12px14px16px18px

Ərdoğan: “Annan planı Suriya hökuməti üçün son şansdır”

01:05 / 03.04.2012
“Türkiyə heç bir xalqın daxili işlərinə qarışmır, lakin Suriya iqtidarının öz xalqının qətlini davam etdirməsinə göz yuma bilməyəcəyik”. APA-nın Türkiyə bürosunun məlumatına görə, bu fikirləri İstanbulda keçirilən “Suriyanın dostları” qrupunun ikinci toplantısında çıxışı zamanı Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan söyləyib. O, artıq Suriyadan qaçaraq Türkiyədə sığınacaq tapan Suriya vətəndaşlarının sayının 20 min nəfərə çatmaqda olduğunu bildirib: “Suriyada yaşanan qətliamlar qarşısında beynəlxalq ictimaiyyətin hərəkətə gəlməsi artıq qaçılmaz hal alıb. Hər şeydən əvvəl, Suriya xalqına sistematik şəkildə humanitar yardım edilməlidir. Əlbəttə, BMT-nin və Ərəb liqasının xüsusi təmsilçisi Kofi Annanın təşəbbüsünün uğur qazanmasını ürəkdən arzu edirik. Ancaq istər biz, istərsə də beynəlxalq qurumlar ehtimal edirik ki, indiyə qədər bütün təşəbbüslərdən vaxt qazanmaq üçün istifadə edən Suriya hakimiyyəti Kofi Annanın təşəbbüsündən vaxt qazanmaq üçün istifadə edəcək. Əgər BMT Təhlükəsizlik Şurası öz üzərinə düşən tarixi missiyadan bir daha boyun qaçırarsa, beynəlxalq ictimaiyyətin Suriya xalqının leqal müdafiə haqqının dəstəkləməsindən başqa heç bir alternativi qalmayacaq. Biz beynəlxalq qüvvələrin Suriyaya geosiyasi mənafe prizmasından baxmasını rədd edirik. Biz bölgədəki hər cür mənafe axtarışlarını rədd edir, insanların həyatını xilas etməyin yollarını axtarırıq. Öz xalqına zülm edən Suriya rejiminin hakimiyyətdə qalmasına səbəb olacaq heç bir planı təsdiqləməyimizdən söhbət gedə bilməz, getməməlidir”.
Suriya Milli Şurasını Suriya xalqının leqal təmsilçisi kimi tanıdıqlarını xatırladan baş nazir Ərdoğan, Şuranın açıqladığı və müxalif qüvvələr tərəfindən də dəstəklənən “Misaqi-milli xartiyası”nın əsas sənəd olduğunu vurğulayıb. Suriyanın yeni iqtidarının suriyalılar tərəfindən demokratik yollarla qurulacağını bildirən Ərdoğan, seçki qutularının xalqın önünə gətirilməsinin vacibliyindən bəhs edib: “Türkiyə dost və qardaş Suriya xalqının yanında yer tutmağa davam edəcək. “Suriyanın dostları” qrupuna daxil olan o biri ortaqlarımızın da eyni şəkildə qərarlı davranacağına şübhə etmirik. Suriyada hörmətli Annana verilən söz hələ də yerinə yetirilməyib. Suriyada xalqın tələblərinin bir an əvvəl yerinə yetirilməsini istəyirik. Heç kimin şübhəsi olmamalıdır ki, günahsız insanları öldürənlər mütləq öz cəzalarını çəkəcəklər”.







Bu yazı ( 121 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar