12px14px16px18px

Oqtay Əsədov: “Avronest”in tədbiri göstərdi ki,biz beynəlxalq tədbirləri yüksək səviyyədə keçirə bilirik”

13:23 / 07.04.2012
Bir neçə gün öncə Azərbaycanda, parlamentdə çox önəmli tədbir keçirildi. Yəni “Avronest” Parlament Assambleyasının (PA) ikinci növbəti sessiyasının Bakıda keçirilməsi həm ölkəmiz, həm də parlamentimiz üçün çox mühüm əhəmiyyət kəsb edən hadisə idi.Bu fikirləri parlamentin növbəti plenar iclasında çıxışı zamanı millət vəkili Qənirə Paşayeva dilə gətirib. Millət vəkilinin bildirdiyinə görə, istər Azərbaycan dövləti, istərsə də Milli Məclis bu tədbirə çox yüksək səviyyədə ev sahibliyi etdi.
Bu məsələyə toxunan spiker Oqtay Əsədov isə bildirib ki, o, bu tədbirin uğurlu alınmasında əməyi keçən hər bir insana, o cümlədən Azərbaycanın “Avronest” PA-dakı nümayəndə heyətinin üzvlərinə minnətdardır: “Bildiyiniz kimi, bu tədbirdə Ermənistan nümayəndə heyətinin üzvləri də iştirak edirdi. Biz çalışdıq ki, onları çox yüksək səviyyədə qarşılayaq.
Baxmayaraq ki, İrəvanda keçirilən tədbirdə bizim nümayəndə heyətinin üzvləri ilə bağlı müəyyən problemlər yaratmışdılar, amma biz onları yüksək səviyyədə qarşılamağa nail olduq.
Təəssüf ki, onlar sessiyanın sonuncu günü yenə narazılıq yaratmağa çalışdılar, belə bir bəyanat səsləndirdilər ki, Azərbaycan prezidenti çıxışında onları faşist adlandırıb. Ancaq bu, əslində belə deyil. Cənab prezident çıxışında qeyd etdi ki, “Xocalıda baş verən hadisə barbarlıq və faşizm nümunəsidir”. Bununla belə, bir daha hesab edirəm ki, “Avronest”in son tədbiri göstərdi ki, Azərbaycan istənilən beynəlxalq təşkilatın forumlarını yüksək səviyyədə keçirə bilər”.
Kamil HƏMZƏOĞLU



Bu yazı ( 157 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar