12px14px16px18px

Millət vəkili Azərbaycanın İraqda səfirliyinin açılmasını təklif edib

13:22 / 07.04.2012 Son illər Azərbaycanla İraq arasında əməkdaşlıq, xüsusilə parlamentlərarası əməkdaşlıq genişlənməkdədir. Bunu parlamentin növbəti plenar iclasında millət vəkili Qənirə Paşayeva dilə gətirib. Onun qeyd etdiyinə görə, həmçinin istər Azərbaycan parlamentinin, istər İraq parlamentinin bu ölkələr üzrə parlamentlərarası işçi qruplarının əlaqələri genişlənməkdə, İraq və Azərbaycan parlamentarilərinin bir-birlərinə qarşılıqlı səfərləri artmaqdadır: “Lakin çox təəssüflər olsun ki, Azərbaycanın indiyə qədər İraqda səfirliyi fəaliyyət göstərmir. Nəzərə alsaq ki, İraq parlamentinin, o cümlədən İraq-Azərbaycan parlamentlərarası işçi qrupununun üzvlərinin bəziləri türkman kökənli soydaşlarımızdır”.
Onun qeyd etdiyinə görə, rəsmi məlumata əsasən, İraqda 2 milyona yaxın türkman kökənli insanımız yaşayır: “Bu baxımdan onlar da Azərbaycana səfərləri zamanı bu məsələni qaldırırlar ki, İraqın Azərbaycanda səfiri olduğu kimi, Azərbaycanın da İraqda səfirliyi fəaliyyət göstərsin”.
Q.Paşayeva qeyd edib ki, Azərbaycan-İraq əlaqələri getdikcə genişlənir, İraq ətrafında yerləşən ölkələrin əksəriyyətində Azərbaycanın səfirlikləri var. “O zaman çox önəmli bir addım olardı ki, Azərbaycanın İraqda da səfirliyi fəaliyyət göstərsin. Onu da nəzərinizə çatdırım ki, İraq parlamentinin, o cümlədən parlamentləarası işçi qrupunun üzvləri son vaxtlar Qarabağ məsələsini, Xocalı məsələsini İraq parlamentində qaldırırlar və çalışırlar ki, bu ölkə də bu məsələlərə öz ədalətli qiymətini versin. Belə olduğu təqdirdə, Azərbaycan səfirliyinin də bu proseslərdə iştirak etməsi çox əhəmiyyətli ola bilərdi. Ona görə xahiş edirəm ki, Azərbaycan parlamenti ölkəmizin İraqda səfirliyinin açılması məsələsinə öz dəstəyini göstərsin”.
Kamil HƏMZƏOĞLU




Bu yazı ( 235 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar