12px14px16px18px

Hesablama Palatasının hesabatı qəbul olunub

13:13 / 07.04.2012
2011-ci ildə Hesablama Palatası tərəfindən 46 nəzarət tədbiri həyata keçirilib. Bunu parlamentin növbəti plenar iclasında Hesablama Palatasının hesabatının müzakirəsi zamanı sözügedən qurumun rəhbəri Heydər Əsədov dilə gətirib. H.Əsədovun bildirdiyinə görə, parlamentdə Hesablama Palatasının hesabatı dinlənilərkən millət vəkilləri tərəfindən böyük infrastruktur sahələrinin layihələrinin də bu prosesə cəlb olunmasının vacibliyi vurğulanıb. “Ona görə, Palatamız tərəfindən 2011-ci ildə fəaliyyətimiz bu istiqamətdə də şaxələndirildi. Yəni, təkcə təhsil, mədəniyyət, səhiyyə sahələri deyil, enerji kompleksi, məxfi bir neçə sahə də auditin predmeti oldu. Çox təəssüflər olsun ki, keçirilən audit zamanı əvvəlki illərdə rast gəlinən xarakterik nöqsanlar 2011-ci ildə də özünü göstərdi. Daha doğrusu, ayrı-ayrı təşkilatlar tərəfindən xarakterik nöqsanların davam etdirilməsi halları aşkarlandı. Bu nöqsanlardan ən əsası bəzi büdcə təşkilatlarının satınalmalardan yayınması, həmçinin bu prosesə səriştəsiz təşkilatların cəlb olunması idi. Eyni zamanda, ehtimal olunan qiymətlərin aşağıya salınması smeta tərtib olunmadan, müvafiq ekspertizaların rəyləri alınmadan bəzi infrastruktur layihələrinin icrasına başlanması xarakterik nöqsanlardan birini təşkil etdi”.
Hesabata münasibət bildirən millət vəkili Fəzail İbrahimli hesabatın yüksək səviyyədə hazırlandığını söyləyib. Ancaq onu kövrəldən məqam da olub: “Hesabatda İçərişəhər Dövlət Qoruğu İdarəsi ilə bağlı məqam qeyd olunub. İçərişəhəri qorumaq onlara tapşırılıb, ancaq onlar nəfislərini qoruya bilməyib. Bu, məni kövrəltdi”.
Millət vəkili Elmira Axundova isə deyib ki, kənd məktəblərinin çoxunda istilik sisteminin qurulması üçün vəsait ayrıldığını, lakin istilik sistemlərinin işləmədiyini bildirib. O, Hesabat Palatasının bu məsələləri diqqət mərkəzində saxlamasını istəyib.
Millət vəkili İlyas İsmayılov Heydər Əsədovdan büdcə vəsaitinin düzgün istifadə edilməməsi ilə bağlı vəzifəli şəxsin məhkəmə məsuliyyətinə cəlb edilməsi ilə maraqlanıb.
Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadə verilməsini yüksək dəyərləndirib: “Ancaq kəmər 3 min nəfərdən çox insanın mülkiyyət hüququ pozulub, kəmər onların torpaq mülkiyyətindən keçdiyi halda onlara kompensasiya verilmir. Hələ də onların şikayət məktubları gəlir”. O, vergi probleminin də ciddi xarakter aldığını vurğulayıb: “Bakıda hara baxsaq, obyektlərin icarəyə verildiyini görürük. Çünki müxtəlif yollarla vergi əməkdaşları tərəfindən incidilirlər. Biz yeni iş yerlərinin açılmasına çalışmalıyıq, bağlanmasına yox”. Fazil Mustafa bu gün bankların böyük hissəsinin ağır durumda olduğunu da dilə gətirib. “Biz bu kimi məsələlərin diqqət mərkəzində saxlanlmasına çalışmalıyıq”.
Ana Vətən Partiyasının sədr müavini Zahid Oruc tender məsələsinə toxunub. “Əslində bu sahə işləmir, hər nazirlik tender keçirilir. Vəsaitlərin mənimsənilməsini də orada axtarmaq lazımdır. Hesablama Palatasının hesabatında yazılanların azlığı məni təəccübləndirir. İllər uzunu auditdən kənarda qalan sahə də auditə cəlb olunmalıdır. Hərbi hissələrdə əsgərlərin qidalarının mənimsənilməsinin qarşısının alınması üçün auditin aparılması da vacibdir. Mən millət vəkillərini Hesablama Palatasının hesabatına laqeyd yanaşmamağa çağırıram”.
Vitse-spiker Bahar Muradova isə millət vəkillərinin hesabata laqeyd olmadığını bildirib: “Sadəcə, millət vəkillərinin Hesablama Palatasına böyük inamı var”.
Müzakirələrdən sonra palatanın hesabatı məqbul hesab edilib.
Kamil HƏMZƏOĞLU



Bu yazı ( 160 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar