12px14px16px18px

Eldar Mahmudov: “Dövlətə xəyanətdə təqsirli bilinən 24 nəfər ifşa olunub”

08:26 / 29.03.2012
“Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər sayəsində xarici xüsusi xidmət orqanlarının və digər subyektlərin kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliyyətinin qabaqlanması və ifşa edilməsi istiqamətində işlər uğurla davam etdirilib.
Əks-kəşfiyyat və hərbi əks-kəşfiyyat tədbirləri nəticəsində casusluq etməklə dövlətə xəyanətdə təqsirli bilinən 24 nəfər ifşa olunub”. APA-nın xəbərinə görə, bunu Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 93-cü ildönümü münasibətilə Milli Təhlükəsizlik Nazirliyinin (MTN) akt zalında keçirilən mərasimdə çıxışında nazir Eldar Mahmudov bildirib. Nazir deyib ki, ötən dövrdə terrorçuluqla mübarizə sahəsində də mühüm nailiyyətlər əldə edilib. Kompleks əməliyyat tədbirləri nəticəsində Pakistan-Əfqanıstan ərazilərində koalisiya qüvvələrinə qarşı silahlı birləşmələrdə iştirak etmiş və beynəlxalq axtarışda olan 2 nəfər yaxalanıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 30-a yaxın transmilli mütəşəkkil cinayətkar dəstə və qrupun, ayrı-ayrı şəxslərin fəaliyyətinin qarşısı alınıb. Ümumilikdə 630 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 40 cinayət işi başlanıb, 137 nəfər məsuliyyətə cəlb olunub. Təyinatına görə nüvə sənayesində istifadə edilən avadanlığın qaçaqmalçılığı ilə məşğul olan transmilli mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib, eləcə də, dərman və dərman preparatlarının, külli miqdarda qiymətli daş-qaşın və qızıl məmulatlarının qanunsuz yolla ölkəyə gətirilməsinin qarşısı alınıb. Ümumilikdə qaçaqmalçılıq faktları üzrə 8 cinayət işi başlanıb, 13 nəfər məsuliyyətə cəlb olunub. 2011-ci il ərzində həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində, Gədəbəy Qızıl-mis Emalı zavodundan xam qızılın oğurlanması, həmçinin kompüter informasiyasına qanunsuz daxil olaraq müxtəlif bank hesablarından külli miqdarda pul vəsaitlərinin talanması ilə məşğul olan ayrı-ayrı mütəşəkkil cinayətkar dəstələr ifşa edilib. Bundan başqa, saxta sənədlər, o cümlədən saxta qiymətli kağızlar hazırlama, nəzarətdən kənar beynəlxalq rabitə xidmətinin təşkili, külli miqdarda vergi ödənişlərindən yayınma və insanların etibarını qazanmaqla külli miqdarda pul vəsaitini mənimsəmə cinayətləri üzrə də 14 cinayət işi başlanıb, 23 nəfər cinayət məsuliyyətinə cəlb olunub. İstintaq fəaliyyətinin səmərəli aparıldığını, cinayətlərin açılmasına, cinayətkarların ifşa olunmasına dəyərli töhfələr verildiyini bildirən nazir Eldar Mahmudov, ötən müddət ərzində MTN-də 137 cinayət işinin istintaqının başa çatdırıldığını qeyd edib.




Bu yazı ( 102 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar