12px14px16px18px

Yevda Abramov: “İran Ermənistana bu qədər yardım etməsəydi, Qarabağ münaqişəsi qısa müddətdə həllini tapardı”

01:15 / 05.04.2012
“Azərbaycan İsrail ilə siyasət, iqtisadiyyat, mədəniyyət sahələrində sıx əlaqələrə malikdir və bu münasibətlər son vaxtlar daha da inkişaf etməkdədir. Təqdirəlayiq haldır ki, bu əməkdaşlıq hər iki ölkənin maraqlarına xidmət edir”. Bu barədə Milli Məclisin Azərbaycan-İsrail parlamentlərarası işçi qrupunun rəhbəri Yevda Abramov müsahibəsində deyib. “Əlbəttə, Azərbaycan və İsrailin son iki ildə bir-biri ilə daha da yaxınlaşması ümumilikdə dünyada, qismən isə bölgədə baş verən hadisələrlə əlaqədardır. Bu hadisələrə iqtisadi böhranları, regional münaqişələri aid etmək mümkündür. Bu amillərlə yanaşı, həmçinin Azərbaycan və İsrail arasında mövcud olan bir sıra oxşarlıqları da qeyd etmək lazımdır. Hər iki dövlət onlara qarşı kənardan törədilən problemlərlə üzləşiblər. Bu amillərin hər biri ümumilikdə, Azərbaycanla İsrailin bir-biri ilə yaxınlaşmasına səbəb olub”.
Millət vəkili deyib ki, İsrail Azərbaycanın ərazi bütövlüyünü tanıyan dövlətdir və bu bölgədə onun da öz maraqları vardır. İsrailin Azərbaycana marağının olması həm İsrail-Fələstin münasibətlərində, həm də Azərbaycan-Ermənistan münasibətlərində problemlərin olması ilə də əlaqədardır. Buna görə də, Azərbaycan və İsrail bir-birinə bu problemlərin həll edilməsində köməklik göstərə bilərlər, bu baxımdan bu iki dövlətin bu cür sıx əməkdaşlıq etməsi kifayət qədər təbii prosesdir: “Onu da qeyd etmək istəyirəm ki, Azərbaycan və İsrail arasındakı münasibətlər təkcə siyasi tərkibdən ibarət deyil, həmçinin iqtisadi, xüsusilə kənd təsərrüfatı, səhiyyə, təhsil, elmi sahələri də əhatə etməkdədir. Azərbaycan İsrailə neft və yanacaq-sürtgü materialları tədarük edir. Azərbaycanla İsrail arasında sıx münasibətlərin mövcudluğunu ötən il İsrail prezidentinin Bakıya, o cümlədən Azərbaycan nazirlərinin Təl-Əvivə səfərləri də təsdiqləyir. Yuxarıda sadalanan səbəbləri nəzərə alaraq demək olar ki, Azərbaycan və İsrail arasında mövcud olan dostluq münasibətləri artıq strateji əməkdaşlıq səviyyəsinə yüksəlməkdədir”.
Hərbi sahədə yaradılan əməkdaşlıqdan danışan millət vəkili deyib ki, Azərbaycan və İsrail arasında tərəfdaşlıq münasibətləri son vaxtlar özünü həm də hərbi sənaye kompleksi sahəsində də göstərməkdədir: “İsrail Azərbaycana hərbi sənaye kompleksinin yaradılması məsələsində dəstək verir. İsrail həmçinin Azərbaycana müasir hərbi texnika satışını həyata keçirir. Əminəm ki, Azərbaycan və İsrail arasındakı bu münasibətlər ancaq artan xətlə inkişaf edəcək. Azərbaycan müstəqil dövlətdir və özünə dostlar seçməkdə tamamilə azad və sərbəstdir. Azərbaycanın xarici siyasətinin prioritetləri bütün dövlətlərə qarşı tarazlaşdırılmış siyasət həyata keçirilməsinə əsaslanır. Azərbaycan hər zaman özünün bölgənin ölkələri ilə dostluq münasibətlərinin yaradılması prinsipinə sadiq qalıb. Ona görə də, Azərbaycan və İsrail arasında dostluq münasibətlərindən ehtiyat etmək lazım deyil, bu münasibətlər üçüncü tərəflərdə də şübhə yaratmamalıdır”.
Y.Abramov deyib ki, üçüncü ölkələrin Azərbaycanla İsrail arasında mövcud olan yaxın münasibətlərdən qıcıqlanmaq üçün heç bir əsasları yoxdur. İsrail Azərbaycanla yanaşı bölgədə həmçinin Gürcüstanla da dostluq münasibətlərindədir. 90-cı illərin əvvəllərinə qədər İsrail belə münasibətləri Ermənistanla da saxlamaqda idi.
Azərbaycan və İsrail arasında mövcud olan yaxın əməkdaşlıq münasibətlərindən İranın ehtiyat etməsi nə dərəcədə əsaslı olmasına gəlincə o deyib ki, heç bir ölkə, o cümlədən İran da Azərbaycanla İsrail arasındakı dostluq münasibətlərindən ehtiyat etməməlidir: “Bu dostluq digər ölkələri qorxutmaq məqsədi güdmür. Həm də ki, Azərbaycan-İsrail münasibətləri beynəlxalq hüquq normalarına əsaslanır və bölgədə sahiblik etmək hədəflərini ehtiva etmir.
Hal-hazırda İsraildə 100 min keçmiş Azərbaycan vətəndaşı yaşayır. Bu çox böyük bir diaspordur. Buna görə də, Azərbaycan özünün İsraildəki diasporuna çox böyük ümid edir. Bu diaspor Azərbaycanın mövqeyinin dünya ictimaiyyətinin nəzərinə çatdırılması işində çox böyük rol oynayır. Azərbaycan İsraillə yaxın münasibətlərini daha da inkişaf etdirməyə davam edəcək”.
Millət vəkili deyib ki, Azərbaycan heç bir halda qətiyyən İrandan asılı deyil: “Bununla yanaşı, Azərbaycanla İranın vahid tarixi keçmişə malik olmaları, İran ərazisində 35 milyon azərbaycanlının yaşaması Azərbaycan rəhbərliyini müəyyən mənada diplomatik yolla İran tərəfinə İsraildən alınan silah-sursatın İran əleyhinə yönəlmədiyini izah etməyə vadar edir. Bununla yanaşı, Tehran başa düşməlidir ki, Azərbaycan İranın Ermənistanla çox yaxın münasibətlərdə olmasından narazıdır, çünki bu dövlət Azərbaycan ərazisinin 20%-ni işğal edib və 200 ildir ki, türk dünyası ilə ədavət və düşmənçilik edir.
İran Ermənistana həyati vacib köməklik göstərir. Əgər İran Ermənistana bu qədər yardım etməsəydi, Qarabağ münaqişəsi çox qısa bir müddətdə öz həllini tapardı. Başqa sözlə desək, İran Ermənistanın heydən düşmüş orqanizmini vitaminlərlə münbitləşdirərək, onu qidalandırır. Buna görə, Azərbaycanın əlində İrandan fərqli olaraq rəsmi Tehrana iddialar irəli sürmək üçün daha böyük əsaslar vardır”.
PƏrvanƏ




Bu yazı ( 73 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar