12px14px16px18px

Millət vəkili “otuz minlik” erməniyə çağırış etdi

ZAHID ORUC: “ ONLARIN BURADA TƏŞKILATINI YARATMALIYIQ”

00:48 / 13.03.2012  
“Biz, Azərbaycanda, onun müxtəlif bölgələrində yaşayan otuz minə yaxın ermənilərin vətəndaş hüquqları kimi, həm də vəzifələrinin olduğunu onlara, nəhayət, xatırlatmalıyıq. Eyni zamanda, bu, böyük sayda ermənilərin kiçik qrup halında bir təşkilatını yaratmalıyıq”. Bunu “525”-ə açıqlamasında millət vəkili, Ana Vətən Partiyasının (AVP) sədr müavini Zahid Oruc dilə gətirib. Millət vəkilinin dediyinə, güman edir ki, onun bu təklifi düzgün başa düşüləcək: “ Baxmayaraq ki, işğal, təcavüz reallığı ortadadır, bu qədər itkilər var, o cümlədən, ermənilərin düşmənçiliyi fonunda Azərbaycanda humanist və ya humanitar təşəbbüslərin süngü ilə qarşılana biləcəyi də bir reallıqdır”. Lakin bununla belə, Z. Oruc hesab edir ki, zaman elə bir dövrə gəlib çatıb ki, bu təklif mütləq ortaya qoyulmalı, səsləndirilməli və dilə gətirilməlidir: “ Hesab edirəm ki, bu təklifin reallaşdırılması, həmin ermənilərin bir təşkilat ətrafında toparlanması Azərbaycanın dövlət siyasəti xəttində baş verməlidir, Qarabağ siyasətinin tərkib hissəsi kimi özünü göstərməlidir və bu ermənilər hər zaman dünya çapında Ermənistan əleyhinə öz mövqelərini sərgiləməlidirlər. Sərgiləməlidirlər ki, onlar Azərbaycanda təhlükəsiz yaşayırlar və eyni zamanda, dünyaya münasibətlərini açıq şəkildə bildirməlidirlər ki, Qarabağdakı erməniləri də məhz girova çevirən işğalçı Ermənistandır, onların ideoloqlarıdır, yaxud , oradakı millətçi dairələrdir və ya Qarabağın özündəki separatçı qüvvələrdir, ünsürlərdir, elitadır, hərbi xuntadır. Bu mənada Azərbaycanda yaşayan ermənilərin sadəcə, müxtəlif adlarla və ya soyadlarını dəyişməklə, yaxud da başqa bir formada assimilliativ prosesə getməsindənsə, bir təşkilati forma halında onların Qarabağ və Azərbaycan siyasətində iştirakı çox önəmlidir. Bir daha xüsusi olaraq vurğulayıram ki, onların vətəndaş hüquqları kimi, eyni zamanda, vəzifələri də var”. Millət vəkili deyib ki, bu təklifini parlamentin 16-da keçiriləcək növbəti iclasında, hökumətin illik hesabatı zamanı çıxışında bir daha səsləndirəcək. “Belçika bu gün dünyada bir siyasi-diplomatik mərkəz rolunda çıxış edir. Odur ki, bu ölkənin parlamentində Azərbaycanla bağlı dinləmələrin keçirilməsi mühüm bir siyasi hadisə sayıla bilər”. Bunu da məlum açıqlamasında Z. Oruc dilə gətirib. Z. Orucun dediyinə görə, həmin dinləmələrdə Belçika Federal Parlamentinin-Nümayəndələr Palarasının, həm də Senatın üzləri iştirak ediblər və bu, özü-özlüyündə Belçikanın siyasi elitasına bu regional situasiyanı çatdırmaq, Qafqazın tarixindən bəhs etmək, onun gələcəyi ilə bağlı Avropanın mövqelərinin daha düzgün, daha dürüst səviyyədə olmasına çalışmaq deməkdir. Millət vəkilinin fikrincə, paralel şəkildə Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun, xüsusilə, qrupun rəhbəri Elxan Süleymanovun fəaliyyəti nəticəsində bu dövrdə ərzində reallaşdırılan qarşılıqlı mübadilələr, müzakirələr, görüşlər sonucda ona səbəb olub ki, bu, təkcə dinləmələrlə məhdudlaşmasın , həm də Belçika Federal Parlamenti Qarabağ məsələsi ilə əlaqadar geniş müzakirələr açsın , balanslı, obyektiv bir qətnamə qəbul etsin: “ Bu isə ona səbəb ola bilər və olacaq ki, İtaliya Senatından , Almaniya Bundestaqından sonra mühüm ölkə kimi Belçikada, onu Federal Parlamentində Qarabağ məsələsi ilə bağlı hərtərəfli mövqenin gündəmə gətirilməsi ümumavropa fikrinə təsir göstərəcək, Azərbaycanın Qarabağ uğrundakı siyasi savaşında mövqelərinin güclənməsinə səbəb olacaq , paralel şəkildə bu, həm də Ermənistanın əleyhinə işləyəcək”. Millət vəkilinin bildirdiyinə görə, çünki uzun müddətdən bəri məhz həmin dövlətlərdə anti-Azərbaycan fəaliyyətinin nəticəsi kimi həm Türkiyənin, həm də Azərbaycanın ziyanına qərarlar, mövqelər, bəyanatlar hər zaman gündəmdə olub: “Həmin ölkələr də bu məsələdə bizimlə daha çox işləmələrə söz verərkən, onu vurğulayırdılar ki, bu, həm də özümüzün günahı olub. Yəni, yüz illərlə orada yaşayan ermənilər və yaxud da buradan gedən ermənilər, Ermənistan təmsilçiləri Azərbaycan əleyhinə necə deyərlər, qədərindən artıq informasiyalar təqdim ediblər. Belə olan təqdirdə, düşünürəm ki, Qarabağla bağlı gözlənilən müzakirələrin nəticəsi olaraq müvafiq qətnamənin qəbulu gələcək dövrdə digər ölkələrdə oxşar sənədlərin qəbuluna və bütövlükdə Avropa dövlətlərinin hamısında bununla bağlı vahid mövqenin formalaşmasına çalışmaq demək olacaq. Bu, mühüm bir dövlət xəttidir, xarici siyasət kursudur . Odur ki, Qarabağ məsələsi ilə bağlı diplomatik çalışmaların nəticəsi elə hesab edirəm ki, özünü ümumi siyasətimizdə, işimizdə də göstərəcək ”.
Kamil HƏmzƏoğlu


Bu yazı ( 120 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar