12px14px16px18px

Sevinc Həsənova: “Məqsədimiz Azərbaycanı orta gəlirli ölkədən yüksək gəlirli ölkəyə çevirməkdir”

00:58 / 03.04.2012
Dünən Milli Məclisdə “Avronest” Parlament Assambleyasının (PA) növbəti ikinci sessiyası öz işinə başlayıb. Sözügedən “Avronest” PA-nın İqtisadi inteqrasiya, Hüquqi yaxınlaşma və Avropa İttifaqı siyasətləri ilə uyğunluq üzrə komitəsinin iclasına sədrlik edən Göran Farm bildirib ki, Azərbaycanda, onun paytaxtında olmaqdan çox məmnundur. Onun qeyd etdiyinə görə, gördükləri və şahid olduqları deməyə əsas verir ki, tədbir çox yüksək səviyyədə hazırlanıb: “Burada çox isti şəkildə qarşılandıq. Bugünkü müzakirələrdə hesabatla bağlı fikir mübadiləsi aparıb, qərar qəbul etməliyik və onun sabah Parlament Assambleyasının təsdiqinə təqdim etməliyik”. Adıçəkilən komitənin iclasında məruzə ilə çıxış edən iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova qeyd edib ki, Avropa İttifaqı bu gün Azərbaycanın xarici ticarət üzrə əsas tərəfdaşıdır. Nazir müavinin bildirdiyinə görə, xarici ticarət dövriyyəsinin 50%-ni Avropa İttifaqı ölkələri təşkil edir. O qeyd edib ki, 650-dən artıq Avropa İttifaqı ölkələrinin şirkətləri ilə Azərbaycan arasında əməkdaşlıq mövcuddur. S.Həsənova eyni zamanda bildirib ki, bu gün Avropa İttifaqı ilə “Yaxın qonşuluq siyasəti” nəticəsində həyata keçirilən “Tvinning” layihələri üzrə Azərbaycan Cənubi Qafqaz dövlətləri arasında lider ölkədir:
“Bu günə qədər bu yöndə səkkiz tvinninq layihəsi həyata keçirilib, 7-si icra mərhələsindədir, 6 tvinninq layihəsi üzrə isə tender keçirilməkdədir”. Nazir müavinin bildirdiyinə görə, bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində də ən mühüm partnyor ölkələrdən biridir: “Ümumiyyətlə, 1995-ci ildən bu yana Azərbaycana 120 milyard dollardan artıq sərmayə qoyulub ki, onun yarıdan çoxunu da xarici sərmayələr təşkil edir. Son 8 ildə ümumi daxili məhsul (ÜDM) üç dəfə, büdcə gəlirləri 13 dəfə artıb. Yoxsulluğun həddi 7,6%-ə endirilib. Valyuta ehtiyatları 64% artıb. Bununla yanaşı, ölkədə özəl sektorun, biznes mühitinin inkişafı üçün önəmli addımlar atılır. Bu yöndə vergi dərəcələri azaldılır, “vahid pəncərə” sisteminə keçilib. Həmçinin özəl sektor ÜDM-in və əmək qüvvəsinin 80%-ni təşkil edir. Eyni zamanda onu da qeyd edim ki, qarşımızda həll olunmamış problemlər də dayanır. Bədnam qonşularımızın işğalçılıq siyasəti nəticəsində 20%-dən artıq torpaqlarımız işğal olunub, 1 milyondan artıq qaçqın-köçkün ordusu əmələ gəlib. Bu isə heç şübhəsiz Cənubi Qafqaz regionunun stabil inkişafına öz mənfi töhfəsini verir. Bununla belə, bizim qarşıda da hədəflərimiz var. Bu hədəflərdən də biri Azərbaycanı orta gəlirli ölkədən yüksək gəlirli ölkəyə çevirməkdir”.
Kamil HƏmzƏoğlu



Bu yazı ( 110 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar