12px14px16px18px

Səfirliklər jurnalistlərin Putin və Xamineyiyə yazdıqları məktubları qəbul etdi

07:29 / 04.04.2012
Dünən Kəlbəcər rayonundan olan bir qrup jurnalist İran və Rusiyanın Bakıdakı səfirlikləri qarşısında aksiya keçiriblər. Jurnalistlər əvvəlcə İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin qarşısına toplaşıblar. Burada Kəlbəcər rayonundan olan və ölkənin müxtəlif media qurumlarında çalışan jurnalistlərin İran İslam Respublikasının Ali Dini Rəhbəri Seyid Əli Xamineyiyə məktubu oxunub. Məktubda bildirilir ki, “Bizim doğulub boya-başa çatdığımız Kəlbəcər rayonu 1993-cü il aprel ayının 2-də xarici dəstək sayəsində Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal olunub. İşğal nəticəsində yüzlərlə dinc müsəlman əhali qətlə yetirilib, girov götürülüb, on minlərlə insan doğma yurdundan didərgin düşüb. Eyni zamanda, onlarla maddi mədəniyyət nümunəsi, müqəddəs ocaqlar, məscidlər dağıdılaraq məhv edilib. İşğalçı ermənilərin məscidlərimizdə mal-qara, həmçinin donuz saxlamasına dair özləri tərəfindən çəkilərək yayılmış fotoşəkillər işğalın gerçək mənzərəsini özündə əks etdirir”. Məktubda qeyd olunur ki, Ermənistanın xarici havadarları arasında dövlətlər içərisində milli, dini, tarixi, mədəni, coğrafi baxımdan Azərbaycana yaxın ölkə olan İran da var: “İran İslam Cümhuriyyətinin Azərbaycan xalqının etimadını və sevgisini qazanmasının yalnız bir yolu vardır: “İşğalçı Ermənistana layiq olduğu münasibəti bəsləmək. Bunun örnəyini Türkiyə Cümhuriyyəti və Pakistan İslam Respublikası ortaya qoyub. Biz Kəlbəcər rayonundan məcburi köçkün olan bir qrup mətbuat nümayəndəsi bu səmimi müraciətimizdə Sizdən tezliklə Azərbaycan torpaqlarını işğaldan azad etməsi üçün Ermənistanla bağlı təsirli tədbirlər görməyinizi, onunla hər cür əlaqələrin dayandırılmasına göstəriş verməyinizi istəyirik. İnanırıq ki, belə bir qərar həm ulu əcdadlarımızın ruhuna, bizi birləşdirən çoxsaylı dəyərlərə ehtiram olacaq, həm də İran dövlətinin həqiqi İslam qardaşlığına öz töhfəsini verəcək. Sizdən bu tarixi qərarı gözləyirik”. Sonra jurnalistlər məktubun təqdim olunması üçün səfirliyin məsul şəxsi ilə görüşmək istəyiblər. Lakin səfirlikdən heç kim görüşə gəlməyərək, məktubun mühafizəçilərə verilməsini istəyiblər. Jurnalistlərin təkidindən sonra isə səfirlik nümayəndəsi qapıya çıxaraq məktubu götürüb. O, məktubun medianın müşayiəti ilə toplu halda təqdim olunmasına etirazını bildirib. Daha sonra jurnalistlər Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyi qarşısında toplaşıblar. Burada Rusiyanın yeni seçilmiş prezidenti Vladimir Putinə ünvanlanmış məktub oxunub. Ermənistan hakimiyyəti işğalçılıq siyasətini davam etdirməkdə daha çox Rusiya Federasiyası dövlətinə arxalanır: “Rusiyanı arxasında hiss etmədiyi gün Ermənistanın müharibə olmadan belə işğalçılığa son qoyacağı şübhəsizdir. Biz Kəlbəcər rayonundan məcburi köçkün olan bir qrup mətbuat nümayəndəsi ikinci prezidentliyinizin ilk dövründə Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün Ermənistan barədə lazım olan təsirli tədbirləri görəcəyinizə inanmaq istəyirik. Sizin simanızda Rusiya dövləti bu tarixi və ədalətli addımı atmaqla həm dünyadakı nüfuzunu yüksəltmiş olacaq, həm də Qafqazda Azərbaycan kimi səmimi etibarlı və güclü bir müttəfiq qazanacaq”. Qeyd edək ki, müraciəti Parlament Jurnalistləri Birliyinin sədri, “Modern.az” saytının baş redaktoru Elşad Eyvazlı, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal, ATV televiziyasının əməkdaşı Bəxtiyar Səlimov, “Bizim Yol” qəzetinin əməkdaşı Pərviz Həşimli, “Hürriyət” qəzetinin redaktoru Zülfüqar Hüseynli, “Yeni Müsavat” qəzetinin yazarı Etibar Seyidağa, TTV-nin (Turkel Tv) baş direktorunun müavini Hikmət Əsgərov, “Üç Nöqtə” qəzetinin redaktoru Şahin Əliyev, həmin qəzetin əməkdaşı Xalid Kazımov, “Həftə içi” qəzetinin redaktoru Elxan Salahov, “Bütöv Azərbaycan” qəzetinin redaktoru İlham Məmmədli və “Bizim Söz” qəzetinin baş redaktoru Ələmdar Cabbarlı imzalayıblar.


Bu yazı ( 99 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar