12px14px16px18px

Deputatların minimal yaş həddinin azaldılması məsələsinə baxıla bilər

13:46 / 31.03.2012
Qonşu Gürcüstanda gənclərin parlamentdə təmsil olunması ilə bağlı ciddi addımlar atılıb. Gürcü parlamentinin bürosu ölkə Konstitutsiyasına deputatlığa namizədlərin minimal yaş həddinin 25-dən 21-dək azaldılması ilə bağlı qərar qəbul edib. Bu addım ölkəmizdə də birmənalı qarşılanmayıb. Azərbaycanda da bir çox müşahidəçilər deputatlığa namizədlərin minimal yaş həddinin azaldılmasını məqsədəuyğun hesab edirlər.
Gənc millət vəkili Fuad Muradov Modern.az-a açıqlamasında bildirib ki, Azərbaycan qanunvericiliyində də deputatların yaş həddinin azaldılmasına baxıla bilər:
“Mən hesab edirəm ki, əgər gənclər özlərini hazır hesab edirlərsə, öz bacarıqlarını ortaya qoya bilirlərsə, biz qanunvericilikdə bu məsələyə baxa bilərik. Ümumiyyətlə, mən vurğulamaq istəyirəm ki Avropada məsələyə yanaşmalar fərqlidir. Azərbaycanda bu gün ictimai-siyasi proseslərdə aktiv iştirak edən çoxlu gənclərimiz var ki, onlarda millət vəkili seçilmək istəyirlər”.
F.Muradov bildirib ki, digər təbəqədən olan deputatlarla yanaşı, gənc namizədlər ilk öncə bu işin məsuiyyətini dərk eləməlidirlər. Millət vəkilinin sözlərinə görə, deputatlığa hər bir namizəd yaşından aslı olmayaraq öncə ölkədə gedən ictimai-siyasi proseslərdən hali olmalıdırlar.
“Avropa ölkələrinin təcrübəsinə baxsaq, görərik ki, müxtəlif yanaşmalar mövcuddur. Mən tərəfdarıyam ki, öz işini bilən, savadlı, potensialı olan gənclər parlamentdə təmsil olunsunlar. Hesab edirəm ki, seçilən gənc deputatlar bu işə əvvəlcədən hazır olmalıdırlar. Qeyd edim ki, Azərbaycanda əhalinin 60 faizi 35 yaşına qədər olan insanlardır. Mən ümumiyyətlə, gənclərin dövlət qulluğunda və istərsə də digər məsuliyyətli vəzifələrdə çalışmasına çox müsbət baxıram. Azərbaycan gəncləri öz bacarıqları ilə istənilən işin öhdəsindən gəlməyi bacarırlar. Azərbaycan gəncliyinin səviyyəsi heç də aşağı deyil. Odur ki, Azərbaycan dövləti, ölkə rəhbərliyi gəncliyə çox böyük qayğı göstərir. Bizim digər ölkələrdən fərqimiz ondan ibarətdir ki, ilk dəfə bizdə Gənclər və İdman Nazirliyi və Gənclər Təşkilatları Milli Şurası yaradıldı”-deyə deputat əlavə edib.
Qeyd edək ki, Gürcüstanda deputat seçilmək üçün yaş həddinin azaldılması təşəbbüsü ilə parlamentdə 80 deputat çıxış edib. Yaxın günlərdə gürcü parlamentinin konstitusiyaya dəyişikliklərlə bağlı müvafiq prosedurlara başlayacağı və bununla bağlı xüsusi komissiya da yaradılacağı gözlənilir. Məhz bundan sonra dəyişikliklər Gürcüstan parlamentində müzakirəyə çıxarılacaq.
Xatırladaq ki, Azərbaycan qanunvericiliyinə əsasən deputatlığa namizədlərin minimal yaş həddi 25 yaşdır.



Bu yazı ( 159 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar