12px14px16px18px

Misir Mərdanov: “Cəmiyyətlərimiz arasında çox ciddi uçurum var”

00:57 / 03.04.2012
“Azərbaycanda, xüsusilə Milli Məclisdə səmimi və isti şəkildə qarşılanmağımızdan çox məmnunuq.Buna görə də, Azərbaycan hökumətinə və parlamentinə minnətdarlığımızı bildiririk”. Bu fikirləri “Avronest” Parlament Assambleyasının (PA) ikinci sessiyası çərçivəsində sözügedən qurumun Sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti üzrə Komitəsinin iclasında Ermənistanın nümayəndə heyətinin üzvü A.Safaryan bildirib. O, eyni zamanda adıçəkilən komitənin iclasında Azərbaycanın təhsil naziri Misir Mərdanovun iştirakından istifadə edərək ona sualla müraciət edib: “Doğrudurmu ki, sizin məktəblərinizdə və dərsliklərinizdə ermənilərə düşmənçilik, nifrət hissləri təbliğ olunur? Biz belə məsələlər varsa, onları ayrılıqda, həmçinin bir yerdə və digər formatda həll etməliyik. Həll etməliyik ki, gələcək nəsillər bir-birinə qarşı qarşılıqlı hörmət və tolerantlıq münasibətləri bəsləsinlər. Bu hesab edirəm ki, xalqlarımız və dövlətlərimiz arasında olan məlum münaqişənin həlli üçün də mühüm addım ola bilər”.
A.Safaryanın sualına cavabında isə Misir Mərdanov bu kimi məsələləri bu cür tədbirlərdə və ya qısa bir zamanda həll etməyin mümkünsüz olduğunu bildirib: “Bu məsələni əslində mütəxəssislər bir araya gəlib, müvafiq araşdırma aparıb, həll etməlidirlər. Mən deyə bilmərəm və bu doğru da olmaz ki, bizdə Ermənistana və ermənilərə dost münasibət olsun. Təsəvvür edin, Qarabağ münaqişəsi nəticəsində 1 ailə məhv olub və onun cəmi 1 üzvü qalıb. O, necə Ermənistana və ermənilərə dost münasibət göstərsin? Cəmiyyətlərimiz arasında çox ciddi uçurum var. Bugünkü tədbir də məhz bu uçurumu aradan qaldırmaq yolunda bir addımdır. Mən bilmirəm, sizin kitablarda nə yazılır, həmçinin siz də bilmirsiniz ki, bizim kitablarda nə yazılıb. Odur ki, bu məsələyə bir günün içində və ya bir tədbir çərçivəsində çətin ki, cavab tapmaq mümkün olsun. Bu cür məsələlər mütəxəssislər arasında çox ciddi araşdırmalar tələb edir”.
Kamil HƏmzƏoğlu



Bu yazı ( 103 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar