12px14px16px18px

Məlahət İbrahimqızı: “Kimin əfv olunub-olunmaması məsələsi prezidentin səlahiyyətinə aid olan məsələdir”

01:44 / 15.03.2012  
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşıb və Komissiyanın hazırladığı siyahı Azərbaycan prezidentinə təqdim edilib. Bu barədə “525”-ə açıqlamasında sözügedən Komissiyanın üzvü, millət vəkili Məlahət İbrahimqızı məlumat verib. Onun sözlərinə görə, Əfv Komissiyasına əfvlə bağlı müraciət edənlərin sayı çoxdur: “İndi müraciətlərin və Komissiyanın hazırladığı əfv siyahısına daxil edilən məhbusların dəqiq sayını deyə bilmərəm. Amma bizə- Komissiya üzvlərinə müraciətlər çox olur. Biz də Komissiya və Komissiya üzvləri olaraq , edilən müraciətləri hərtərəfli şəkildə araşdırırıq. Yəni, əfvlə bağlı müraciət edən məhbusların cəza çəkdikləri cəzaçəkmə müəssisələrində , islah –əmək koloniyalarında özlərini necə aparmalarını , digər məqamları təhlil edirik, onlara öz münasibətimizi bildiririk və yekun siyahını sonda Komissiya adından cənab Prezidentə təqdim edirik. Cənab Prezident də Konstitusiyanın ona verdiyi səlahiyyətlərdən istifadə edərək həmin şəxslərin əfv edilməsi ilə bağlı müvafiq əfv fərmanı imzalayır. Demək istəyirəm ki, kimin əfv olunub- olunmaması məsələsi birbaşa Prezidentin səlahiyyətinə aid olan məsələdir”. Əfv Komissiyasının hazırladığı siyahıya adları “vicdan məhbusu” və ya “siyasi məhbus” kimi hallandırılan şəxslərin salınıb- salınmamasına gəlincə, millət vəkili bu barədə konkret heç nə deməyib və onu sözlərinə əlavə edib ki, o, umumiyyətlə, Azərbaycanda “vicdan məhbusu” , yaxud , “siyasi məhbus” olması məsələsini qəbul etmir: “Hələ indiyə qədər “siyasi məhbus”un dəqiq tərifini verən yoxdur. Eyni zamanda, Əfv Komissiyasının müvafiq Əsasnaməsi var və hər bir məsələyə də orada Əsasnaməyə uyğun olaraq baxılır. Bildiyiniz kimi, əfv olunmaq üçün gərək cinayət törətmiş şəxsin özü bilavasitə Komissiyaya müraciət etsin. Yəni, bu, əfv olunmaqla bağlı sözügedən Komissiyanın Əsasnaməsində əksini tapan prosedura qaydalara daxildir. Bir sözlə, Komissiya öz fəaliyyətində Əsasnamədən kənar prinsiplərə əsaslanmır”. Qeyd edək ki, Novruz bayramı münasibətilə əfv fərmanının imzalanacağı gözlənilir.
KAMİL


Bu yazı ( 127 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar