12px14px16px18px

“Azərbaycan torpaqları işğaldan azad olunmalıdır”

“ETNİK TƏMİZLƏMƏ VƏ İŞĞAL SİYASƏTİ MÜASİR BEYNƏLXALQ BİRLİK TƏRƏFİNDƏN QƏBUL EDİLƏ BİLMƏZ”

01:23 / 05.04.2012
“Dağlıq Qarabağ münaqişəsi regiondakı təhlükələrdən biridir. Lakin regionda digər təhlükəli münaqişə bölgələri də var”. APA-nın xəbərinə görə, bunu Avronest Parlament Assambleyasının (PA) həmsədri Kristian Vigenin PA-nın Bakıda keçirilən 2-ci sessiyasının yekunlarına dair mətbuat konfransında deyib.
Avronest PA-nın digər həmsədri Boris Tarasyuk isə Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməli olduğunu söyləyib.
O qeyd edib ki, Moldova və Gürcüstan əraziləri də azad olunmalıdır.
Bu arada rəsmi Bakı bir daha bəyan edib ki, etnik təmizləmə və işğal siyasəti müasir beynəlxalq birlik tərəfindən qəbul edilə bilməz. Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın Bakının Qarabağ məsələsi üzrə birtərəfli fikir formalaşdırmağa nail olaraq Azərbaycana gələn nümayəndə heyətlərini şantaj etməyə çalışması barədə fikirlərini şərh edərkən “Trend”ə deyib: “Hər şeydən göründüyü kimi, erməni nazir yenə də təmsil etdiyi dairələr üçün sərfəli olan ritorika tətbiq edir”.
Onun sözlərinə görə, belə ifadələrdən sonra Ermənistan rəhbərliyinin münaqişənin nizamlanmasında maraqlı olmadığına şübhə qalmır.
XİN-in rəsmi nümayəndəsi hesab edir ki, belə ifadə forması beynəlxalq hüquqa etinasızlığı, bununla da beynəlxalq birliyin fikrinə hörmətsizliyi nümayiş etdirir. “Ermənistan hakimiyyətinin yad əraziləri işğal edib, bu ərazilərdə yerli Azərbaycan əhalisinə qarşı etnik təmizləmələr törədib utanmadan beynəlxalq hüquq prinsipləri haqqında danışması mənasızdır”. O bildirib ki, Azərbaycan təkcə sözdə deyil, işdə də özünün münaqişənin nizamlanmasına yanaşmasında beynəlxalq hüquqa və onun prinsiplərinə sadiqliyini və hörmətini sübut edib.
E.Abdullayevin fikrincə, Azərbaycanın dünya arenasında artan əhəmiyyətinə və beynəlxalq birliyin Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğal olunmasını düzgün qiymətləndirməsinə görə əsəbiləşməkdənsə, Yerevan lazımi dərs almalı və özünün münaqişənin nizamlanmasına yanaşmasında konstruktivlik və sülhsevərlik göstərməli, populizmlə və münaqişənin nizamlanmasında status-kvonun saxlanması üçün vaxtın uzadılması ilə məşğul olmamalıdır.



Bu yazı ( 146 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar