12px14px16px18px

“Eurovision” insanları onların törətdiyi cinayətdən azad etmir”

SİYAVUŞ NOVRUZOV: “BƏZİ QÜVVƏLƏR BU PROSESƏ KÖLGƏ SALMAQ ÜÇÜN AZƏRBAYCANA MARAĞI OLUB TƏLƏBİ ÖDƏNMƏYƏN DÖVLƏTLƏR TƏRƏFİNDƏN QIZIŞDIRILIB ORTAYA ATILIBLAR”

13:20 / 30.03.2012
“Eurovision” siyasi kampaniya deyil, bu musiqi festivalıdır. Bu musiqi bayramı tamamilə siyasətdən kənarda dayanmalıdır. Ümumiyyətlə, bu istiqamətdə cəhdlər olunması belə “Eurovision”un prinsip və nizamnaməsinə ziddir”.
Bu fikirləri YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov müsahibəsində deyib. O bildirib ki, Azərbaycan “Eurovision” tarixində çox fərqli bir yarışma keçirəcək: “İstər onun hazırlıq işlərinin başlanması, dövlət komissiyasının yaradılması, ona ayrılan vəsaitlər, quruculuq abadlıq işləri, proqramları, görülən digər bütün işlər bu qənaətə gəlməyə imkan verir ki, Azərbaycanda keçiriləcək “Eurovision” bu yarışmanın tarixinə bir ilk, yenilik və ən möhtəşəm yarışma kimi düşəcək. Yaxşı yadımdadır ki, ötən yarışmada, yəni, Azərbaycanın qalib olduğu yarışmada nəticələri şərh edən rusiyalı aparıcılar qeyd etmişdilər ki, indi Azərbaycanın qonaqları necə qarşılayacağına baxarsız. Biz Azərbaycana inanırıq və Azərbaycanın potensialı yarışmanı yüksək səviyyədə keçirməyə imkan verir. Bu da ona əsaslanır ki, Azərbaycanda keçirilən bütün yarışmalar, forumlar, beynəlxalq tədbirlərin hər biri istər təhlükəsizlik, istər təşkilati, istər texniki, insanların sərbəst hərəkət etməsi baxımından çox yüksək səviyyədə təşkil olunur”.
O deyib ki, bəzi qüvvələr bu prosesə kölgə salmaqdan ötrü Azərbaycana marağı olub tələbi ödənməyən dövlətlər tərəfindən qızışdırılıb ortaya atılıblar: “Hansı ölkədə görünüb ki, “Eurovision” keçirilən ölkədə amnistiya tələb olunsun. Cinayətkar cinayət törədibsə, cəzasını çəkməlidir. Qanun qarşısında cavab verməlidir. Bu halın qanunlar çərçivəsində həlli mümkündür. Kimsə aşağı instansiyaların qərarından narazıdırsa, daha böyük instansiyalara müraciət etmək məqsədəuyğundur. Əgər ədalətsizlik varsa, bu, məhkəmə yolu ilə həll olunmalıdır. Bunun yolu “Eurovision”dan keçmir. “Eurovision” insanları onların törətdiyi cinayətdən azad etmir. Bu festival insanlara musiqi bəxş edir, onların musiqi zövqünün formalaşması, musiqi potensialının ortaya çıxması, ifaçılıq qabiliyyətinin müəyyənləşdirilməsinə xidmət edir. Ondan təzyiq metodu kimi istifadə olunması isə tamamilə yanlışdır. Bu, artıq anti-Azərbaycan, antidövlət çıxışıdır, iqtidara deyil, xalqa və dövlətə qarşı çıxmaqdır və bunu anlamaq lazımdır. Bu cür addımlar yalnız düşmən mövqesində dayananların işidir. Dünya ölkələri də yaxşı bilir ki, bu metod deyil və bu üsulla hələ heç kim, heç nəyə nail olmayıb və nail olmayacaq da. Digər tərəfdən, Azərbaycanın belə tədbirləri həyata keçirməsi təbii ki, bizi əhatə edən dövlətləri də qane etmir. Azərbaycan artıq nəinki regionda, həm də postsovet ölkələrindən çıxaraq Şərqi Avropa ölkələrində də liderliyi yavaş-yavaş ələ almaqdadır. Azərbaycanın Şərqi Avropadakı müəyyən layihələri maliyyələşdirməsi, aparıcı iqtisadi forumlarda 1-ci yerlərdə dayanması, Azərbaycana istinadlar təbii ki, bəzi ölkələri də qıcıqlandırır. Onlar öz əlaltılarını ortaya salaraq, bu və ya digər şəkildə məsələyə təsir göstərməyə çalışırlar. Lakin Azərbaycan güclü, hüquqi bir dövlətdir, qanunun aliliyi hər şeydən üstündür. Bu baxımından da istənilən məsələ qanun çərçivəsində həll olunacaqdır”.
Millət vəkili xatırladıb ki, 200 mindən artıq azərbaycanlı Ermənistandan çıxarılıb, 1 milyondan artıq qaçqınımız Ermənistanın işğalçı siyasəti nəticəsində öz yurdlarından didərgin düşüb, ev-eşikləri dağıdılıb, qəbiristanlıqlar, mədəni abidələr dağıdılıb, muzeylər talan olunub: “Amma bir dənə də olsun, hüquq-müdafiə təşkilatları bunların heç biri haqqında Avropa məhkəməsinə və ya insan haqları məhkəməsinə müraciət etməyib. Lakin Bayıl yolunda bir ev söküləndə dərhal buna reaksiya verilir. Və yaxud da qış bulvarında hər hansı bir hüquq müdafiəçisinin evi plana düşərək söküləndə, getmədikləri məhkəmə qalmır. Baxmayaraq ki, bu evlər sökülərkən qanunun bütün tələbləri gözlənilir. Nəyə görə, sadaladığımız 200 mindən artıq Ermənistandan zorla köçürülmüş, deportasiya olunmuş məcburi köçkün və ya 1 milyondan artıq qaçqının əmlakı, talan olunan mədəniyyət abidələri ilə bağlı heç bir beynəlxalq təşkilata müraciət olunmur, amma hər hansı bir hüquq müdafiəçisinin evi qanun çərçivəsində söküləndə hay-küy salınır? Çünki onlar üçün şəxsi maraqlar milli maraqdan daha üstündür. Təbii ki, burada ikili standart və qərəzli mövqe açıq şəkildə görünür”.
O, bəzi qüvvələrin əlamətdar hadisələr ərəfəsində fəallaşmasına, aksiya keçirməklə bağlı çağırışlarına da toxunub: “Onların fəallaşması hava ilə əlaqədardır və mövsumi xarakter daşıyır. Onların Azərbaycanda heç bir bazası, sosial dayaqları yoxdur. 20 ildən artıqdır ki, bunlar eyni funksiyanı yerinə yetirirlər. Əvvəl Sovet DTK-sının təsir dairəsində idilər. Vaxtı ilə bunları keçmiş “Dzerjinski” adına kluba yığaraq onlara milli azadlıq hərəkatında necə hərəkət etməli, nələri danışmalı olduqları barədə məlumat verərdilər. Yəni, bunlar keçmiş Sovet DTK agenturasında olan insanlardı və tədricən zaman keçdikcə ağalarını və istiqamətlərini dəyişdilər. Birinin “komandası” cənubdan, digərininki şimaldan, birininki Avropadan, o birininki okeanın o tayından gəlir. Yəni, bu adamların Azərbaycan xalqı ilə, milli dövlətçilik maraqlarımız ilə heç bir əlaqəsi yoxdur. Onların hamısı şəxsi maraqlardan irəli gələn addımlar atırlar. Əgər mitinq keçirirsənsə, gəl düş qabağa ardınca adamları apar. Yoxsa uşaqları öyrədirsən, beynini pozursan, müəyyən adamları ortaya salırsan, əldə olunan vəsaitin böyük miqdarını isə özünün təminatına, istirahətinə istifadə edirsən. Bunlar çalışırlar ki, 1-2 mitinq keçirsinlər, ağalarından pul qopartsınlar ki, özlərinin birillik maddi gəlirlərini təmin etsinlər. Siyasətdə qalmaq üçün hər hansı bir vəsait sərf etməlisən. Bu vəsaitlər hardan gəlir, bunları hamımız bilirik. Təsəvvür edin, bunlar, hətta öz yoldaşlarına da kələk gəlirlər. Dəfələrlə bu barədə müzakirələr olub. Ayrı-ayrı siyasi partiyalarda rəhbər strukturlardan istefa verənlər səbəbsiz yerə bu addımı atmayıblar. Onlar tələb edirdilər ki belə bir məsələ var, gəlin çıxarın ortaya. Düzdür çox geniş müzakirə də aça bilmirdirlər. Çünki özləri də çox pis vəziyyətdə qalırdılar. Amma ortada bu faktlar var. Onlar müəyyən qədər vəsait alırlar ki, ortaya filan qədər adam çıxaracam. Sosial baza yoxdur, vəsaiti də sərf etmək istəmirlər ki, adam tutsunlar. Çünki pulla tutulan adamlar pulunu alır, gəlir iştirak edir və çıxır gedir. Ona görə də, onlar kütləvi aksiyaları şəhərin gur yerində keçirmək istəyirlər. Hansı ki, o ərazilər 10 min, 15 min insanın hərəkət etdiyi yerlərdir. Və ya özləri bilərəkdən elə yer deyirlər ki, hökumət onlara icazə verməsin. Çünki orada təhlükəsizliyi təmin etmək mümkün deyil. Sərbəst toplaşmaq azadlığı haqqında qanunda göstərilib ki, kütləvi aksiyaların keçirilməsi üçün elə yerlər müəyyənləşdirilir ki, orada insanların təhlükəsizliyini təmin etmək mümkün olsun. Bu səbəbdən də müvafiq yer ayrılır”.
Dialoq məsələsinə toxunan YAP rəsmisi deyib ki, birincisi, dialoq aparmaq üçün müxalifətin potensialı olmalıdır: “Onların potensialı olmalıdır ki, bu potensial da yoxdur. Bunlar 90-cı illərin əvvəllərində hansı şüur, hansı təfəkkür tərzində idilərsə, elə onda da qalıblar. Yəni, dəyişməyiblər. Bunların həmişə 3-4 tələbi olur. 20 ildir eyni şeyləri təkrarlayırlar. Halbuki, artıq Azərbaycan Prezidenti həmin məsələlərin böyük hissəsini həll edib, planlı və ardıcıl şəkildə işlər davam etdirilməkdədir. Amma bunların xəbərləri yoxdur. Müxalifət odur ki, iqtidara alternativ layihələr təqdim etsin, cəmiyyətlə dövlət arasında əgər hər hansı bir gərginlik varsa onun aradan qaldırılması prosesində vasitəçi rolunu oynasın və yaxud da cəmiyyətin müəyyən fikrini iqtidara çatdırsın və s. Bunların isə nə cəmiyyətlə, nə insanlarla əlaqəsi var, nə ictimai ab-havanı bilirlər, nə Azərbaycanın regionlarında gedən proseslərdən xəbərləri var, nə ölkənin iqtisadi inkişafı barədə məlumatlı deyillər, nə gündəlik məsələlərdən agahdırlar. Sadəcə olaraq, xaricdən bir mesaj gəlir başlayırlar 1-2 bəyanat verməyə, daxildə də bunlar başlayır bəyanatla çıxış etməyə ki, onlarla bunlar dialoqa gəlmirlər”.
PƏRVANƏ



Bu yazı ( 96 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar