də qeyri-maddi irsin dünyaya təqdim olunmasında böyük hadisələr baş verdi: “Məsələn, Qobustan qayaüstü rəsmləri, İçərişəhər qoruğu dünyanın böyük mədəni irsinin nümunələri siyahısına daxil edildi. Bunun ardınca Azərbaycan muğam sənəti, aşıq sənəti, Azərbaycan xalça sənəti dünya mədəni irsi siyahısına salındı. Bildiyimiz kimi, Novruz bayramı dünyanın bir sıra ölkələrində qeyd olunur. Amma bu məsələdə Azərbaycan daha önə çıxdı və Novruz xalqımızın mənəvi-mədəni sərvəti kimi dünyaya təqdim olundu. Ölkəmizin yaxından iştirakı və təşəbbüsü ilə Novruz BMT səviyyəsində beynəlxalq bayram kimi qəbul olundu”.
Onun sözlərinə görə, Azərbaycan mədəni sərvətlərinin qorunub saxlanılması, inkişafı, daha uğurlu bir şəkildə, müasir texnologiyalara uyğun formada dünyaya təqdimatı sahəsində də ardıcıl işlər görür: “Qeyd etdiyim kimi, Azərbaycan son illər çox böyük mədəniyyət məclislərinə ev sahibliyi edir. Bir vaxtlar var idi ki, bu barədə heç düşünmək mümkün deyildi. Hətta müstəqilliyimizin ilk 10 ilində belə dünyanın böyük mədəniyyət toplantılarını, mədəniyyət xadimlərini Bakıda görmək çətin idi. İndi nəinki Bakıda, hətta Azərbaycanın regionlarında da beynəlxalq tədbirlər təşkil olunur”.
O deyib ki, Azərbaycan mədəniyyətin quruluşu, xüsusiyyətləri elə ola bilərdi ki, biz onu dünyaya təqdim etmək üçün çətinliklərlə üzləşərdik: “Birinci üstün cəhət odur ki, mədəniyyətimiz dünya üçün anlaşıqlıdır. Çünki tarixən dünya mədəniyyəti ilə sıx təmasda yaranıb. Ümumiyyətlə, türk xalqlarının təbiəti belədir. Dünyada nə qədər din varsa, türk xalqları onları qəbul edib, dünyanın ən çox, ən müxtəlif inkişaf etmiş dillərində ədəbiyyat yaradıblar. Musiqilərimizdə qədim, orta əsrlərin, ən müasir dövrün təranələri, elementləri var. Buna görə də mədəniyyətimizi dünyaya təqdim edərkən yad təsir bağışlamır, anlaşıqlı olur. Eyni zamanda, əlbəttə, ölkənin iqtisadi inkişafı, dövlətimizin mədəniyyət siyasəti də bu məsələdə aparıcı rol oynayır. Yəni ola bilərdi ki, biz müstəqillik illərindən sonra qazandığımız maddi sərvəti bu qədər səxavətlə mədəniyyətə qoymazdıq və istər-istəməz bu mədəniyyəti dünyaya tanıtmaqda bir az geri qalardıq. Baxmayaraq ki, bu gün dünya mədəniyyətimizi tanıyır, amma onu kütləviləşdirmək lazımdır. Eyni zamanda bizim mədəniyyətimiz həmişə müxtəlif xalqların, qonşu xalqların mədəniyyətinə təsir edib. Bununla yanaşı, bu gün mədəni sərvətimizin bəzi qüvvələr tərəfindən mənimsənilməsinə cəhdlərin qarşısını daha fəal şəkildə almalıyıq”.
Komitə sədri deyib ki, əgər ermənilərin bu məsələdə yaratdığı hay-küy beynəlxalq aləmə çıxarılırsa, istər-istəməz biz öz mədəniyyətimizə sahib çıxmalıyıq: “Dövlətimizin mədəniyyət siyasətinə gəlincə, əlbəttə, bu da mühüm məsələdir. Belə ki, ümummilli liderimiz Heydər Əliyev tərəfindən hazırlanan Azərbaycan dövlətinin mədəniyyət siyasəti çox uğurlu bir istiqamətdir. Buraya birinci növbədə tarix boyu yaratdığımız klassik mədəniyyətin mənimsənilməsi daxildir. Əlbəttə, tarixi tez-tez yada salmasan, tədqiq etməsən, o unudular. Mədəniyyətin, incəsənətin yaranması, yayılması, onun istifadə olunması da istər-istəməz bazar münasibətlərinin diktə etdiyi müəyyən xüsusiyyətlərdən asılıdır və bu proses də indi bizdə gedir. Bu baxımdan biz mədəniyyət, incəsənət sənayemizi dünyaya çıxarmağın texnikasını öyrənməliyik”.
PƏRVANƏ



Bu yazı ( 92 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar