12px14px16px18px

Elman Nəsirov: “Erməni deputatların Bakıda verdikləri bəyanatlarla qəhrəmanlıq etdiklərini göstərməyə çalışdılar”

12:10 / 06.04.2012
“Azərbaycanın xarici siyasətində beynəlxalq təşkilatlarla münasibətlər xüsusi önəm daşıyır. Məhz bu məntiqdən çıxış edən dövlətimiz müstəqilliyini elan etdikdən sonra 1991-ci ildə İslam Konfransı Təşkilatının, 1992-ci ildə BMT və ATƏT-in, 2001-ci ildə Avropa Şurasının üzvü olub. Eyni zamanda bizim NATO ilə sıx əməkdaşlığımız var. Təəssüf ki, bir çox hallarda beynəlxalq təşkilatlar Azərbaycanın bu mövqeyinə adekvat olmayan siyasət yürüdürlər”. Bu barədə politoloq Elman Nəsirli “525”ə açıqlama verib. O deyib ki, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bizim ən çox narazı qaldığımız məqam budur ki, bir çox təşkilatlar bu məsələ ilə bağlı konkret qərarlar qəbul etsələr də heç biri işlək mexanizmə malik deyillər. Bu da bir növ təcavüzə məruz qalanla təcavüzkar arasında bərabərlik işarəsi qoymaqdır: “Lakin biz bu təşkilatların qəbul etdiyi qətnaməni lazım gəldikdə yerinə yetirmə iqtidarında olduqlarını da bilirik. Liviyadakı məsələlər zamanı BMT-nin 1973 saylı qətnaməsi və bunun bir neçə saat ərzində icra olunması da buna əyani sübutdur. Lakin bizim problemimizə eyni münasibət göstərilmir. Məsələn, Avropa Şurası 1949-cu ildə insan hüquqlarının keşiyində durmaq məqsədilə yaradılıb. Lakin 1milyon qaçqının tapdalanmış hüquqları ilə bağlı heç bir addım atılmır və təcavüzkar dövlətə qarşı hansısa ciddi tədbir görülmür. Bu cür yanaşmalar da haqlı olaraq Azərbaycan ictimaiyyətinin narazılığına səbəb olur. Öz vəzifələrini və işlərini unudan beynəlxalq təşkilatların Azərbaycana qarşı mövqelərində ikili standartların keçmişdə də, indi də, gələcəkdə də olacağı şübhəsiz gözləniləndir. Böyük dövlətlərin əllərində vasitəyə çevrilən bu təşkilatlar artıq insanların gözlərindən düşür və öz etibarlarını ciddi şəkildə itirirlər”.
E.Nəsirov deyib ki, Azərbaycanın gücü artdıqca onun müvəffəqiyyətinə sevinən dövlətlər olduğu kimi, bundan narahatçılıq keçirən dövlətlər də var: “Onlar çalışırlar ki, Azərbaycan regionun ən güclüsünə çevrilməsin. Çünki bir dövlət gücləndikcə cazibə qüvvəsi artır və ona dünyada bir model kimi yanaşılır. Güclənən dövlətin dünyada daha çox sözü keçir, torpaqlarını işğal altında saxlamaq mümkünsüz olur. Azərbaycan gücləndikcə, qüvvətləndikcə ətrafına yığılan dövlətlərin sayı artır. Məsələn, Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilən zaman 155 dövlət Azərbaycanı müdafiə etdi. Yəni bu eyni zamanda 155 dövlətin Ermənistanın mövqeyini müdafiə etmədiyi anlamına gəlir. Əsas məsələ bizim güclənməyimizdir. Bir məqamı xatırlatmaq istərdim ki, 2011-ci ilin iqtisadi yekunlarına görə Türkiyədə 8 faiz artım müşahidə olunmuşdu. Bununla da Türkiyə iqtisadi artım tempinə görə Çin və Braziliyanı geridə qoydu. Bu zaman Türkiyəni sevən dövlətlər bu uğuru Türkiyənin möcüzəsi, sevməyən dövlətlər isə bu inkişafı anomal iqtisadi artım adlandırdılar. Eyni məntiq Azərbaycana da tətbiq edilir. Azərbaycanı sevən dövlətlər inkişafımızı yeni bir modelin yaranması kimi qəbul edir, sevməyən dövlətlər isə inkişafımızı gözdən salmağa çalışır, beynəlxalq ictimai fikri fərqli istiqamətdə formalaşdırmağa çalışırlar. Bu əslində təbiidir. Dövlət gücləndikcə onun ətrafındakı dövlətlərin sayı artdığı kimi, bu gücü qaldıra bilməyənlər də çoxalır”.
Ölkə Prezidenti İlham Əliyevin Milli Məclisdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çıxışına toxunan politoloq deyib ki, dövlət başçısı istənilən tribunadan Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün istifadə edir və Dağlıq Qarabağ probleminin bizim xarici siyasətimizin əsas xətti olduğunu dəfələrlə bəyan edib: “Avronestin Azərbaycanda keçirilən ikinci sessiyasında da Prezident İlham Əliyev Ermənistanın işğalçı mövqeyindən və siyasətindən söz açdı. Bununla yanaşı, ölkə rəhbəri Ermənistanın yeritdiyi aqressiv siyasətin bütövlükdə bölgədə sülh rejiminə təhdid olduğunu da vurğuladı. Çıxış zamanı bildirildi ki, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa muxtariyyət verilməsi qəbulolunandır. Bundan kənarda isə münaqişənin həlli üsulu ola bilməz. Bütün bunlarla yanaşı dövlət başçısı tarixi həqiqətin və beynəlxalq hüququn da Azərbaycanın tərəfində olduğunu vurğulayıb”.
Erməni deputatlarının iddialarına toxunan E.Nəsirov deyib ki, ölkə prezidentinin çıxışı Ermənistandan gələn deputatların heç ürəyincə olmayıb: “Bu isə anlaşılandır. Çünki həqiqəti eşitmək istəməmək onların ən real xarakteridir. Həmin deputatlar guya 2 rayonun işğal altında olması faktını təstiqləyirlər. Halbuki onların prezidentləri Sarkisyan dəfələrlə Dağlıq Qarabağ ətrafındakı rayonların işğal altında olduğunu bəyan edib. Ümumiyyətlə, erməni deputatların çıxışlarına nəzər salsaq görərik ki, onlar bəyanatları ilə sanki ölkələrinə qayıtdıqda milli qəhrəman adı almağa can atırlar. Yəni İrəvanda və ya başqa dövlətlərdə belə bəyanatlar vermək asandır, lakin düşmən ölkənin paytaxtında, hətta onun Milli Məclisində bu cür çıxışlar etməklə qəhrəmanlıq etdiklərini göstərməyə çalışırlar. Yəni onlar sadəcə siyasi divident gətirməkçün bu cür bəyanatlar səsləndirirlər. Bir çox hallarda isə onlar Sarkisyanı ötüb keçən bəyanatlar verirlər. Bir növ davranışları ilə “Papadan çox katolik olmaq istəyirlər”, yəni onlar özlərini ermənipərəstliyin son həddində göstərirlər. Bu gün Ermənistan dövləti, başçıları, terrorçu qrupları elə vandalizmə qulluq edən hərəkətlərə imza atırlar ki, XX əsrin Hitler Almaniyası belə addımlar atmayıb. Ona görə də əslində bu çox düzgün müqayisədir. Almanların Holokosda etdikləri bəşəri cinayət ermənilərin Xocalıda törətdikləri soyqırımına bərabərdir. Yəni bir faşistlə erməni arasındakı heç bir fərq yoxdur. Hətta müqayisədə ermənilər faşistlərdən dəfələrlə artıqdırlar”.
PƏrvanƏ




Bu yazı ( 97 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar