12px14px16px18px

Bakıda “Türk ocaqları”nın 100 illik yubileyi qeyd olunub

01:48 / 14.03.2012
Dünən Bakıda “Türk ocaqları”nın 100 illik yubleyi ilə əlaqədar toplantı keçirilib. Atatürk Mərkəzində keçirilən tədbirdə Türkiyənin baş nazirinin müavini Bəkir Bozdağ, Azərbaycanın millət vəkilləri Qənirə Paşayeva, Nizami Cəfərov, “Türk Ocaqları” Birliyinin sədri Cezmi Bayram, Türkiyə-Azərbaycan parlamentlərarası Dostluq Qrupunun rəhbəri Necdet Ünüvar, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa, Yeni Azərbaycan Partiyası (YAP)icra katibinin müavini Mübariz Qurbanlı, həmçinin, Türkiyədən və Azərbaycandan olan media nümayəndələri iştirak ediblər. Tədbirdə iştirak edən Cezmi Bayram bildirib ki, bu tədbirin Azərbaycan keçirilməsi heç də təsadüfi deyil: “1912-ci ildə “Türk ocaqları” yaranarkən Əli bəy Hüseynzadə və digər azərbaycanlı mütəfəkkirlərin böyük dəstəyi olub. Osmanlı imperatorluğunun çətin keçdiyi son illərdə də bu birliyin yaşamasında Azərbaycanın böyük rolu olub. Məhz buna görə də, türk ocaqlarının 100 illik yubileyi ilə əlaqədar ilk tədbir Azərbaycanda keçirilir”. Birliyin sədri Cezmi Bayram əlavə edib ki, ümid edirik ki, belə tədbirlər digər türk dövlətlərində də keçiriləcək. Və bununla da türk ölkələrinin daha güclü birliyinə nail olacağıq. Bəkir Bozdağ: “Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi böyük uğurdur”. “Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi Azərbaycanın dünyada qazandığı böyük uğurlardan biridir”. Bunu sözügedən tədbirdə çıxışı zamanı Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ deyib: “Türkiyə qardaş türk dövlətlərinin müstəqillik əldə etdiyi ilk illərdən onların yanında olub. Sahib olduğumuz insanlarımızın iqtisadi və maddi qaynaqlardan güclü olduğunu düşünürük. Ortaq gələcəyimiz üçün atılan hər bir addımı dəstəkləyəcəyik”. Baş nazirin müavini qeyd edib ki, Türk Ocaqları türk tarixinin ən çətin dönəmlərində fəaliyyətə başlayıb: “Altı yüz illik imperatorluğun parçalandığı bir dövrdə bu təşkilat türk milli varlığını qorumaq məqsədilə bir qrup türk ziyalısı tərəfindən qurulub. O zaman dünyanın müxtəlif ölkələrindən gələn bir qrup ziyalı bu sahədə fəaliyyətə başladı. Keçən il türk cümhuriyyətləri müstəqilliklərinin 20 ilini qeyd etdilər. Qardaş ölkələr arasında münasibətlər gələcəyin gözəl olacağını deməyə əsas verir”. B. Bozdağ Türkiyənin türk kimliyinin tanıdılması, türkdilli cümhuriyyətlərlə əlaqələrin genişləndirilməsi sahəsində həyata keçirdiyi işlər barədə də məlumat verib. O, UNESCO-nın 2012-ci ildə anılacaq insanların siyahısına Yəhya Şirvaninin adını daxil etməsini mühüm qərar adlandırıb. Qənirə Paşayeva: “Avrasiyada ən böyük güc türklərdir” “Türkləşmək, islamlaşmaq və müasirləşmək şüarı ilə yola çıxan Əli bəy Hüseynzadə, sonradan türk ocaqlarını quraraq türk dünyasının gələcəyini düşünən insanların ruhu bu gün şaddır. O vaxt onlar önəmli bir düşüncə – türk dünyasının birləşməsi və güclənməsi modelini ortaya qoydular”. Bu fikirlər isə millət vəkili Qənirə Paşayevaya məxsusdur. Onun dediyinə görə,sonralar isə bu modeli alaraq dövlət siyasətinə çevirən liderlər oldu ki, bunların da başında “Azərbaycanın sevinci sevincimiz, kədəri də kədərimizdir” deyən böyük Atatürk durur: “Əsrin sonunda isə Azərbaycanın dahi lideri Heydər Əliyev bu düşüncəni davam etdirərək Türkiyəyə baxışında “biz bir millət, iki dövlətik” dedi. Bu proseslərin davamı olaraq yeni dövr gəldi. Prezident İlham Əliyev “Bir millətin iki diasporu olmaz. Xarici ölkələrdəki insanlarımızla hər yerdə bərabər olacağıq” sözləri ilə yeni mərhələyə start verdi. Bütün bunlar “Türk ocaqları”nı quran böyük insanların yolunun davamı deməkdir. Biz isə bunu daha da gücləndirməliyik. Türklərin birliyi gələcək inkişafımız baxımından çox önəmlidir. “Türk ocaqları”nın 100 illiyinin keçirilməsi bir bayramdır. Mən bu münasibətlə dünyadakı bütün türkləri təbrik edirəm. İnanıram ki, bundan sonra da qarşıya qoyulan məqsədlərə nail olacağıq. Avrasiyada ən böyük güc türklərdir. Coğrafi zənginliklərimizlə, bir-birimizlə bağlılığımızla və hər şeyimizlə biz ən güclüyük. Biz olmadan bu məkanda nəyinsə qurulması mümkün deyil. Biz bundan sonra da daha böyük məqsədlər üçün birlik və bərabərlik içində yaşamalıyıq. Biz bu birliyi Fransa Senatının qərar aldığı zaman Türkiyə və Azərbaycanın fəaliyyətində gördük. Biz həmçinin “Xocalı Soyqırımı”nın 20 illiyi ilə əlaqədar Türkiyədə Taksim meydanında insanların tək ürək olaraq səsini dünyaya çatdırdığını da gördük. Biz birliyimizi davam etdirməli, digər türk dövlətlərini daha aktivləşdirərək fəaliyyətimizi daha da sürətləndirməliyik”.
KAMİL


Bu yazı ( 115 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar