12px14px16px18px

Asim Mollazadə: “Azərbaycan ümid edir ki, Rusiya Qarabağ münaqişəsi üzrə sülhün əldə olunması məsələsində Ermənistana təsir göstərəcək”

12:58 / 07.04.2012
“Dağlıq Qarabağın statusunun Azərbaycanın tərkibində həllini tapması beynəlxalq hüquq normalarına əsasən təmin ediləcək”. Bu barədə Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrəvanda verdiyi bəyanatı şərh edərkən deyib.
Xatırladaq ki, Lavrov Qarabağ münaqişəsinin nizamlanmasından danışarkən bildirib ki, rayonların azad edilməsi, lazımi dəhlizin təmin olunması haqqında razılaşma əldə ediləndən sonra Qarabağ xalqı özü öz taleyini həll edəcək. A.Mollazadə hesab edir ki, S. Lavrovun verdiyi bəyanatda söhbət ondan gedir ki, öz müqəddəratını təyin etmək, daha doğrusu özünütəyin məsələsi yeni dövlətin yaradılması hüququ demək deyil: “Başqa sözlə desək, Dağlıq Qarabağ ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində özünütəyinin ən yüksək statusunu əldə edə bilər. Bu beynəlxalq hüququn bütün normalarına və ATƏT-in baza sənədlərinə tamamilə uyğundur.. Hər şeydən əvvəl, Azərbaycanın maraqlarına ölkənin ərazi bütövlüyünün təmin edilməsi və suverenliyinin bütövlüyünün qorunması məsələsi cavab verir. Buna görə də, özünütəyin hüququ məsələsində dövlətin ərazi bütövlüyünün təmin edilməsi hüququ arasında heç bir ziddiyyət yoxdur. Azərbaycan tərəfi birmənalı şəkildə bəyan edib ki, heç bir şərtlər daxilində ölkənin ərazi bütövlüyünün pozulmasına yol verilməyəcək”.
Millət vəkili deyib ki, buna görə də, beynəlxalq hüququn prinsiplərinin- özünütəyin hüququ və ərazi bütövlüyünün qorunması hüququnun arasında seçim edilməsi müzakirə mövzusu ola bilməz: “Bu Azərbaycanın erməni azlığına yüksək statuslu özünüidarəetmə hüququnun təqdim edilməsi deməkdir. Bu fakt Qarabağ nizamlanması üzrə danışıqlar prosesinin məğzində öz əksini tapmaqdadır. Müvafiq olaraq, bu özünütəyinin dərəcəsi, eləcə də bununla əlaqədar olan digər texniki məsələlər erməni qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarıldıqdan sonra öz həllini tapacaq. Bundan sonra isə rabitə kanallarının təcriddən azad olunması, iki ölkə xalqları arasında etimad səviyyəsinin yüksəldilməsi sahəsində ciddi işlərin aparılmasına ehtiyac yaranacaqdır”.
“ Rusiya XİN rəhbərinin qeyd olunan sözlərini işğal olunmuş əraziləri azad etməli olan erməni tərəfi üçün yetərli siqnal hesab etmək olarmı?” sualına A.Mollazadə deyib ki, beynəlxalq ictimaiyyət, ATƏT-in Minsk qrupu və bu qrupun həmsədr ölkələri gec-tez münaqişənin nizamlanması üzrə konkret addımların atılması üçün əllərindən gələni etməlidir. Hazırki status-kvonun saxlanılması mümkün deyil. Eyni zamanda, status-kvo sülhə ciddi təhlükə törədir, Cənubi Qafqaz regionunda çox təhlükəli vəziyyət yaradır.
O deyib ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin tezliklə nizamlanmasına nail olmaq məqsədi ilə Ermənistana öz təsirini göstərmək üçün əlindən gələni etməlidir: “Azərbaycan ümid edir ki, Rusiya Qarabağ münaqişəsi üzrə sülhün əldə olunması məsələsində Ermənistana təsir göstərəcək. Eyni zamanda, dünya ictimaiyyəti də Rusiyadan bunu gözləyir. Rusiyanın Ermənistana böyük təsir gücünə malik olmasına dair mənim heç bir şübhəm yoxdur. Və düşünürəm ki, Rusiyanın iradə nümayiş etdirməsi nəticəsində Qarabağ münaqişəsinin nizamlanmasına nail olmaq mümkündür.
A.Mollazadə vurğulayıb ki, Vladimir Putin münaqişənin nizamlanmasına yardım göstərilməsi barədə dəfələrlə danışıb: “Ona görə, Azərbaycan ümid edir ki, bu sözlər konkret addımlarla reallaşdırılacaq”.
PƏrvanƏ






Bu yazı ( 161 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar