12px14px16px18px

“Azərbaycan ərazisindən İrana qarşı heç bir hərəkət olmayıb və olmayacaq”

PREZİDENT ADMİNİSTRASİYASININ ŞÖBƏ MÜDİRİ ƏLİ HƏSƏNOV:“AYRI-AYRI DAİRƏLƏR AZƏRBAYCANLA İRANI BİR-BİRİNƏ QARŞI QOYMAQ,İKİ DÖVLƏTİ DÜŞMƏN VƏZİYYƏTƏ GƏTİRMƏK İSTƏYİRLƏR”

13:56 / 30.03.2012
“Azərbaycanın dövlət başçısı həm Rusiya prezidenti, həm digər müvafiq qurumlarla keçirdiyi görüşlərdə dəfələrlə bəyan edib ki, Rusiya ilə Azərbaycan arasında tərəfdaşlıq münasibətləri mövcuddur. Strateji əlaqələr yaranıb və bu əlaqələr bütün sahələri əhatə edir. Ona görə də Rusiya kimi böyük bir dövlətin xarici işlər nazirinin Azərbaycana səfəri sıradan hadisə deyil. Bu, münasibətlərimizin növbəti illər və mərhələlər üçün qarşısında duran prioritetlərinin çərçivəsinin müəyyən olunmasında mühüm bir addım kimi dəyərləndirilməlidir”. APA-nın xəbərinə görə, bunu Prezident Administrasiyası (PA) ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana nəzərdə tutulan səfərinə münasibət bildirərkən deyib.
PA rəsmisi Rusiya ilə Azərbaycan arasında çox geniş spektrli məsələlərin olduğunu, bu məsələlərin qarşılıqlı şəkildə müzakirə edildiyini və qərarlar verildiyini bildirib.
“Səfər Dağlıq Qarabağ probleminin həllinə hansısa kömək göstərə bilərmi” sualına cavabında Ə. Həsənov bu səfərdən çox şey gözlədiklərini vurğulayıb: “Dəfələrlə bəyan etmişik ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyadan daha güclü təsirə mailik olan ikinci dövlət yoxdur. Həm regional, həm Dağlıq Qarabağ məsələsinə yanaşmada, həm də Ermənistan üzərində Rusiyanın mövcud təsirini nəzərə almaqla biz bu ifadəni işlədir, bəyanat veririk. Sözün həqiqi mənasında Rusiyanın Ermənistan üzərində təsiri dünyada analoqu olmayan təsirdir. Rusiya Ermənistanı istədiyi istiqamətə yönəldə, istədiyi məsələdə Ermənistanı konstruktiv və ya qeyri-konstruktiv istiqamətə yönəldə bilər. Bu anlamda biz Rusiyadan çox şey gözləyirik. Rusiya tərəfindən də müəyyən təşəbbüslər var.
İstər Rusiya prezidenti, istər baş naziri bu istiqamətdə dəfələrlə səylər nümayiş etdiriblər. Bəyan ediblər ki, belə səylər bundan sonra da davam etdiriləcək. Bəlkə də bu il sözün əsl mənasında ciddi irəliləyiş müşahidə edəcəyik”.
Əli Həsənov bəzi qərb mətbuatı və yerli KİV-də İsrailin Azərbaycan ərazisindən İrana qarşı istifadə etməsi barədə yayılan məlumatlara da münasibət bildirib. “Dəfələrlə bəyan etdiyimiz tezisi bir daha təkrar edirik: Azərbaycan dövlətinin ərazisindən İrana, Türkiyəyə, Rusiyaya və Gürcüstana qarşı heç bir hərəkət olmayıb, olmur və olmayacaq”. Ə. Həsənov bunu ayrı-ayrı dairələrin həyata keçirdiyi spekulyasiyalar adlandıraraq, məqsədin ara qarışdırmaq olduğunu bildirib: “İstər ayrı-ayrı müxalifət dairələri, istər onlara məxsus KİV, istərsə də hansısa beynəlxalq qurumlar və onlara məxsus mətbuat İran ətrafında olan mövcud vəziyyətdən istifadə edərək Azərbaycanla İranı bir-birinə qarşı qoymaq, iki dövlət arasında münasibətləri pozmaq, düşmən vəziyyətə gətirmək istəyirlər. Bu məsələdə marağı olan ölkələr və dairələr var. Bu marağı olan ölkələrə və dairələrə birmənalı şəkildə bildiririk ki, onların niyyəti baş tutmayacaq, Azərbaycanla İran və digər qonşu dövlətlər – Ermənistan istisna olmaqla, münsibətləri korlamaq heç kimə nəsib olmayacaq”.
Əli Həsənov Dağlıq Qarabağda keçiriləcək qodarma “president seçkisi” barədə də danışıb: “Ermənilərin qondarma “Dağlıq Qarabağ Respublikası”nda keçirməyə hazırlaşdığı saxta “prezident seçkiləri” ilə əlaqədar Azərbaycanın mövqeyi birmənalıdır. Dağlıq Qarabağdakı qondarma qurum heç kim tərəfindən tanınmır. Burada keçirilən hər hansı tədbir, o cümlədən siyasi aksiya qeyri-qanuni olmaqla bərabər, sülhyaratma missiyasına da mənfi təsir göstərir”. O, qeyd olunan hallarla bağlı dəfələrlə ATƏT-in Minsk Qrupuna, bütün beynəlxalq təşkilatlara müraciət olunduğunu vurğulayıb: “Biz dəfələrlə öz etiraz səsimizi çatdırmışıq. Bu dəfə də etirazımızı bildirəcəyik. Xarici dövlətlər, ATƏT-in Minsk Qrupu da bu kimi aksiyaları pisləyirlər. Bu rejim heç kim tərəfindən tanınmadığı üçün keçirdiyi “seçkiləri” də heç kim tanıya bilməz. Digər tərəfdən, Dağlıq Qarabağdan məcburi qaydada didərgin salınmış vətəndaşlar seçkidə iştirak etmədiyi halda bu “seçkilər” eyni zamanda sülhyaratma prosesinə mənfi təsir göstərəcək”.



Bu yazı ( 110 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar