12px14px16px18px

Erkki Tuomioya: “Ölkəniz Avropa İttifaqı, o cümlədən, Finlandiya üçün etibarlı tərəfdaşdır”

07:29 / 04.04.2012
Milli Məclisin sədri Oqtay Əsədov Finlandiya Respublikasının xarici işlər naziri Erkki Tuomioyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə spiker bildirib ki, bu cür görüşlər münasibətlərimizin daha da möhkəmləndirilməsi işinə xidmət edir: “ Dövlət başçılarının qarşılıqlı səfərləri zamanı aparılan danışıqlar, ölkələrimiz arasında imzalanmış sənədlər əlaqələrimizin gələcək inkişafı üçün yaxşı zəmin yaratmışdır. Bu baxımdan iki ölkə arasında siyasi dialoqun davam etdirilməsi məqsədə uyğundur”. Spiker sonra bildirib ki, ölkəmiz Finlandiya ilə iqtisadi əlaqələrin genişləndirilməsinə böyük əhəmiyyət verir: “Bu sahədə geniş potensial imkanlar vardır. Biz qanunverici orqanlar arasında əməkdaşlığın dərinləşməsini önəmli hesab edirik. Nümayəndə heyətlərimiz BMT, ATƏT, Avropa Şurası kimi mötəbər təşkilatlarda birgə fəaliyyət göstərirlər. Azərbaycan beynəlxalq təşkilatların parlament qurumları çərçivəsində əməkdaşlığın səmərəliyini artırmaq üçün səylərini davam etdirmək əzmindədir. Avropaya inteqrasiya yolu tutmuş müstəqil Azərbaycan üçün bu sahədə Finlandiyanın təcrübəsi maraqlıdır”. Görüş zamanı bildirilib ki, Milli Məclisdə Avronest PA-nın ikinci plenar sessiyası keçirilir: “Bu da ölkəmizin Avropa İttifaqının layihələrinə verdiyi əhəmiyyətin bariz nümunəsidir. Biz Avropa Parlamentində xüsusi yeri olan Finlandiya parlamenti ilə ikitərəfli əlaqələri inkişaf etdirmək niyyətindəyik. Spiker bildirdi ki, Milli Məclisin nümayəndə heyəti onun başçılığı ilə 2006-cı ildə Finlandiya parlamentinin 100 illik yubiley tədbirlərində iştirak etmişdir. Finlandiya nümayəndə heyəti də öz növbəsində Azərbaycan parlamentinin 90 illik yubiley tədbirlərinə qatılmışdır”. Sonra O.Əsədov Azərbaycanın Avropanın enerji təhlükəsizliyi sistemində oynadığı roldan və ölkəmizin Avropa strukturlarına inteqrasiyasına böyük maneçilik törədən Dağlıq Qarabağ problemindən danışıb və bildirib ki, Azərbaycan problemin ölkələrin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipi əsasında, sülh yolu ilə həllinə tərəfdardır: “Ümidvarıq ki, Finlandiya bu məsələdə haqqın və ədalətin tərəfində olacaq”. Finlandiyanın xarici işlər naziri Erkki Tuomioya Azərbaycana səfəri çərçivəsində keçirdiyi görüşlərin əhəmiyyətindən danışıb və qeyd edib ki, o, vaxtilə Finlandiya parlamentinin deputatı olmuş və qanunverici orqanın dövlətçilik sistemindəki yerini yaxşı başa düşür. Bu baxımdan o, Milli Məclisdə olmağından və əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparmağından məmnundur. Erkki Tuomioya Azərbaycanın sürətlə inkişaf etdiyinin şahidi olduğunu ifadə edərək xalqımızı təbrik edib. O, ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini, “Eurovision” mahnı müsabiqəsində qələbəsini yüksək qiymətləndirərək bunu ölkəmizin dünya miqyasında günbəgün artan nüfuzu ilə əlaqələndirib və bildirib ki, Azərbaycanın uğurları tək bununla bitmir: “ Ölkəniz Avropa İttifaqı, o cümlədən Finlandiya üçün etibarlı tərəfdaşdır. Finlandiya Cənubi Qafqazın bu ölkəsi ilə həyatın müxtəlif sahələrində əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır”.
VAHAB


Bu yazı ( 86 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar