12px14px16px18px

Əli Əhmədov: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında da Rusiya əhəmiyyətli rol oynaya biləcək dövlətlərdən biridir”

10:26 / 28.03.2012
“Rusiya Azərbaycanın qonşusudur. Əlbəttə ki, Rusiya böyük bir dövlətdir, iqtisadi potensialı olduqca güclüdür, dünya siyasətində əhəmiyyətli bir rola malikdir. Amma Rusiya-Azərbaycan münasibətlərini səciyyələndirən təkcə bu sadaladıqlarımız deyil. Azərbaycan ən müxtəlif səviyyə və formalarda Rusiya ilə uzunmüddətli münasibət və əlaqələr qurubdur”. Bu fikirləri YAP icra katibi Əli Əhmədov Azərbaycan-Rusiya münasibətlərini şərh edərkən bildirib. O deyib ki, Rusiyada baş tutmuş prezident seçkiləri Azərbaycanda da olduqca diqqətlə izlənilirdi: “Vladimir Putinin prezident seçilməsinin Rusiya-Azərbaycan münasibətlərinin təsiri məsələsinə gəldikdə isə qeyd edə bilərəm ki, Azərbaycan iqtidarı ilə Rusiyanın fəaliyyətə başlayacaq rəhbərliyi arasında kifayət qədər səmimi münasibətlər mövcuddur. Bu münasibətlərin əsası ulu öndər Heydər Əliyevin zamanında qoyulub və Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə uğurla inkişaf edərək daha da möhkəmlənibdir. Güman edirəm ki, bundan sonra da ölkələr arasındakı münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyacaqdır. Onu da qeyd etmək lazımdır ki, bu gün Azərbaycanla Rusiya arasında gərginlik yarada biləcək hər hansı bir ciddi problem yoxdur”.
O deyib ki, digər xüsusi məqam ondan ibarətdir ki, Azərbaycanın ən ciddi problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında da Rusiya əhəmiyyətli rol oynaya biləcək dövlətlərdən biridir: “Belə ki, Rusiya həm münaqişənin nizama salınması məqsədilə yaradılmış ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biridir, həm də bu format çərçivəsində son illər olduqca fəal mövqe nümayiş etdirməkdədir. Rusiya eyni zamanda Ermənistana ciddi təsir imkanlarına malik olan böyük dövlət kimi münaqişənin nizamlanmasında həlledici rol oynaya bilər”.
Bu günlərdə Ermənistan prezidenti Serj Sarkisyan Brüsselə səfəri çərçivəsində Avropa İttifaqı rəsmiləri ilə görüşlərində Azərbaycanın iqtisadi imkanlarının genişlənməsini və dövlət büdcəsindən hərbi sahəyə yönəldilən vəsaitlərin artmasını ölkəsi üçün ciddi təhdid kimi dəyərləndirməsinə toxunan Ə.Əhmədov deyib ki, bu narahatçılığı doğuran səbəblər ondan ibarətdir ki, Azərbaycan həqiqətən güclənir və beləliklə də Azərbaycan və Ermənistan arasında fərqlər işğalçı ölkənin ziyanına sürətlə artmaqdadır. Azərbaycanın əhalisi 9 milyonu örtüb və bir neçə ildən sonra bu rəqəm 10 milyona çatacaq. Ermənistanın əhalisi isə sürətlə azalmaqdadır. “Bu gün Ermənistanın əhalisinin real sayının 2 milyon civarında olduğu etiraf olunur və bu ölkənin rəhbərliyi də bir neçə il bundan əvvəl bu gerçəkliyi gizlətməsinə baxmayaraq, artıq onun gizlədilməsinin mümkün olmadığını dərk etməkdədir. Bu, təbiidir ki, Ermənistanda böyük narahatçılıq yaradır. Ermənistan yaxın vaxtlarda əhalisi olmayan və yaxud da əhalisi çox az olan bir dövlətə çevrilmək təhlükəsi ilə üzləşməkdədir. Bu, təkcə demoqrafik məsələ, əhalinin sayının azalması deyil. Bu, həm də iqtisadi potensial resurslarının tükənməsi deməkdir. Ən güclü iqtisadi potensial insandır və insan olmayan yerdə təbii ki, iqtisadi potensial inkişaf etdirilə bilməz. Və Ermənistan çox ciddi şəkildə bu təhlükə ilə üzləşib.
Digər məsələlər də Ermənistanı heç də bundan az narahat etmir. Azərbaycanın iqtisadiyyatının güclənməsi, bunun əsasında insanlarındakı yüksək əhval – ruhiyyə də Ermənistanı narahat edən gerçəklikdir. İşğalçı ölkədəki çox acınacaqlı iqtisadi durum Ermənistan vətəndaşlarının öz hakimiyyətindən razılıq indeksini minimuma endirib. Ermənistanda ictimai-siyasi sabitliyin qorunması müşkül bir məsələyə çevrilibdir. Əgər insanlar kütləvi şəkildə öz yaşayışlarından narazıdırlarsa, onlar heç zaman hakimiyyətdən razı ola bilməzlər. Azərbaycanda isə əksinə proseslər baş verir. Ölkənin iqtisadi durumu və bunun üzərində formalaşan sosial durum insanların öz həyatından məmnun və razı olmalarını təmin edibdir. Əgər insan öz həyatından razıdırsa, bu, bütövlükdə əhalinin, xalqın ictimai ovqatını müəyyənləşdirir. Bu ovqatın da kökündə dayanan o məmnunluq, razılıqdır. İnsan həyatından razıdırsa, hökumətindən, dövlətindən, ölkədəki idarəçilikdən, siyasi proseslərdən razıdır. Bu, ölkənin ictimai – siyasi durumunun möhkəmliyini, davamlılığını təmin edir. Ermənistanda isə başqa bir ictimai – siyasi durum və mənəvi – psixoloji vəziyyət mövcuddur. Narahatçılığı yaradan səbəblər və Azərbaycandan Ermənistanın narahatçılığı həm də bununla əlaqədardır”.
Onun fikrincə, digər bir məsələ Azərbaycanın hərbi qüdrətinin artmasıdır: “Bu gün Azərbaycanın hərbi xərcləri Ermənistanın dövlət büdcəsindən əhəmiyyətli dərəcədə çoxdur. İllər keçdikcə, bu fərq də Ermənistanın ziyanına böyüməkdədir. Bu da Ermənistan tərəfini vahiməyə sayan gerçəklik və reallıqdır. Və nəhayət, Azərbaycanın bütün bu sadaladığım səbəblərlə əlaqədar olaraq, dünyada, dünya birliyində mövqeyinin, rolunun artmasını da ayrıca qeyd etmək istərdim. İstər, Avropa istiqamətində, istər daha geniş beynəlxalq aləmdə olsun, Azərbaycanın əlaqələri möhkəmlənibdir. İndi Azərbaycanı daha güclü, daha perspektivli bir dövlət kimi tanıyırlar. Azərbaycanla işbirliyi qurmaq istəyən dövlətlərin sayı çoxalır. Beləliklə də, Ermənistan bu göstəriciyə görə Azərbaycana uduzduğunu, bu sahədə də fərqlərin getdikcə artdığını görür. Təbii ki, bütün bu faktorlar onları vahiməyə salır.
Mən hesab edirəm ki, Ermənistan tərəfi Azərbaycandan şikayət etmək əvəzinə, yaranmış bütün bu təhlükələrin qarşısını almağın yeganə bir yolu haqqında düşünsə, daha yaxşı olardı. Bu da işğal etdikləri, bu günə qədər işğal altında saxladıqları Azərbaycan torpaqlarını geri qaytarmaq, beləliklə, Azərbaycan tərəfindən yaradılmış bütün bu təhlükələrin qarşısını almaqdır. Əgər münaqişəni yaradan səbəb aradan götürülərsə, Azərbaycanın işğal altındakı torpaqları azad edilərsə, Azərbaycanın sürətli inkişafı Ermənistan üçün hər hansı bir hədə deyil, əksinə cəlbedici bir faktora çevrilər. Azərbaycanın investisiyaları, digər geniş imkanları Ermənistan üçün xilasedici bir faktora çevrilə bilər. Digər bir tərəfdən, bu reallıq aradan qalxarsa, Türkiyə ilə də sərhədlər açıla, bununla da Ermənistan öz çıxılmaz vəziyyətindən xilas olmaq yolları ələ edə bilər. Çox təəssüf ki, Ermənistan rəhbərliyi daha səmərəli yollardan faydalanmaq əvəzinə, heç bir mənası olmayan yol seçibdir ki, bu da Azərbaycandan şikayət etməkdir.
Onu da qeyd etmək vacibdir ki, Ermənistanın Azərbaycandan şikayət etməsi bu ölkə ilə Azərbaycanın müqayisəsində ortaya çıxan gerçəklikləri dəyişdirmək üçün yetərli bir vasitə deyil. Nə qədər şikayət etsələr də, bu reallıq dəyişməyəcək”.
Ə.Əhmədov deyib ki, onlar bu şikayətləri ona görə ifadə etmirlər ki, Azərbaycan bundan sonra hərbi qüdrətini artırmasın. “Təbii ki, erməni siyasətçilər özləri də başa düşürlər ki, Azərbaycan bu şikayətlər əsasında öz hərbi qüdrətini artırmaqdan vaz keçməyəcək. Bu şikayətlər Avropadan və dünyanın digər maliyyə mərkəzlərindən Ermənistanın ehtiyaclarını ödəmək üçün daha çox vəsait əldə etmək, yardımlar almaq niyyətinə xidmət edir. Ola bilər ki, bu yolla müəyyən yardımlar alırlar. Amma bu da tamamilə müvəqqəti olacaq. Çünki Ermənistanın indiki durumunda hər hansı xarici yardımlarla mövcud kritik vəziyyətdən çıxmaq mümkün deyil. Yeganə düzgün, alternativsiz yol işğal altında saxladıqları Azərbaycan torpaqlarını geriyə qaytarmaq və düşdükləri çox çətin vəziyyətdən daha ağrısız çıxmağa nail olmaqdan ibarətdir”.
PƏRVANƏ



Bu yazı ( 93 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar