12px14px16px18px

Səfir Mikael Eriksson: “Azərbaycan Cənubi Qafqazın olduqca əhəmiyyətli dövlətidir”

13:41 / 31.03.2012
“Biz son iki ildə Azərbaycanda olmağımızın nə qədər vacib məsələ olduğunu yaxşı dərk etdik. Bu ölkə həm siyasi nöqteyi-nəzərdən, həm də ticarət və iqtisadi əməkdaşlıq baxımından Cənubi Qafqazın olduqca əhəmiyyətli dövlətidir”.
Bu barədə Bakıda jurnalistlərə İsveçin Azərbaycana yeni təyin olunmuş səfiri Mikael Eriksson açıqlama verib.
O bildirib ki, Bakıya ötən ilin dekabrında səfir təyin edilib, amma hələlik Stokholmda fəaliyyət göstərir: “Əlbəttə ki, bu büdcə ilə əlaqədar məsələdir, lakin biz burada səfirliyi yayın sonunda açmağı planlaşdırırıq. Səfirlik diplomatik heyətlə təmin ediləcək, lakin səfir hələ bir müddət Stokholmda fəaliyyət göstərəcək. Bakıda isə müvəqqəti işlər üzrə səlahiyyətli nümayəndəmiz olacaq”.
İsveçin Azərbaycandakı əsas maraqlarını açıqlayan diplomat deyib ki, burada iki istiqaməti ayırd etmək lazımdır: “Onlardan biri siyasətdir, buraya Dağlıq Qarabağ münaqişəsi, eləcə də çox güman ki, demokratiya və insan hüquqları barədə məsələlər daxildir.
İkinci istiqamət ölkələrimizin sənayeləri arasında ticarət və kommersiya məsələləridir”.
O, iqtisadi münasibətlərin təkcə enerji məsələləri üzərində qurulmayacağını deyib: “ Bu geniş sahəli istiqamət sayılır. Fikrimcə, qeyri-neft sahəsi üzrə əməkdaşlığımızın potensialı daha böyükdür. Məsələn, binaların tikintisi və s. Zənnimcə, “Ağ şəhər” layihəsi çox perspektivlidir. Bu baxımdan biz bəzi çox yaxşı imkan və tövsiyələrimizi təklif edə bilərik”.
“İsveçdən Azərbaycana nə ixrac etmək olar” sualına diplomat deyib ki, enerji investisiyaları, enerji ehtiyatları sahəsində əməkdaşlıq qurmaq olar: “Məhz bunlar ixracat üçün yaxşı potensialdır. Bundan əlavə, avadanlıq tədarükü və s. ilə məşğul olmaq mümkündür”.
Səfir deyib ki, İsveçdə məşhur Nobel mükafatının maliyyə fondunun formalaşmasında Bakı neftinin satışından əldə olunan gəlirin böyük rol oynaması barədə İsveç ictimaiyyətini məlumatlandırmaq lazımdır: “Hesab edirəm ki, biz həmin vaxtdan başlanan işi davam etdirməliyik. Zənnimcə Nobel qardaşları şirkətinin burada təsis edilməsi ikitərəfli münasibətlərin gələcəkdə də inkişaf etdirilməsi üçün çox yaxşı əsasdır. Düşünürəm ki, Nobellər isveçlilərin qəlbinə yaxın olduqları kimi bakılılara da yaxındırlar”.
Dağlıq Qarabağ münaqişəsinə də toxunan diplomat deyib ki, münaqişə yalnız sülh yolu ilə, ATƏT-in Minsk qrupu çərçivəsində həll edilməlidir: “Biz bu istiqamətdəki beynəlxalq səyləri dəstəkləyirik”.
PƏrvanƏ



Bu yazı ( 162 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar