12px14px16px18px

Zahid Oruc: “ Dövlət büdcəsində Dağlıq Qarabağ ayrıca paraqrafla göstərilməlidir ”

02:01 / 14.03.2012
“Ümumiyyətlə, biz Qarabağı Azərbaycanın coğrafi hissəsinin bir tamında qəbul ediriksə və bir parçası kimi sayırıqsa, belə olan təqdirdə, onu maliyyə-büdcə sənədlərində ifadə etməliyik. Ola bilməz ki, bu məsələ yarımçıq yönünü göstərsin, digər tərəfdən, bu, sadəcə, bir büdcə ayırmalarında nəzərdə tutulan məsələ deyil, eyni zamanda, siyasi məna kəsb edir”. Bunu mətbuata açıqlamasında millət vəkili Zahid Oruc büdcə ayırmalarında Azərbaycanın işğal altında olan nəzarətdən kənar Dağlıq Qarabağ bölgəsinin ayrıca paraqrafla göstərilməsi təklifinə növbəti dəfə münasibətini bildirərkən dilə gətirib. Millət vəkilinin dediyinə görə, Azərbaycan dünyaya təqdim edir ki, məhz erməni separatizmi və Ermənistanın təcavüzkarlıq siyasəti nəticəsində öz vətəndaşlarımız olan ermənilərə yönəlik siyasətimiz, iqtisadi xəttimiz işləmir. Z. Oruc qeyd edib ki, faktiki olaraq Azərbaycan Qarabağın bütün iqtisadi, sosial problemlərini öz üzərinə götürməyə hazırdır, bölgənin inkişafı Azərbaycanla bağlıdır: “ Birmənalı şəkildə bunun bütün gələcək yol xəritəsinin hazırlayarkən o momentlərin nəzərdə tutulması mümkündür. Onun iqtisadi əlaqələrinin formalaşması da, bölgənin ağır problemlərdən çıxması da, onun geridə qalmış bir bölgə kimi, yəni, Azərbaycanın digər istər regional, istərsə də mərkəzi sisteminə qoşulması da, xarici əlaqələrin yaradılması bilavasitə Azərbaycanın üzərindən mümkündür. Bunlar yalnız Azərbaycanın qərarları hesabına reallaşdırıla bilər. Bu mənada büdcədə ayrı sətirlə Qarabağ maliyyələşməsi göstərilməlidir. Kimsə dərhal deyəcək ki, bu, Şuşanın bərpası olacaq, yoxsa, hansısa ərazinin hansısa problemlərinə, məsələn, su sistemlərinə və sair, yönəlmiş bir xətt, bir çoxları bunu nəzəri təqdimat kimi saya bilirlər. Onlar düşünürlər ki, maliyyə-iqtisadi sənədlərdə bunlar ümumi adla göstərilə bilər, onun konkretliyi isə Qarabağın probleminin həllindən asılıdır. Amma hesab edirəm ki, Azərbaycanda bu şərti elə büdcə sənədində də ifadə edə bilər”. Millət vəkili onu da bildirib ki, belə bir addım istər ABŞ-dan, istərsə də digər Qərb dövlətlərindən Qarabağa ünvanlanan “yardım” siyasətinə qarşı ümumAzərbaycan mövqeyini formalaşdırmağa imkan verər: “Yəni, biz bu 8 milyonluq yardıma- hər il Amerikadan alınmış yardımlara qarşı dirənişə maliyyə əsaslarını yaradırıq. Göstəririk ki, onlar doğrudan da əgər maraqlıdırlarsa ki, problemlərdən çıxsınlar, izolyasiya şəraiti olmasın, sadəcə, daha ağır sosial şəraitdə radikalizm güclənməsin, bu halda Azərbaycan bütün öhdəlikləri öz üzərində daşıyır. Yetər ki, Azərbaycan qanunları tanınsın, Azərbaycan Konstitusiyasına hörmət olunsun, Azərbaycanın ərazi bütövlüyü prinsipi orada öz əksini tapsın. Bu sözlər söylənilərkən bunun reallığını qəbul edən çoxlu həmkarlarımı görmüşəm, o cümlədən, hökumət üzvlərinə də bəzən bunu fərdi qaydada çatdırmışam. Bir neçə gün sonra hökumətin hesabatı zamanı bu məsələni bir daha gündəmə gətirəcəyəm. Bir sözlə, düşünürəm ki, Qarabağ Azərbaycanın coğrafi hissəsi kimi, həm də onun maliyyə hissəsində, maliyyə sənədində əksini tapmalıdır”.
Kamil Həmzəoğlu





Bu yazı ( 154 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar