12px14px16px18px

“Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində aparılan işlər ciddi nəticələr verməkdədir”

CƏBİ BƏHRAMOV: “BU BAXIMDAN, QUBA MƏZARLIĞINDA YARADILAN KOMPLEKS ERMƏNİLƏRİN TÖRƏTDİYİ SOYQIRIMLARIN BEYNƏLXALQ BİRLİYƏ NÜMAYİŞ ETDİRMƏK ÜÇÜN XÜSUSİ ƏHƏMİYYƏTƏ MALİKDİR”

13:41 / 31.03.2012
“Biz soyqırımdan danışanda iki tarixi hökmən vurğulamalyıq. Birincisi, 1918-ci il 31 mart soyqırımı, ikincisi, 1992-ci il fevralın 26-da törədilmiş Xocalı soyqırımı. Bu soyqırımlar ermənilərin xarici havadarları tərəfindən dəstəklənərək, maliyyələşdirilərək, hərbiləşdirilərək həyata keçirilib”. Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov müsahibəsində bu fikirləri dilə gətirib.
O deyib ki, bu prosesin tarixinə gəldikdə, qeyd etmək lazımdır ki, 1813-cü ildə imzalanmış Gülüstan sülh müqaviləsindən sonra Azərbaycan torpaqlarında yerləşdirilən ermənilərin iştirakı ilə XX əsrin əvvəllərindən etibarən azərbaycanlılara qarşı soyqırımlar törədilib: “Yəni bu dövrdən etibarən, hadisələr etnik təmizləmə, deportasiya mərhələsindən soyqırım mərhələsinə keçib. İlk növbədə, azərbaycanlıların sahib olduqları ərazilər əllərindən alınmağa başlandı. Konkret olaraq, ermənilərin köçürülməsi ilk olaraq İrəvan quberniyası ərazisində başlandı, oraya Naxçıvan qəzasının ərazisi, Zəngəzur qəzasının, Qarabağ xanlığının ərazisi daxil idi. Hətta 1828-ci ildə Türkmənçay sülh müqaviləsi imzalandıqdan sonra 1829-cu ilin 21 martında bu ərazidə erməni vilayəti yaratdılar. Bu hadisələr isə ona gətirib çıxartdı ki, həmin ərazilərdə ermənilərin sayı 1 milyon 300 mindən nəfərdən çox oldu. Baxmayaraq ki, Gülüstan sülh müqaviləsinə qədər bu ərazidə 1 nəfər də olsun erməni yaşamayıb”.
C.Bəhramov deyib ki, 1917-ci ilin fevralında çar Rusiyası dağıldıqdan sonra həmin ilin oktyabrında bolşeviklər hərbi çeviriliş edərək hakimiyyəti ələ keçirdilər. Bu zaman dekabrın 16-da Bakı Sovetində sədr olan Stepan Şaumyan Leninin əmri ilə Qafqazda fövqəladə və səlahiyyətli komissar təyin olunur və ona 500 min rubl pul ayrılır. Yanvar ayında isə yenə Leninin imzası ilə Bakı Sovetinə 30 milyon 800 min rubl, 5 000 tüfəng, 2 aeroplan və 2 zirehli maşın ayrılıb. Onu da qeyd edim ki, Ərzincan müqaviləsinə görə rus ordusu Qafqaz cəbhəsindən Rusiyaya qayıtmalı idi. Rus qoşunlarının tərkibində Türkiyəyə qarşı vuruşan erməni hərbi birləşmələri, onların 5000 əsgəri Bakıya gəlmişdi. Deməli, bolşevik hökumətinin ayırdığı 5000 tüfəng Bakıya yerləşdirilən erməni hərbçiləri üçün nəzərdə tutulubmuş. Bu hərbi qüvvələr isə azərbaycanlıların qətlə yetirilməsinə, soyqırımına məruz qalmasına yönəldilmişdi. 1918-ci il martın 24-də Şaumyanın başçılığı ilə azərbaycanlılara qarşı başlanmış soyqırımı bir neçə gün davam etdi.
Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən yaradılmış fövqəladə təhqiqat komissiyasının açıqladığı rəqəmlərə görə, həmin hadisələr zamanı Bakıda 12 min nəfərdən artıq azərbaycanlı qətlə yetirilib. Başqa mənbələrdə isə bu rəqəmin daha da artıq olduğu göstərilir. Məsələn, “Azərbaycan” qəzetinin həmin dövrlərdə işıq üzü görən saylarında mart hadisələri zamanı Bakı və ətraf kəndlərdə 30 mindən artıq azərbaycanlınının qətlə yetirildiyi qeyd olunur. Ermənilərin öz nümayəndələrindən biri isə qeyd edir ki, biz Bakıda 25 min nəfəri qətlə yetirmişik. Bütövlükdə götürəndə, Cənubi Azərbaycanda 150 min nəfər, təkcə Urmiya şəhərində 10 min nəfər qətlə yetirilmişdi, Şamaxının 75 kəndi, Qubanın 122 kəndi, Zəngəzurun 115 kəndi ermənilər tərəfindən tamamilə məhv edilib. Bütövlükdə isə həmin dövrdə Azərbaycan ərazisində 700 min nəfər soyqırımına məruz qalıb. Qeyd edim ki, tarixən qətliamlar törədən ermənilərin arxasında beynəlxalq güclər dayanıb.
Tarixçi deyib ki, ermənilər bu bölgənin aborigen xalqı deyil. Onlar sonradan Qafqaza köçürülüblər. Gülüstan, Türkmənçay müqavilələri nəticəsində minlərlə erməni ailəsi bu bölgədə yerləşdirildi: “Təbii ki, burada məqsəd müəyyən beynəlxalq güclərin, imperialist maraqları olan dövlətlərin ermənilərdən bir vasitə, alət kimi istifadə etmək olub. Həm bəzi Qərb dövlətləri, həm də çar Rusiyası ermənilərdən öz geosiyasi maraqları naminə yararlanıblar. Zaman-zaman ermənilər həmin qüvvələrin siyasətinə xidmət edib. Müasir dövrdə də Ermənistan yalnız müəyyən beynəlxalq güclərin Qafqazdakı bazası rolunu oynayır. Ermənistanın rəhbərliyi də, xalqı da yaxşı bilir ki, bu dövlət müstəqil deyil, müstəqil siyasət aparmağa ixtiyarı yoxdur. Onsuz da Ermənistan və onun xalqı bu gün acınacaqlı vəziyyətdədir. Ona görə də, onlar xarici havadarlarının sözündən çıxmaq iqtidarında deyillər. Amma bu durum Ermənistanı məhvə sürükləyir. Ermənilər həmişə başqalarının yedəyində gedə bilməyəcəklər. Artıq iqtisadi böhran məngənəsində olan Ermənistanı insanlar tərk edir, sosial vəziyyət dözülməz dərəcədə ağırdır. Bu prosesin isə davam edəcəyi şübhəsizdir. Ermənilər bilməlidirlər ki, başqalarının torpağını işğal etməklə, kimlərinsə qoltuğuna sığınmaqla özlərini uçuruma sürükləyirlər”.
C.Bəhramov xatırladıb ki, ulu öndər Heydər Əliyevin 1998-ci ilin mart ayında imzaladığı fərmanda qarşıya qoyulan əsas məqsədlərdən biri bu məsələlərin, soyqırımı hadisələrinin mahiyyətinin geniş şəkildə xalqa çatdırılması və bu faktların dünya miqyasına çıxarılmasıdır. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də bu barədə elm adamlarına müvafiq tövsiyələr verilib. Bu istiqamətdə AMEA-nın Tarix İnstitutunda işlər sistemli şəkildə davam etdirilir. İnstitutumuz Azərbaycan tarixinin öyrənilməsinə dair bütün zəruri tədbirləri həyata keçirməkdədir.
O deyib ki, son illər Azərbaycan həqiqətlərinin dünyaya çatıdırılması istiqamətində aparılan işlər ciddi nəticələr verməkdədir. Bu baxımdan, Quba məzarlığında yaradılan kompleks ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımların beynəlxalq birliyə nümayiş etdirmək üçün xüsusi əhəmiyyətə malikdir. Ümumiyyətlə, Quba məzarlığı erməni vəhşiliyini, insanlığa qarşı cinayətləri əks etdirən əyani faktdır. Bu gün Azərbaycan dövləti daha da güclənir və görülən bütün bu işlər əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır. İnanıram ki, güclü Azərbaycan dövləti erməni yalanlarını büsbütün alt-üst edəcək.
PƏrvanƏ



Bu yazı ( 160 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar