12px14px16px18px

Bahar Muradova: “Həm ölkə daxilində,həm beynəlxalq aləmdə Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanması ciddi narahatlıqlar doğurur”

08:35 / 29.03.2012
“Avropa Parlamentinin Xarici Əlaqələr Komissiyasının ATƏT-in Minsk qrupunda Fransanı Avropa Birliyi ilə (AB) əvəz etməsini nəzərdə tutan təklifinin reallığa çevrilməsi üçün müəyyən işlər görülməlidir”.
Bu barədə Azərbaycan Milli Məclisinin vitse-spikeri, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova açıqlama verib.
O deyib ki, istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanması ciddi narahatlıqlar doğurur: “Müəyyən dairələr bu prossesin qarşısını almaq və münaqişənin nizamlanmasının yollarını daha da sürətləndirmək, daha çevik mexanizm əldə etmək üçün müxtəlif təkliflər irəli sürürlər. Mən bunu belə bir cəhd kimi dəyərləndirirəm. Amma hələ irəlidə nələrin baş verəcəyini indidən söyləmək mümkün deyil. Avropa İttifaqının Fransanı əvəzetməsi üçün bu təşkilatın özünün müəyyən strukturlarının müvafiq qəraralarına ehtiyac var. Ona görə, indidən fikrə konkret münasibət bildirmək mümkün deyil”.
Vitse-spiker bildirib ki, bu cür təkliflərin meydana çıxması münaqişənin həllinin doğurdanda bir çoxlarını narahat etdiyinin göstəricisidir: “Lakin müsbət proqnoz verməyə çətinlik çəkirəm. Çünki ötən iyirmi il və onun acı təcrübəsi bizə imkan vermir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hansısa müsbət proqnozlar verək”.
B.Muradova deyib ki, bu gün Qarabağ işğal altındandır. Bu gün təkcə qarabağlıların yox, bütün Azərbaycan xalqının, Azərbaycan dövlətinin qarşısında duran bir nömrəli məsələ Qarabağın işğaldan azad edilməsidir: “Əlbəttə, bu, davamlı bir prosesdir və bu prosesdə hər kəsin öz yeri və rolu var. Amma mən düşünürəm ki, öz torpaqlarından didərgin düşmüş insanlar, onların təmsil edən insanlar daha fəal olmalıdırlar. Çünki bizim evlərimiz yağmalanıb, yurdlarımız talanıb, dağıdılıb, bu müharibənin dəhşətlərinin nə olduğunu öz həyatımızda hiss etmişik, yurd içində yurd həsrəti çəkməyin nə demək olduğunu yaxşı bilirik. Ona görə də, hesab edirəm ki, biz daha artıq səy göstərməliyik. Bu gün mənim seçicilərim qaçqın, köçkün həyatı yaşayan insanlardır. Düzdür, dövlətimiz bu insanların yüksək həyat şəraiti ilə təmin olunması üçün müvafiq işlər görür, mümkün olan hər şeyi edir, amma bu insanlar sosial cəhətdən yaxşılaşmış həyatlarını öz yurdlarından kənarda sürdürmək məcburiyyətindədirlər. Bunun özü psixoloji gərginlik, kompleks yaradır ki, bütün bunlar nəzərə alınmalıdır. Əlbəttə ki, ikiqat diqqətli, ikiqat qayğıkeş, ikiqat həssas, ikiqat məsuliyyətli olmalısan ki, bütün bu vəzifələrin öhdəsindən gələ, həm də bu incə məqamları nəzərə ala biləsən”.
B.Muradova deyib ki, Azərbaycan heç kəsin ərazisini işğal etməyib: “Bizim torpaqlarımız işğal olunub. Beynəlxalq hüququn prinsipləri, insan hüquqları, insanların yaşamaq, mülkiyyət hüquqları bizə münasibətdə pozulub. Bu isə onu deməyə əsas verir ki, beynəlxalq hüququn tələbləri, haqq və ədalət bizim tərəfimizdədir. Əminlik ilk növbədə burdan doğur ki, əvvəl – axır haqq – ədalət qalib gəlməlidir. Bu haqq – ədalətin zəfər gününü yaxınlaşdırmaq da bizim fəaliyyətimizdən asılıdır. Bu istiqamətdə də əminliyimiz var. Azərbaycan regionun ən güclü dövlətinə çevrilib, dünyanın diqqət və marağı ölkəmizə yönəlib. Bu isə deməyə əsas verir ki, biz öz problemimizi gec – tez aradan qaldıracağıq. Biz o torpaqlara mütləq qayıdacağıq”.
Vitse-spiker deyib ki, Qarabağ danışıqlarına müsbət nəticə baxımından yanaşsaq, artıq neçə ildir ki, eyni nöqtədəyik. Amma erməni lobbisinin, erməni maraqlarına xidmət edən beynəlxalq dairələrin, dünya erməniliyinin başlatdığı bir prosesdə artıq keçən hər gün onlar üçün uğursuzluq sindromunu möhkəmləndirir, Azərbaycan üçün isə uğur qazanmaq ehtimallarını daha çox artırır. Ən əsası, dünyada erməni mifi dağılmaqdadır. Azərbaycan həqiqətləri artıq daha geniş anlamda dünyada qəbul olunmaqdadır. Əgər vaxtilə, qondarma “erməni soyqırımı” qərarlarının qəbulu, xarici dövlətlərin parlamentlərində erməni maraqlarına xidmət edən qərarların qəbulu müşahidə edilirdisə, bu gün artıq Azərbaycan mövqeyindən qəbul edilən qərarlar və məsələlərə yanaşma özünü daha çox göstərməyə başlayıb. Artıq dünya ermənilərin öz siyasətlərini yalan üzərində qurduqlarının fərqindədir. Bunun özü Qarabağ məsələsinin haqq-ədalət çərçivəsində həllinə şərait yaradan amillərdən biridir.
PƏRVANƏ





Bu yazı ( 110 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar