12px14px16px18px

Əli Əhmədov: “Müxalifət cəmiyyətə hakimiyyətin həyata keçirdiyi siyasətdən az da olsa, fərqlənən ideya və ya konsepsiya təklif edə bilmir”

12:12 / 06.04.2012
“Siyasi partiyaların çağırışları o zaman normal qəbul oluna bilər ki, həmin çağırışlar qəbul olunmuş ümumi demokratik dəyərlərə və normalara müvafiq olsun. Amma həqiqət ondan ibarətdir ki, ölkə vətəndaşları birmənalı şəkildə hazırki hakimiyyəti dəstəkləyirlər”. Bunu Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədov dilə gətirib. Onun dediyinə görə, buna paralel olaraq, ölkə vətəndaşlarının və seçicilərinin bugünkü müxalifətə etimadı olduqca aşağı düşüb, hətta demək olar ki, sıfır həddinə gəlib, çatıb. Ə.Əhmədov iddia edib ki, belə olan halda, müxalifət nümayəndələrinin və təmsilçilərinin çağırışları Azərbaycan vətəndaşları tərəfindən böyük etinasızlıqla qarşılanır, onların çağırışları cəmiyyətimizdə hər hansı bir reaksiya doğurmur və ictimai müzakirə predmetinə belə çevrilmir: “Bütövlükdə, cəmiyyətdə bu cür radikal mövqedə duran müxalifətə inamsızlıq və etimadsızlıq var. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bəhs olunan qüvvələr bu vəziyyətdən düzgün nəticə çıxara bilmirlər. Prinsip etibarilə müxalifətin əleyhinə deyiləm. Ancaq müxalifət cəmiyyətə hər hansı alternativ ideyanı, düşüncəni təklif etməli və buna müvafiq olaraq özünə tərəfdarlar formalaşdırmalıdır. Amma müxalifət cəmiyyətə bu gün hakimiyyətin həyata keçirdiyi siyasətdən və konsepsiyadan az da olsa, fərqlənən ideya və ya konsepsiya təklif edə bilmir. Onların bacardıqları və məmnuniyyətlə etdikləri yeganə iş Azərbaycana qara yaxmaq, böhtan atmaq və ölkə reallıqlarını təhrif etməkdir. Bu böhtan təkcə Azərbaycan iqtidarına atılmır, bütövlükdə Azərbaycana qarşı yönəlir. Əgər Azərbaycanın reallığı təhrif edilirsə, bu, təkcə hökumətin qüruruna toxunan bir hadisəyə çevrilmir. Bu, eyni zamanda, öz dövləti, ölkəsi və hökuməti ilə qürur duyan hər bir azərbaycanlının qüruruna, milli hissiyyatına toxunmuş olur. Məhz bütün bunlara görə də bir tərəfdən, müxalifətin səmərəli təklifi olmadığına görə, digər tərəfdən isə, bu cür qeyri-demokratik, antimilli hərəkətlərinə görə vətəndaşların onlara inamı azalır”.
YAP rəsmisi eyni zamanda bildirib ki, müxalifət bütün bunlardan düzgün nəticə çıxarmalı, öz hərəkətlərinə və davranışlarına tənqidi yanaşmalıdır: “Niyə Azərbaycan cəmiyyəti və ölkə vətəndaşları onlara bu qədər etinasızlıqla yanaşır? Amma həmin qüvvələr özlərinə tənqidi münasibət bəsləmək və düzgün nəticələr çıxarmaq əvəzinə daha radikal addımlar atırlar. Və radikal addımlar üçün onlara təklif olunan əsas və yeganə məkan bir sıra xarici ölkələrin mətbuat səhifələri olur. Bununla da radikal müxalifət anti-Azərbaycançı qərəzli xarici dairələrin ölkəmizə qarşı həyata keçirdiyi qarayaxma kampaniyasında ucuz vasitəyə çevrilmiş olurlar. Beləliklə, onlar Azərbaycanda ictimai-siyasi situasiyaya az da olsa, təsir etmək gücündə olmadıqlarını özləri də dərk edirlər, amma düzgün addım atmaq, doğru yol seçmək əvəzinə tamamilə daha böyük günahlara gətirib çıxaran addımlar atmış olurlar”.
VAHAB





Bu yazı ( 91 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar