12px14px16px18px

Dünya azərbaycanlıları gəncləri Bakıda bir araya gəldi

DÜNYA AZƏRBAYCANLI GƏNCLƏR BIRLIYININ TƏSIS QURULTAYI KEÇIRILDI

01:01 / 13.03.2012  
Dünən Bakıda Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayı keçirildi. Qurultay iştirakçıları əvvəlcə Fəxri Xiyabanda Heydər Əliyevin abidə kompleksini və Şəhidlər Xiyabanını ziyarət etdilər. Qurultayda xaricdə yaşayan azərbaycanlı gənclər tərəfindən təsis edilmiş təşkilatların nümayəndələrindən, respublikada fəaliyyət göstərən gənclər təşkilatlarının təmsilçilərindən, dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil alan fəal azərbaycanlı gənclərdən, həmçinin Azərbaycan diaspor təşkilatlarının rəhbərlərindən ibarət 500-dək nümayəndə və qonaq iştirak edirdi. Qurultay çərçivəsində 3 panel üzrə müzakirələr keçirildi. Birinci paneldə “Xaricdə yaşayan azərbaycanlı gənclərin təşkilatlanması və cəmiyyətə inteqrasiyası mədəniyyətlərarası dialoqun vacib elementlərindən biri kimi” mövzusu ətrafında məruzələr edildi və müzakirələr aparıldı. İkinci panelin mövzusu “Azərbaycan lobbi quruculuğu: müasir dünyanın reallıqları və tarixi təcrübə gənclərin baxış bucağında”, üçüncü panelin mövzusu isə “Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında yeni təbliğat üsullarından istifadə və müasir informasiya texnologiyalarının tətbiqi” oldu. Qurultayda Dünya Azərbaycanlı Gənclər Birliyinin Nizamnaməsi, Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayının qətnaməsi, təşkilatın 2012-2015-ci illər üçün Fəaliyyət Proqramı və digər sənədlər qəbul olundu. Daha sonra Dünya Azərbaycanlı Gənclər Birliyinin rəhbər orqanları seçildi. Xatırladaq ki, “Azərbaycan Gəncliyi Dövlət Proqramı”na uyğun olaraq 2010-cu ilin noyabr ayında Almaniyanın Frankfurt şəhərində keçirilmiş Dünya Azərbaycanlı Gənclərinin I Konqresinin qətnaməsinə əsasən Dünya Azərbaycanlı Gəncləri Birliyinin təsis edilməsi ilə əlaqədar təşəbbüs qrupu yaradılıb. 5 iyul 2011-ci il tarixində Bakı şəhərində keçirilmiş Dünya Azərbaycanlılarının III Qurultayının qətnaməsində Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis edilməsi təşəbbüsü təqdir edilib və bu prosesin sürətləndirilməsi üçün müvafiq tədbirlərin görülməsinin zəruriliyi vurğulanıb. Qurultayın açılışında çıxış edən Gənclər Təşkilatları Milli Şurasının sədri Fuad Muradov ümummilli lider Heydər Əliyevin gənclərə hər zaman qayğı ilə yaşadığını hazırda ölkə başçısı İlham Əliyev tərəfindən bu siyasətin davam etdirildirini bildirdi. Bu gün xaricdə 50-dən çox gənclər təşkilatlarının, xüsusilə də L.Əliyevanın sədrlik etdiyi Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının uğurlu fəaliyyət göstərdiyini deyən şura sədri ölkə başçısının da gənclərin fəaliyyətini yüksək qiymətləndirdiyini bildirdi. Daha sonra qurultayda Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Prezident İlham Əliyevin təsis qurultayına ünvanladığı təbrik məktubunu oxudu. Qurultayda çıxış edən Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan gənclərini yaşadıqları, təhsil aldıqları ölkələrdə fəal olmağa çağırdı. Ə. Həsənov bildirdi ki, Azərbaycanda yaşayan gənclərlə xarici ölkələrdəki azərbaycanlı gənclər bir-biri ilə əlaqəli işləməlidir: “Bəzən Avropa Azərbaycan Cəmiyyətinin sədri Taleh Heydərov bura nümayəndə heyətləri göndərir. Belə də olmalıdır. Hər biz azərbaycanlı bacardığı işi görməlidir. Bu nümayəndə heyətlərinin Azərbaycandakı problemləri buradakı gənclərin üzərinə düşməlidir. Buradan gedən heyətləri isə xaricdəki gənclərimiz qarşılamalı və zəruri köməyi göstərməlidir. Bu anlamda yaradılacaq qurum Azərbaycanda aparılan siyasətin davamı olacaq. Bilin ki, Azərbaycan Prezidenti İlham Əliyev başda olmaqla, onun bütün komandası siz gənclərə arxalanır, güvənir və sizin inkişafınızla bağlı əlimizdən gələni etməyə hazırıq”. Norveç Azərbaycanlı Gəncləri Cəmiyyətinin rəhbəri Ramil Əliyev çıxışında təşkilatın gördüyü işlərdən danışdı. Uğurlarla yanaşı problemlərdən söz açan R.ƏIliyev bir problem kimi Norveçdə Azərbaycan səfirliyinin olmamasını göstərdi. Xaricdə Təhsil alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAİF) rəhbəri Orxan Əkbərov isə deyib ki, təşkilat yarandığı gündən Azərbaycanın təbliği istiqamətində bir sıra tədbirlər keçirib. Bu tədbirlər sırf tədbir xatirinə deyil, ölkənin tanıdılmasına yönəlib. Eyni zamanda Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində səylər göstərilməkdədir. Sonra tədbirin “Azərbaycan lobbi quruculuğu: müasir dünyanın reallıqları və tarixi təcrübə gənclərin baxış bucağında” mövzusunda ikinci paneli olub. Paneldə çıxış edən Türkdilli ölkələrin Patrlament Assambleyasının baş katibi Ramil Həsənov deyib ki, lobbi quruculuğu çox önəmli bir prosesdir. O bildirib ki, Azərbaycanı xaricdə təmsil edən insanlar orada yaşayan və işləyən şəxslərlə bərabər əməkdaşlıq etdiyi zaman lobbi quruculuğuna, Azərbaycanın tanınmasına və inkişafına böyük xeyir verə bilər. “Ona görə də xaricdə təhsil alan gənclərimiz öz təhsil müəssisələrində oxuduqları zaman və oranı bitirdikdən sonra çevrələrində olan o ölkənin vətəndaşları ilə dostluq münasibətləri qura bilirlərsə, həmin ölkənin idarəetmə sistemində aktiv olan insanlar ilə münasibətləri yaranırsa, bununla lobbi quruculuğuna və Azərbaycanın beynəlxalq münasibətlər sistemində tanınmasına öz töhfələrini vermiş olurlar” – deyə, R.Həsənov bildirib. Sonra redaksiya komissiyasının məlumatı dinlənilib, qurultay sənədləri müzakirə olunub. Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayının qətnaməsində gənclərə dövlət qayğısının artırılması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi və intellektual potensialının inkişafı istiqamətində həyata keçirilmiş tədbirlər təqdir edilir, dünya birliyi Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli naminə öz səylərini səfərbər etməyə çağrılır, xalqımızın məruz qaldığı terror və soyqırımı aktları, Ermənistanın təcavüzkar siyasətinin nəticələri barədə dünya ictimaiyyətinin məlumatlandırılması işinin bütün dünya azərbaycanlılarının müqəddəs borcu olduğu vurğulanır. Qətnamədə Dünya Azərbaycanlı Gənclər Birliyinin Nizamnaməsinin təsdiq edilməsi, bir ay müddətində birliyin dövlət qeydiyyatına alınması üçün zəruri olan sənədlərin Ədliyyə Nazirliyinə təqdim edilməsi, ofislə təmini üçün müvafiq orqanlara müraciət edilməsi qeyd olunub. Qətnamədə İslam Konfransı Təşkilatının Gənclər Forumu tərəfindən həyata keçirilən “Xocalıya Ədalət-Qarabağa azadlıq” beynəlxalq kampaniyasında gənclərin daha fəal iştirakının təmini, Xocalı faciəsinin bütün dünyada soyqırımı kimi tanınması məqsədi ilə beynəlxalq təşkilatlar, o cümlədən beynəlxalq gənclər təşkilatları, xarici ölkələrin icra və qanunverici orqanları, KİV-ri, QHT-ri ilə mütamadi iş aparılmasının zəruriliyi qeyd edilir. Qurultayda Azərbaycan Prezidentinə müraciət qəbul olunub, Birliyin 2012-2015-ci illər Fəaliyyət Proqramı təsdiq edilib. YAP Gənclər Birliyinin sədr müavini Ramil Məmmədov sonda Dünya Azərbaycanlı Gənclər Birliyinin sədri seçilib. Qurultayın sonunda konsert proqramı təqdim olunub.
PƏRVANƏ


Bu yazı ( 186 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar