12px14px16px18px

Oqtay Əsədov: “Kristian Vigeninin Ermənistana işğalçı deməyə ürəyi gəlmədi”

13:28 / 07.04.2012 Dünən Milli Məclisin növbəti iclasında millət vəkilləri bir sıra mühüm məsələləri müzakirə ediblər. Cari məsələlər üçün ayrılmış vaxtda çıxış edən millət vəkili Fazil Mustafa regionlarda tikilən olimpiya komplekslərində gənclərin idmanla məşğul olmasına şərait yaradılmamasından şikayətlənib.
Yeni Azərbaycan Partiyasının icraçı katibinin müavini Siyavuş Novruzov Bakıda Avronest Parlament Assambleyasının yüksək səviyyədə keçirildiyini söyləyib. O deyib ki, bu da göstərir ki, Azərbaycan idman tədbirlər kimi siyasi tədbirləri də yüksək səviyyədə keçirməyə qadirdir. S.Novruzov olimpiya idman komplekslərinin isə peşəkar idmançılar üçün nəzərdə tutulduğunu qeyd edib.
Millət vəkili Elman Məmmədov işğal altındakı ərazilərdə və Ermənistanda minlərlə azərbaycanlı qəbiristanlıqlarının dağıdıldığını vurğulayıb: “Ermənilərin Bakıda bir qəbiristanlığının dağıdılmaması barədə az qala and içirdik. Ancaq işğal olunmuş ərazilərdə və Ermənistanda nə qədər qəbiristanlıqlarımız, abidələrimiz dağıdılıb? Bir xalqa ki, əli azərbaycanlıların qanına batmış Serj Sarkisyan rəhbərlik edir, onların adı faşistdir. Başqa onlara nə ad vermək olar?”.
Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə də erməni mətbuatında Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı ilə bağlı yazılanlara toxunub: “Xocalıda hərbi cinayətləri törədənlər beynəlxalq tribunallara cəlb olunmalıdırlar və onların əməllərinə hüquqi qiymət verilməlidir. Bizim məhkəmə-hüquq sistemi bu istiqamətdə çalışmalı və beynəlxalq tribunalın yaradılmasına çalışmalıyıq. Biz bu məsələ ilə bağlı dünyaya ciddi müraciət etməliyik. Xocalı qətliamı ilə bağlı beynəlxalq tribunalın yaradılması üçün Avropa parlamentlərinə müraciət etməliyik”.
A.Mollazadə ali və orta təhsil haqqında qanunların da parlamentdə təcili qəbulunu zəruri sayıb.
Millət vəkili Aqil Abbas da Avronest Parlament Assambleyasının sessiyanın təşkilində Milli Məclis rəhbərliyinin fəaliyyətini yüksək dəyərləndirib. O, ermənilərin, Sergey Lavrovun sözlərinə ciddi diqqət yetirilməməsini istəyib: “Xalqımızın, prezidentimizin sözləri Quran ayəsidir. O torpaqları azad edəcəyik. Bizim deputatlar Ermənistana Avronest Parlament Assambleyasının komitə iclasında iştirak etməyə gedəndə onları az qala təcridxanada saxlamışıq. Avropa Parlament Assambleyasının həmsədri Kristian Vigenin də Ermənistanı işğalçı adlandırdı”.
Spiker Oqtay Əsədov isə Avronest Parlament Assambleyasının sessiyasında iştirak etmək üçün Azərbaycana 70 deputatın gəldiyini bildirib: “Azərbaycan sessiyanın keçirilməsi üçün yüksək şərait yaradılıb. Ancaq Ermənistanı Kristian Vigenin yox, digər həmsədr, ukraynalı deputat Boris Tarasyuk işğalçı adlandırdı. Kristian Vigeninin Ermənistana işğalçı deməyə ürəyi gəlmədi”.
Bununla da cari məsələlər üçün ayrılmış vaxt başa çatıb, gündəlikdəki məsələlərin müzakirəsinə keçilib.
Kamil HƏMZƏOĞLU











Bu yazı ( 166 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar