12px14px16px18px

Əli Əhmədov: “Rayon ifadəsi başqa sözlə əvəzlənməlidir”

01:04 / 03.04.2012
Müsahibimiz Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini və icra katibi, millət vəkili Əli Əhmədovdur.

–Əli müəllim, bir müddət öncə parlamentdə rayon sözündən imtina edilməsi təklifini səsləndirdiniz . Sizcə, bu təklifiniz reallaşarsa, o zaman rayon sözü nə ilə əvəzlənməlidir?
– Mən sadəcə, həmin vaxt yeri gəlmişkən, o fikri də səsləndirdim. Belə hesab edirəm ki, bütövlükdə Azərbaycan dilinə aid və indiki müstəqil Azərbaycana heç bir aidiyyəti olmayan belə bir ifadənin işlədilməsinə ehtiyac yoxdur. Fikrimcə, Azərbaycanın tarixindən hər hansı – bir daha insanların rahat başa düşəcəyi şəkildə rayon, regional quruluşumuzu əks etdirən ifadə axtarıb tapmaq lazımdır. Hər halda belə hesab edirəm ki, bunu üzərində düşünməyə ehtiyac var. Yəni, onunla əlaqədar mən belə bir təklif irəli sürdüm.
Mənim bildiyimə görə, keçmiş sovetlər birliyinə aid olan ittifaq respublikalarından, demək olar ki, əksəriyyətində o sistemin quruluşunu ifadə edən ifadələr, o cümlədən də rayon ifadəsi artıq istifadədən götürülüb, onlardan istifadə olunmur.
– Burada Azərbaycan tarixindən hansı ifadə tapılıb seçilə və yaxud məqsədəuyğun hesab edilə bilər?
– Bunun üzərində düşünmək , Azərbaycanın tarixinə nəzər salmaq lazımdır. Ona görə indi konkret nəsə bir fikir bildirmək istəmirəm. Çünki o vaxt bu təklifi səsləndirərkən də, bunun üzərində açıq deyim ki, fikirləşməmişdim, orada, sadəcə, birdən elə bu da mənim fikrimə gəldi və onu da səsləndirdim. Amma düşünmək lazımdır. Bu məsələni də həll etmək lazımdır.
Müstəqil Azərbaycanın öz tarixi keçmişini, ənənələrini və mənəvi dəyərlərini , özgürlüyünü ifadə edən ifadələrdən işlətmək lazımdır. Rayon ifadəsi nəyisə əks etdirmir. Özü də rayon ifadəsi yalnız sovet sisteminə, sovet quruluşuna, sovet ərazi sisteminə aid olan bir ifadədir. Onu indi müstəqil Azərbaycanda saxlamağın heç bir lüzumu yoxdur. Üstəgəl bu Azərbaycan dilinə aid olmayan sözdür.
– Əli müəllim, həmin çıxışınız zamanı regionların kiçilməsinə qarşı olduğunuzu da dilə gətirdiniz. Bu zaman belə başa düşmək olarmı ki, Azərbaycanda rayonların birləşdirilməsinin tərəfdarısınız...
– Bilirsiniz, bütövlükdə dünyada idarəetmə sistemləri, idarəetməçilik sadələşdirilib və bu sadələşdirmə bir yandan idarəçiliyin özünün sadələşdirməsini nəzərdə tutursa, ikinci bir yandan idarəçilik xərclərinin azalmasını nəzərdə tutur. Azərbaycanda 80-dən çox rayon var. Azərbaycan o qədər də böyük bir dövlət deyil və ona görə də nəticə etibarilə mən indi onu bu gün üçün nəzərdə tutmuram. Yəni, nə vaxtsa Azərbaycanda idarəçiliyin, regional idarəçiliyin mexanizminin təkmilləşdirilməsinə ehtiyac duyulur və inanıram ki, bu sahədə də islahatlar həyata keçiriləcək.
Mən eyni zamanda belə hesab edirəm ki, kiçik bir rayonda, əhalisi çox az sayda olan bir bölgəmi deyək, inzibati ərazi vahidimi deyək, oranı xüsusi bir idarəçilik zonası kimi saxlamaq həm idarəçilik baxımından, həm maliyyə baxımından o qədər də sərfəli deyil. Amma bu, hesab edirəm ki, bir az bundan sonrakı dövrün islahatları kateqoriyasına aid edilə bilər. Bununla belə, hesab edirəm ki, bunu etməyə ehtiyac olacaq.
– Yeri gəlmişkən, soyad və soyad sonluqlarının dəyişdirilməsi, milliləşdirilməsi məsələsinə necə baxırsınız?
– Mənim bildiyimə görə, bu məsələ ilə əlaqədar bir xeyli müddətdir xüsusi bir komissiya yaradılıb və həmin komissiya bu məsələ üzərində işləyir. Amma addım atmaq məsələsi hələ ki, öz həllini tapmayıb. Mənim düşüncəmə görə, burada bir psixoloji baryer məsələsi var. Yəni, yaşlı , müəyyən qədər yaşı olan, özünü cəmiyyətə təqdim etmiş, tanınmış insanlarda bu, bir sıxıntı yaradır ki, artıq bu vaxta qədər tanınmış, özünü təqdim , özünü ifadə etmiş bir insan özünün soyadını dəyişib, məsələn, tutaq ki, filankəsov olsun indi filankəsli. Bunu mən müəyyən dərəcədə qəbul edirəm, amma bunun da yenə həlli yolu var.
Ən azından biz belə bir qayda qəbul edəndən sonra yeni doğulan uşaqlar təzə qəbul olunmuş sistem əsasında – soyadlar sistemi əsasında qeydə alınar və beləlliklə də bu məsələ bir müddət sonra həll olunmuş olar. Əgər biz indi bunu toxunulmaz şəkildə saxlayırıqsa, demək o heç zaman həll olunmayacaq. Nəyə görə azərbaycanlılar Azərbaycan mentalitetinə və Azərbaycan tarixinə aid olmayan bir soyad sistemini daşımalıdır. Digər bir tərəfdən, burada söhbət təkcə soyadların arxasındakı rus sonluğunda deyil, , bu sistem bütövlükdə rus sistemidir. Biz onu, sadəcə olaraq, o soyadın sonluğunda o rus sonluğunu götürməyi nəzərdə tutmuruq.
Mən belə hesab edirəm ki, bütün dünyada tətbiq olunan daha müasir, daha əlverişli soyad sistemi Azərbaycanda tətbiq olunmalıdır. Məsələn, Türkiyədə , o cümlədən digər ölkələrdə olduğu kimi, bizdə də bu yöndə daha müasir sistemi tətbiq etməyə ehtiyac var. Əgər onu biz bu gün həll etməsək, demək, biz həmin məsələnin həllini gələcək nəsillərin öhdəsinə buraxacağıq.
– Ad və soyadın sıralanması, yazılması məsələsi necə olmalıdır...
– Bütün dünyada ad qabaqda gedir. Birinci ad və ikinci soyad sistemləri olduğuna görə, təbii ki, birinci ad qabaqda gedir, soyad olan ikinci ad ikinci yerdə gedir. Azərbaycanda bunu da etmək olar. Bu, çox asan, çox sadə bir şeydir. Yəni, bundan ötrü hər hansı bir qayda qəbul etməyə ehtiyac yoxdur. Sadəcə, bu, bir vərdiş kimi tətbiq oluna bilər. Soyad sisteminin dəyişdirilməsi isə hesab edirəm ki, xüsusi qaydaların qəbul olunması şəklində olmalıdır. Mənim bildiyimə görə, komissiya bir neçə ay işləyib, amma real olaraq nəticə ortada yoxdur. Elə yeri düşmüşkən onu da dedim ki, bu işlər öz həllini tapsın.
KAMİL



Bu yazı ( 158 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar