12px14px16px18px

Kristian Vigenin: “Ermənistan nümayəndə heyətinə kifayət qədər şərait yaradıldı”

13:53 / 05.04.2012
“Avronest” Parlament Assambleyasının Bakıda sessiyasında çox geniştərkibli nümayəndə heyətinin iştirakı dinamik inkişafda olan Azərbaycana beynəlxalq aləmdə marağın göstəricisidir. Bunu mətbuat konfransında “Avronest” Parlament Assambleyasının həmsədri Kristian Vigenin deyib. “Biz Azərbaycan hökumətinə də təşəkkür edirik ki, sessiyanın təşkilində texniki dəstəkdən başqa siyasi mühitin yaradılması üçün də bizə hərtərəfli dəstək göstərdilər”. Onun sözlərinə görə, Azərbaycan tərəfindən beynəlxalq tədbirlərdə qaldırılan və qəbul edilən qərarlar Avropa ölkələrinin maraqlarına cavab verir.
Həmsədr deyib ki, keçirilən sessiya çərçivəsində 4 qərar və 1 qətnamə qəbul olunub. O həmçinin bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin mövcud olmasına baxmayaraq, Ermənistan nümayəndə heyətinə də kifayət qədər şərait yaradıldı. “Bu əsl Avropasayağı bir münasibətin göstəricisidir”, – deyə, o əlavə edib.
Digər həmsədr Boris Tarasyuk isə qeyd edib ki, “Avronest”-in Strasburqda keçirilmiş birinci sessiyasında qərar qəbul etmək mümkün olmasa da Bakı sessiyasının uğurları sırasına bir sıra vacib qərarların qəbul olunmasını aid etmək olar.
Onun sözlərinə görə, həmçinin Bakı sessiyası zamanı qurumun işinin daha da məhsuldar olması ilə bağlı prosedur qaydalarına dəyişikliklər edilib. “İclasın keçirilməsi göstərdi ki, Azərbaycan bir beynəlxalq iştirakçı kimi beynəlxalq aləmdə öz rolunu artırır”, – deyə, o əlavə edib.
Kamil HƏMZƏOĞLU





Bu yazı ( 85 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar