12px14px16px18px

“Avropa Birliyi Minsk Qrupunun səhvlərini nəzərə almalı və həmin yalnışlıqları təkrarlamamalıdır”

10:07 / 28.03.2012
“Avropa Parlamentinin Xarici Əlaqələr Komissiyasının ATƏT-in Minsk qrupunda Fransanı Avropa Birliyi ilə (AB) əvəz etməsini nəzərdə tutan sənəd Dağlıq Qarabağ münaqişəsinin həlli üçün çox şeyi dəyişməyəcək”. Bu barədə Milli Məclisin üzvü, politoloq Rasim Musabəyov açıqlama verib. O deyib ki, ATƏT dövlətləri birləşdirir, Avropa Birliyi isə dövlət deyil. “ATƏT dövlətləri birləşdirir və Avropa Birliyi də ATƏT-in üzvü deyil. Burada yalnız belə variant mümkündür: “Minsk qrupunun həmsədri kimi həm Fransa, həm də Avropa Birliyinə eyni zamanda mandat verilsin. Əslində isə bu heç nəyi dəyişmir”, – deyə millət vəkili bildirib.
Bu əvəzləməni sual altında qoyan digər məqamların da olduğunu deyən Rasim Musabəyov bildirib ki, sözügedən sənədin Qarabağ münaqişəsinin həllinə təsiri olmayacaq: “Avropa Parlamentinin Xarici Əlaqələr Komissiyası ATƏT-in Minsk Qrupunun tərkibinin dəyişdirilməsi təklifini qəbul etməsi tövsiyə xarakteri daşıyır. Bu, sadəcə, prosedurları uzada, əsas məsələdən diqqəti daha da yayındıra bilər”.
“Avropa Birliyinin Dağlıq Qarabağ münaqişəsinin həllində fəal mövqe nümayiş etdirmək istəyi bütün hallarda yaxşıdır”. Bu fikirləri isə Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib. O, qeyd edib ki, təklif gerçəkləşəcəyi təqdirdə, Minsk Qrupu çərçivəsində münaqişənin həllinə artıq 28 Avropa ölkəsinin marağı dayanacaq: “ Avropa Birliyi Minsk Qrupunun səhvlərini nəzərə almalıdır, Minsk Qrupunun yol verdiyi yalnışlıqları təkrarlamamalıdır. Həmçinin Avropa Birliyi “Şərq Tərəfdaşlığı Proqramı” çərçivəsində əməkdaşlıq edən ölkə və regionlarla bağlı daha sıx münasibətlər qurmaq, problemlərin həllində daha fəal iştirak etmək barədə siyasi qərar verib. Bu baxımdan Azərbaycan daxil olmaqla digər ölkələrin də Avropa Birliyi ilə münasibətlərində yeni mərhələ gözlənilir”.
Millət vəkili həmçinin Birliyin dövlət deyil, beynəlxalq təşkilat olduğunu vurğulayıb: “Əgər sabah Fransanı Avropa Birliyi əvəz edəcəksə, bəs təsir mexanizmi üçün məsuliyyəti kim daşıyacaq? Çünki, Fransa bir dövlət kimi problemin həllində siyasi məsuliyyət daşıyır, Azərbaycan və Ermənistan arasında vasitəçiliyi öz üzərinə götürür”.
Qeyd edək ki, Avropa Parlamentinin Xarici Əlaqələr Komissiyasında Avropa Birliyinin (AB) ATƏT-in Minsk qrupunda Fransanı əvəz etməsini nəzərdə tutan sənəd qəbul olunub. Sənəddə AB-nin Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunda Fransanın mandatını əvəz etməsi təklif olunur. Ermənistanla bağlı digər məsələlərin də yer aldığı sənəd Avroparlamentin plenar iclasında səsverməyə çıxarılmalıdır. Sənədin Avroparlamentin müzakirəsinə bir ay sonra çıxarılacağı gözlənilir.
PƏRVANƏ




Bu yazı ( 85 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar